-
Nobel Sülh Mükafatı Kailash Satyarthi və Malala Yousafzay-a “uşaqların və gənclərin əzilməsinə qarşı və bütün uşaqların təhsil hüququ uğrunda mübarizəyə” görə verilib.
Mükafata namizədlər arasında Azərbaycan yazıçısı Əkrəm Əylisli də vardı.
"Mükafatı almağa o qədər də ümid bəsləmirdim" - deyir yazıçı "Pen klub" proqramında .O, mükafatı alanlar haqda bildirib ki, "yəqin o sahəyə diqqət daha böyükdür. Yəqin ki öz sahələrində ciddi işlər görüblər".
O söyləyib ki, mükafatın Roma papasına veriləcəyini güman edirmiş.
Ə.Əylislinin sözlərinə görə, mükafatı almasa da, namizədliyinin Nobelə təqdim olunmasının özü də kiçik məsələ deyil.
Yazıçı bildirib ki, ilk dəfədir ki, Nobelə Azərbaycan yazıçının namizədliyi ekspertlər səviyyəsində irəli sürülüb.
"Bu namizədliyi nə xalq, nə dövlət verib, ekspert qrupu verib. O qrupda İngiltərə, ABŞ, Rusiyanın elm adamları var idi".
Bundan əvvəl yazıçı Kamal Abdullanın da namizədliyi Nobel Mükafatına (ədəbiyyat üzrə) irəli sürülmüşdü. Amma Ə.Əylisli deyib ki, bunu ekspert qrupu yox, yazıçının rəhbərlik etdiyi təşkilat etmişdi.
Ə.Əylisli düşünür ki. Nobel mükafatına iddia ədəbiyyat adamından çox ciddi zəhmət, yazıçı şəxsiyyəti tələb edir: "Amma bizdə bəzi cavan yazıçılar yatıb yuxularında Nobel görürlər".
Daha sonra yazıçı başqa mövzularda da fikrini bildirib.
Şahnaz Bəylərqızı.
- İstərdim son əsəriniz olan “Dağlar deyir ki, soyuqdur” haqqında danışaq. Tənqidçilər artıq buna reaksiya veriblər, yazıçılar Seymur Baycan, Əli Əkbər də bu haqda yazıblar, onların rəyini siz necə qarşılayırsınız?
Əkrəm Ə.
- Əli Əkbərin də, Seymurun da yazısında maraqlı məqamlar var. Amma Seymur yazısının bir yerində deyir ki, Əkrəm Əylislinin dilini cavanların dilinə köçürtmək lazımdır. Mən onların hər ikisinin yazısında özümə qarşı bir xeyirxahlıq görürəm. Əgər onlar xeyirxahlığı belə bacarırlarsa, mən bunlara nə deyə bilərəm. Məsəlçün, Bakı kəndlərində çox işlənən “cüvəllağı” sözü var. Seymur yazır ki, bu sözü niyə işlədib, mənasını bilmirik.
Mən bir az təəccüb edirəm ki, Əli Əkbər İsveçrədə oturub, burda rahat yaza biləcəyi şeyləri orda yazır, bizim dissidentin vəziyyətinə baxın siz hələ. Bizimkilərin həmişə qəribə bir xülyası olur, guya xaricə gedən kimi ya Nabokov olacaq, ya Brodski, ya da Soljenitsin. Nabokov olmaq üçün dəri dəyişmək lazımdır, insan min zülmə tabe olmalıdır, insan böyük istedada sahib olmalıdır.
Şahnaz B.
- Deyəsən, Əli Əkbərin yazısı sizi bir az qəzəbləndirmişdi, Əli Əkbər yazısında yazıb ki, Əkrəm Əylisli əsərində Ramiz Mehdiyevi də tənqid etsin.
Əkrəm Ə.
- Qətiyyən əsəbiləşdirməyib. Ramiz Mehdiyevi də Əli Əkbər tənqid etsin. O, İsveçrədə oturub elə şeylər yazır ki, bunu Maştağada da oturub yazmaq olardı. Bu, sovet dövrünün ənənəsidir, yazıçıya deyirdilər ki, sən niyə bunu yazmırsan. Gənclərdə bu dərəcədə sovet əxlaqı hardandır? Mən dəhşətə gəlirəm bundan. Məsəlçün, Əli Əkbər deyir ki. Əkrəm Əylisli sırf sovet yazıçısıdır. Amma məndə Əli Əkbərdə olan sovet əxlaqının bəlkə yüzdə biri yoxdur. Mən heç kəsə deyə bilmərəm ki, get bu mövzuda yaz. O vaxt deyirdilər, niyə partiya qərarına tabe olmursunuz, niyə traktordan yazmırsan?
Şahnaz B.
- Əkrəm bəy, Ədəbiyyat üzrə Nobel Mükafatı bu il fransız yazarı Patrik Modianoya verildi. Bu yazarı tanıyırdınızmı?
Əkrəm Ə.
- Çox təəssüf, tanımıram. Nobel mükafatının yaxşı cəhəti budur ki, bu mükafatı alanlar sonradan çox tanınır, əsərlərinə diqqət artır. Məsəlçün, Orxan Pamuk o mükafatı almasaydı, indi Azərbaycanda heç kim onu oxumayacaqdı. Mənim yadıma gəlir rəhmətlik Nazim Hikmətə Nobel mükafatı verilməmişdi, o qədər sarsılmışdı ki, mən onu görmüşdüm.
Şahnaz B.
- Siz dediniz ki, Azərbaycandan heç kim bu mükafatı almayacaq. Ancaq Avropanın özündə bu mükafatla bağlı ümüdsüzlüklər var. Nə baş verir ki, ədəbiyyatda hətta mükafatı verməyə belə adam tapmaq olmur?
Əkrəm Ə.
- Bilirsiniz, cəmiyyətin belə bir qanunu var, nəhənglər az-az yetişir. Hər sahədə belədir. Sanki mənəvi enerji bizim cəmiyyətdən uzaqlaşır. Hər halda bizim dövr mənəvi cəhətdən sağlam dövr deyil. Hər gün biz yüzlərlə adamın ölüm xəbərini eşidirik. İnsan insana qarşı münasibətini dəyişməyə başlayıb. Mənə elə gəlir ədəbiyyatla dövrümüzdə baş verən bütün bu hadisələr bir-biri ilə əlaqədardır. Ədəbiyyat harmoniya sənətidir, əvvəl bu harmoniya vardı, indi biz o harmoniyanı görə bilmirik. Yer üzünün harmoniyası pozulub.
Şahnaz B.
- Azərbaycanda son zamanlar Rusiyada gedən proseslərin eynisi gedir, hüquq fəalları, azad fikirli insanlar həbs olunur. Bu yaxınlarda Anar Məmmədliyə “Vaslav Havel” mükafatı verildi. Leyla Yunus “Saxarov” mükafatına namizədlərdən biridir. Siz bir yazar kimi bütün bu baş verənlərə necə yanaşırsınız?
Əkrəm Ə.
- Mən hər cür zorakılığın əleyhinəyəm, bütün formalarını qeyri-insani hərəkət hesab edirəm. İnsanları zorla, həbsə salmaqla cəmiyyəti nə tərbiyə etmək mümkündür, nə sağlamlaşdırmaq, nə də xalqın rifahına müsbət təsir etmək. Zorakılığın bütün növləri qəbuledilməzdir. Mənə elə gəlir, bu zülmlər Azərbaycanda olmamalıyıdı. Məsəlçün, Leyla Yunus kimi bir qadını tut sal həbsə, bu qadın hər halda komfort həyata öyrəşib, xəstə insandır, bu xəstəyə zülm etmək əxlaqsızlıqdır. İndi onun haqqında bir şey deyəcəyəm, hamı çıxıb deyəcək ki, bu, erməninin dostlarındandır. Biz gərək bu əxlaqsızlığı cəmiyyətdən çoxdan götürərdik. İndi kimin kimdən xoşu gəlmir, deyir ki, bu ermənidir ya ermənipərəstdir. Bu bizim zəmanədə, siyasi boşluğun, ideoloji boşluğun göstəricisidir. İdeologiya bundan çox yuxarıda durmalıdır.