Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 23:25

Nobel mükafatını qazanan 107-ci yazıçı


Patrick Modiano
Patrick Modiano

-

İsveç Akademiyası Nobel Ədəbiyyat Mükafatının kimə verilməsiylə bağlı bütün təxmin və mərcləşmələri bir daha alt-üst etdi. Mükafat Fransa yazıçısı Patrick Modiano-ya verildi.

Ənənə pozulmayıb, ötən illərdə olduğu kimi, İsveç Akademiyasının katibi Peter Englund jurnalistlərin önünə çıxıb. Daha sonra ədəbiyyat mükafatının məhz Modiano-ya verilməsini şərtləndirən özəllikləri sadalayıb. Mediada çıxan, hələlik, çox da dolğun olmayan məlumatlara göz atanda, bu özəllikləri belə ifadə etmək olar: «Öz əsərlərində insanların qavranılması çox çətin alınyazısını duyurduğuna və işğal dönəmi yaşantıları göz önündə canlandıraraq, yaddaş sənətindəki ustalığına görə, 2014-cü ilin Nobel Ədəbiyyat Mükafatı Fransa yazıçısı Patrick Modiano-ya verilir».

FRANSADA ÇOX TANINIR

Englund nüfuzlu mükafatın yeni sahibini həm də belə tanıdıb: «Patrick Modiano Fransada çox tanınmış biridir, amma başqa yerlərdə o qədər də tanınmır. Romanlarıyla yanaşı, uşaqlar üçün yazılan kitabları və ssenariləri var. Başlıca mövzuları yaddaş, kimlik və zamandır».

Dünya mediasında ildırım sürəti ilə yayılan bilgiləri saf-çürük edərkən, onu belə də tanıtmaq olar:

69 yaşı var. Nobelli 107-ci yazıçıdır. Ondan öncə daha 10 fransız yazıçısı bu mükafata yiyələnib. Dünyaca məşhur deyil, amma eyni sözləri onun vətəni haqqında demək olmaz. Modiano 1978-ci ildə «İtkin adam» romanına görə Fransanın ədəbiyyat sahəsində ən nüfuzlu «Goncourt» Mükafatını qazanıb.

Patrick Modiano
Patrick Modiano

Atası İtaliya yəhudisi – Albert Modiano-dur. Anası Louisa Colpeyn belçikalı aktrisa olub. Ata və ananın tanışlığı, ailə qurması Parisin faşist işğalı dönəminə tuş gəlib. Modiano-nun əsərlərində o dönəmdən və uşaqlığından gələn çoxlu izlər diqqət çəkir.

FRANSADAN KƏNARDA AZ TANINIR

Modiano-nun yazıçılığa könül verməsində anasının yaxın dostu – Fransanın bir başqa ünlü nasiri Raymond Queneau-nun böyük rolu var. Əks halda gənc Patrick heç vaxt «Gallimard» kimi məşhur nəşriyyatın yaxınına düşə bilməzdi. Parisdə yaşayan və jurnalistlərlə təkəm-seyrək ünsiyyət quran Modiano, mediada çıxan xəbərlər doğrudursa, sıx-sıx «yəhudilik», «faşist işğalı» və «kimliksizlik» mövzularına üz tutur. 1968-ci ildə çapdan çıxan «Ulduz Meydanı» adlı əsəri özəlliklə Almaniyada yəhudi soyqırımına həsr edilən ən təməl kitablardan biri sayılır.

TÜRKCƏDƏ MODIANO

Modiano-nun əsərləri, hələlik, Azərbaycan dilinə çevrilməyib, amma indilik, türkcəyə çevrilmiş kitablarından yararlanmaq olar:

«Kötü Bir İlkbahar» (Pis bir yaz)

«Bir Gençlik»

«En Uzağından Unutuşun» (Sevimli, yoxsul bir adamın sanki öz-özünə alınan və get-gedə artan dostluq və sevgi münasibətlərindən söz açılır)

Patrick Modiano-nun kitabları
Patrick Modiano-nun kitabları

«Bir Sirk Geçiyor»

«Babam ve Ben».

NOBEL MÜKAFATI KİŞİLƏRİ SEVİR!

- Mükafata, əsasən, 60-64 və 70-74 yaş arasındakı yazıçılar layiq görülüb.

- «Nobel»i qazanan ən gənc yazıçının 42 yaşı olub (Rudyard Kipling).
- 2014-cü ilədək 111 yazıçıya Nobel Mükafatı verilib. Bunların cəmi 13 nəfəri qadındır.
- Nobeli ın çox Qərbi Avropa yazıçıları alıb.
- Mükafatı bugünədək ingilisdilli 27 yazıçı qazanıb.
- İsveçrəli Selma Lagerlöf 1909-cu ildə Nobel Mükafatı alan ilk qadın yazıçı olub.

- Azərbaycanın Nobelli yazıçısı, hələlik, yoxdur.

XS
SM
MD
LG