Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 12:39

Günel Mövlud. Ay millət, siz neynirsiz?!


Günel Mövlud
Günel Mövlud

-

Ən pisi də budur ki, tərəflərdən hansının qurban, hansının qatil olduğuna o dəqiqə qərar vermək bir yana dursun, heç başa düşmək, bir azca anlamaq da mümkün deyil...

Günel Mövlud

QIZININ BAŞINI KƏSƏN ATALAR

Köçkünlüyün ilk illərində yaşadığımız çadır şəhərciyini İran himayəyə götürmüşdü.

Köçkünlərə verilən ərzaqların arasında ən bol, çox olanı yaşıl noxud idi.

Deyəsən, adambaşına 5 kilo yaşıl noxud verirdilər. Arvadlar bu yaşıl noxuddan bir neçə növ yemək bişirməyi öyrənmişdilər.

Noxud əzməsi, noxud şorbası, noxud qutabı, noxudlu aş, daha nə bilim, nələr.

Gabriel Garcia Marquez-in «100 ilin tənhalığı» romanında sonuncu Aureliano Buendianın məşuqəsi deyir ki, kasıblığın icad elədiyi yeməklər çox dadlı olur. Bizim kasıblığımızın icad elədiyi, noxuddan hazırlanma yeməklər də çox dadlı idi.

Köçkünlüyün elə ilk illərində 15, 16, 17 yaşlı qızlar kütləvi surətdə ərə getməyə başladılar. Bir neçə min əhalisi olan şəhərcikdə gündə az qala on qızın qoşulub-qaçmağı xəbərini eşidirdik.

Bu gün bü məhlədəki krantın yanına su aparmağa gələn qız, iki gündən sonra iki məhəllə o tərəfdəki krantın yanına su aparmağa təzə gəlin kimi gəlirdi. Qırmızı xələti, qırmızı «Mariana» corabları da ki, öz yerində…İndi, yazdıqca yadıma düşür, heyrətə gəlirəm, doğrudan da, o nə dövr idi? O nə söhbətlər idi? Qız səhər baxışdığı oğlana axşam qoşulub qaçırdı. Ağına-bozuna baxan yox idi. Aləm dəymişdi bir-birinə…

Yadımdadı ki, o vaxt çox yaşlı qarılardan biri bu kütləvi ərəgetmələrə, qoşulubqaçmalara müdrik məişət filosofu kimi, belə bir izah vermişdi:

"Bala, hamısı bu iranlıların noxudunun zibilləridi. Yeyib, qızırlar…"

Bəşəri olmayan sualların elə məişətyana da cavabları var və ağıllı adamlar vaxt itirməmək üçün bu cavablarla da qane olurlar.

Dünən yenə bir qətl xəbəri oxudum. Ata 28 yaşlı qızının başını kəsib. Bir övlad anası olan qızı ərindən boşanıbmış. Ata isə onun başqa adamla görüşdüyündən şübhələnərək, başını kəsib. Hadisənin iki dəhşətli tərəfi var, öz dəhşəti və belə halların artıq adiləşməsinin dəhşəti.

Son aylarda elə bir gün olmur ki, ən azı bir və ya iki qətl, zorlama xəbəri oxumayaq. Bu zorlamaların, qətllərin çoxu ailə daxilində baş verir. Qatil, zorakı ya atadır, ya qardaşdır, ya da əmidir, dayıdır, əmioğlular və daha nə bilim kimin oğullarıdı…

Adam az qalır, iki əli ilə başını tutub, dəhşət içində bağırsın: Ay millət, siz neynirsiz?! Neynirsiniz siz?!

Tam səmimi deyirəm ki, çaşqınlıq içindəyəm. Sovet vaxtı bu qədər qətl, zorlama hadisəsi baş verirdi, hökumət üstünü örtürdü? Yoxsa, insanlarımız bu qədər aqressiv və əxlaqsız deyildilər? Mən bu suala cavab tapa bilmirəm. Əgər belə şeylər bu intensivliklə ancaq indi baş verirsə, onda bu camaata nə olub?

Ən pisi də budur ki, tərəflərdən hansının qurban, hansının qatil olduğuna o dəqiqə qərar vermək bir yana dursun, heç başa düşmək, bir azca anlamaq da mümkün deyil. Belə hadisələrdən biri efirə müzakirəyə çıxanda məlum olur ki, hadisənin ən fağır, ən yazıq adamı elə işdəklərdən çıxırmış ki, o fantaziya yüz il də düşünsək, bizim ağlımıza gəlməzdi. Bilmirsən, nə edirlər, nə etməyə çalışırlar, nə istəyirlər?

Uzun yubkalı bir qızı danışdırırlar, məlum olur ki, bu fağır kənd qızı məşuqu ilə birləşib, ərini baltalayıb, meyitini də doğrayıb, yığıb kisələrə və basdırıb. Amma açıq danışsa, görəcəksən ki, onun qatilliyinə nə qədər adam şərikdi. Onu zorla ərə verən ata, ərə getməsi üçün bezdirən qardaşlar, mənəvi terror edən anası, evində gəlin kimi məhz uzun yubkalı kənd qızı görmək istəyən qaynana, qırx yaşına qədər Rusiyada kef eləyib, sonra gəlib, 16 yaşlı qızla evlənmək istəyən əri, evdə gününü qara edən baldız, qayın, qaynata…

Evlənən saxtalıqla evlənir, boşanan saxtalıqla boşanır, saxtalıqla uşaq doğur, saxtalıqla münasibət saxlayır, saxtalıqla toya gedir, tanış olur, dostlaşırlar. Ən xırda, ən insani olmağa məcbur münasibətlər belə səmimi deyil. Böyük bir ölkə, bütöv bir xalq oyun oynayır. Hamı da bir-birinin oyunundan xəbərdardı, amma heç kim üzə vurmur. Hamı da bilir ki, qarşısındakı bilir.

Amma səbəb nə olursa, nəticədən kimlər zərər çəkirsə, çəksin, ən böyük qurbanlar gənclərdi, uşaqlardı. Buna görə də, gənc müstəqil həyat yaşamağı bacarmalıdı. Bunun üçün də maddi müstəqillik lazımdı. Maddi cəhətdən valideyndən asılı olmaq olmaz.

Asılı olsan, qızsansa istədiklərinə ərə verməyə çalışacaqlar, oğlansansa, istədiklərini sənə almağa çalışacaqlar. Həyatını idarə etmək istəyəcəklər, aldıqları paltarı, verdikləri pulu başına qaxacaqlar. Evləndikdən sonra da rahat buraxmayacaqlar. Təzə qurduğun ailənin işinə qarışmağa çalışacaqlar. Sənin yerinə qərar vermək istəyəcəklər. Həyatınla rəsmən oynayacaqlar. Bəli, bizimkilər bunu bacarır.

Belə şeylərə icazə vermək olmaz. Buna görə də, gənc erkən yaşlarında oxumalı, vaxtı çatanda tez işləməli və özünü dolandıra bilməlidi. Özünə savadlı, ciddi, işgüzar dostlar tapmalı, sağlam çevrə yaratmalı, dəyərli insanlarla oturub-durmalıdı. Bir insanın qazana biləcəyi ən qiymətli şeylərdən biri də, onun dostlarıdı, çevrəsidi.

Xoşbəxt, rahat həyatın zəminlərindən biri də ciddi, maraqlı, dəyərli dostlardı, sağlam çevrədi. O çevrə ki, sənə düz yol göstərir, səni həqiqətə yaxınlaşdırır, vaxtında dəyərli məsləhətlər verir, yanlış addımlardan saxlayır. O insanlar ki, müstəqil həyatında sənə mənəvi dəstək olur.

Müstəqil adamın qurduğu ailə də müstəqil olur. Müstəqil ailədə doğulan uşaq da sözün tam mənasında təmiz, xoşbəxt, intriqasız həyat yaşaya bilir. İcazə verməyin, lap doğma atanız, ananız, qardaşlarınız, bacınız da olsa, əgər onlar layiq deyillərsə, əgər onlardan işıq, xeyirxahlıq, insanlıq gəlmirsə, uşaqlarınızın bu adamların əhatəsində böyüməsinə imkan verməyin. Onlar sizin övladınıza yaxşı heç nə öyrədə bilməzlər.

Əlbəttə, onlarla, yüzlərlə yaxşı, maraqlı, savadlı, ciddi valideynlər də var. O valideynlər ki, uşaqlarına dəstək olmağı, onların qərarlarına hörmət etməyi bacarırlar. O valideynlər ki, onlar uşaqlarının əllərinə oyuncaq sayı ilə kitab veriblər. Hər gün öz övladlarına sevgilərini göstəriblər. Onlar sevgiyə də, övladın hörmətinə-ehtiramına, bağlılığına da dəyərlər.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG