Iraqın 2-ci böyük hərbi bazası İŞİD mühasirəsinə düşür
Bazar ertəsi strateji əhəmiyyəti olan Anbar əyalətindəki Hit şəhərinin İslam yaraqlılarının əlinə keçdiyi haqda xəbərlər yayılıb. Reutersin məlumatına görə, Hit şəhərinin yaxınlığındakı hərbi bazanı müdafiə edən İraq ordusunun hissələri ağır döyüşlərdən sonra təqribən 40 kilometrlik şimal-şərq istiqamətində, Xan al Baqdadi kəndi yaxınlığında yerləşən Asad hərbi bazasına çəkiliblər.
Xəbər verilir ki, hərbi hissənin komandiri Hit yaxınlığındakı bazanı vertolyotda tərk edib, əsgərlər isə hərbi texnika karvanı ilə Asad bazasına keçiblər. İraq hərbçilərinin fikrincə, Hit şəhərini saxlamaq üçün əsgərləri İŞİD-ın daimi hücumları qarşısında müdafiəsiz qoymaq əvəzinə Asad bazasına çəkilib oranın müdafiəsini gücləndirmək daha məqsədəuyğundur. Bu xəbəri AFP Ramada şəhərinin polis rəisinə istinadən yayır. Xəbərdə bildirlir ki, Hit şəhəri tamamilə İŞİDın nəzarətindədir.
Şəhəri ələ keçirən cihadçıların hərbi texnika da daxil olmaqla xeyli qənimət ələ keçirdikləri bildirilir.
Asad İraqın 2-ci ən böyük hərbi bazasıdır. Baqdaddan təqribən 160 km qərbdə yerləşən bu baza İŞİDın nəzarəti altında olan ərazilər arasında ada kimi qalıb. Onun müdafiəsi İraq ordusu üçün həyati əhəmiyyət kəsb edir. Yaraqlılar Asadı da ələ keçirsələr, artıq İraqın paytaxtına hücum üçün əlverişli mövqe qazanmış olurlar.
Anbar vilayətində gedən döyüşlər ABŞ koalisiyasının İŞİDə qarşı həyata keçirdiyi hava hücumlarının nəticə vermədiyinin daha bir nişanəsidir. Suriyanın Kobani (Ayn al Arabia) şəhərindəki kimi Anbar vilayətində də ardıcıl hava zərbələrinə baxmayaraq İŞİD yaraqlı birləşmələri sanki heç nə olmayıbmış kimi hərbi əməliyyatlarını davam etdirərək hərbi təşəbbüslərini daha da artırırlar.
BMT-nin məlumatına görə, ağır döyüşlərin getdiyi Anbar əyalətində 180 min adam evlərini tərk edib qaçmağa məcbur olub.
İŞİDla bağlı sənin fikrin nədir?
Oxucumuz yazır ki, (şərhi tam olaraq bloqun altındakı forumda oxumaq olar) 200 minlik Səddam ordusunu məhv edən ABŞ-ın sayca xeyli az olan islamçılara qarşı aciz qalması şübhəli görünür.
Sənin də İŞİDla bağlı fikir və mülahizələrin varsa, forumda yaza bilrəsən.
Bilridinmi? İŞİD adını niyə İD-yə dəyişib...
Vaxtilə Əl Qayda şəbəkəsinin İraq qruplaşması kimi fəaliyyətə başlayan radikal islamçılar Suriyada vətəndaş müharibəsinin alovlanması ilə Bashar Assad rejiminə qarşı döyüşlərə qoşuldular. Uzun müddət məhz Suriyadakı döyüşləri ilə yadda qalan bu qruplaşmaya müxtəlif ölkələrdən gələn cihadçılar qoşulurdu. Bu ilin iyun ayında gözlənilmədən İraqın bir sıra böyük şəhərlərini ələ keçirəndən sonra dünya mediası həmin yaraqlıları İŞİD adı ilə təqdim etməyə başladı. Sonradan İŞİD adını İD əvəz etdi. Addəyişmə səbəbini burada oxu