-
Elmir Muradov:
- Məncə, əgər bu, İran televiziyasıdırsa, Azərbaycan dilində verilişdə ləhcə olmalıdır, İran şivəsi deyilən bir şey var.
Babək Muğanlı:
- Söhbət ləhcədən getmir, cümlə farsa-ərəbcə sözlərlə doldurulur. Niyə? Axı orda da eyni sizin kimi azərbaycanlılardır...
İranda Azərbaycan türkcəsində televiziya verilişləri: Onlar Azərbaycan ədəbi dilinə uyğun sayıla bilərmi?
Yuxarıdakı verilişin dili İranda Azəri dili adlandırılır. Amma bəziləri buna "Fazəri" də deyir - farsca və türkcənin qarışığı anlamında.
"Pen klub"dakı debata jurnalist Elmir Muradov, İrandan olan azərbaycanlı fəal Babək Muğanlı, jurnalist Vüsal Hətəmov və Türkiyədə yaşayan İran Azərbaycanından olan fəal Rəhim Cavadbəyli qatılıblar.
İranın Azərbaycanda səfərdə olan Radio-Televiziya Təşkilatının sədri Ezzatollah Zarghami oktyabrın 14-də keçirilən mətbuat konfransında İranda Azərbaycan dilində 24 saat yayımlanacaq televiziya açılacağını bildirib.
Babək Muğanlı:
- Belə bir televiziya tam ana dilində açılarsa, əlbəttə çox xoşbinəm, yaxşı baxıram. Həmin televiziyaya Ərdəbildəki, Təbrizdəki vilayət televiziyalarındakı işçiləri göndərəcəklərsə, verilişlər ana dilində olmayacaqsa, bu layihə alınmayacaq. Təbriz, Ərdəbil televiziyalarında Azərbaycan dilində danışmalarını görmürəm. Mübtəda və cümlənin axırını dəyişmək Azərbaycan dili deyil. Ortada farsca sözlər deyilir.
Şahnaz Bəylərqızı:
- Efirdə bu cür danışığın səslənməsinə səbəb nədir? Ana dilini təmiz bilən aparıcılar yoxdurmu?
B.Muğanlı:
- Niyə yoxdur ki. Var, dövlət onları işə götürmür. Bu dövlətin bilərəkdən apardığı siyasətdir. Bu televiziya da əvvəlkilər kimi olacaqsa, açılmamış camaatın gözündən düşəcək. Bu televiziya nə xarakter daşıyır, hansı təxribatlar var, onu qabaqcadan deyə bilmərəm. Gedişata baxarıq. Bəlkə də sırf Azərbaycan dilində oldu.
Elmir Muradov:
- Babək bəydən fərqli olaraq bu televiziyanın açılmasını təqdirəlayiq sayıram. İndiyə qədər Azərbaycan dilində 24 saat yayımlanan kanal olmayıb. Azərbaycan dövləti olaraq da bunu dəstəkləməliyik. Dəstəyi verməliyik ki, orda genişlənsin, çünki nəticədə bu, Azərbaycan üçün yaxşı bir şeydir. Orda milyonlarla azərbaycanlı yaşayır, yəqin onları işə cəlb edəcəklər. Bu da Azərbaycan dilinin inkişafına töhfə verə bilər. Bütün hallarda alqışlayıram.
Ş.Bəylərqızı:
- Babək bəy həmin kanallarda səslənən Azərbaycan dilindən narazılıq etdi. Siz nə düşünürsüz?
E.Muradov:
- Məncə, ləhcə olmalıdır, İran şivəsi deyilən bir şey var.
B.Muğanlı:
- Söhbət ləhcədən getmir, cümlə farsa-ərəbcə sözlərlə doldurulur. Niyə? Axı orda da eyni sizin kimi azərbaycanlılardır...
E.Muradov:
- Heç kim təminat verə bilməz ki, sabah o kanal açılacaq və orda sizin dediyiniz kimi fars dilində danışacaqlar. İndidən heç kimi mühakimə edə bilmərik. İran rəsmisi burda bu bəyanatı verirsə, demək vəziyyət başqa cürdür. İranla Azərbaycan münasibətlərinə nəzər yetirəndə görürük ki, böyük sıçrayışlar var, inkişaf var. Belə güman edirəm ki, o kanal həm ordakı azərbaycanlılar, həm də bizim dövlət üçün böyük işlər görəcək. İran rəsmisi televiziyanın Azərbaycan dilində olacağını deyirsə, deməli Azərbaycan dilində olacaq.
Ş.Bəylərqızı:
- Babək bəy iddia edir ki, Azərbaycan dilində təmiz danışanları bilərəkdən işə götürmürlər.
E.Muradov:
- İndidən belə iddianı səsləndirmək absurddur. İran rəsmisi Azərbaycanda bəyan edirsə ki, kanal Azərbaycan dilində olacaq, bunun həqiqiliyinə varmaq lazım.
B.Muğanlı:
- Bunu dünyanın o başında da bəyan edə bilərdi, bunu Azərbaycanda bəyan etməsi önəm daşımır. Söhbət ondan gedir ki, ana dilində televiziya açırsa, onda ana dilinə görə toplananları niyə tutur? Mən o rejimdə yaşadığım üçün bilirəm ki, artıq bir şey olmayacaq. Orda bir veriliş gedəcəksə, qüzeyli ya güneyli qardaşlarım onu anlamayacaqsa, onun olmağından olmamağı yaxşıdır.
E.Muradov:
- Razıyam Babək bəylə...
B.Muğanlı:
- Mənim bir dostum televiziyada işləyirdi. Şair olduğuna görə təmiz danışırdı ana dilində. Buna görə onu televiziyadan uzaqlaşdırdılar. Bunları mən görmüşəm. Aparıcılar seçilir və göstəriş verilir ki, belə danışacaqsız. Özbaşına qoysalar çox təmiz danışar ana dilində. Mənə 24 saat televiziya lazım deyil. Konstitusiyanın tələbinə uyğun uşaqlar ana dilində məktəbdə oxusunlar, sonra televiziya açsın.
E.Muradov:
- Siz neçə il əvvəldən danışırsız. Amma indi vəziyyət düzəlib. Burda belə təşəbbüs varsa demək vəziyyət yaxşılaşıb. Bu kanal fars dilində də olsa, Azərbaycanın mənafeyinə xidmət göstərəcək.
Vüsal Hətəmov:
- Mən verilişdən qabaq bəzi ekspertlərlə məsləhətləşirdim. Onlar dedilər ki, bu kanalda yalnız Azərbaycan dilində danışılacaq. Burda Azərbaycan Respublikasında danışılan ədəbi dil nəzərdə tutulub. Vilayət kanalları var, o verilişlərin keyfiyyətcə fərqləndiyi deyilir. Düzdür, qarışıqlıqlar var. Bunun üçün Azərbaycan türkləri orda sivil qaydada fəal olmalıdırlar. Dilin assimilyasiyası gedir. Amma 17-18-ci əsr Osmanlı dili ilə indiki Türkiyə türklərinin danışığı fərqlidir. Bu gün çətin bir-birini başa düşər. Sovet dövründə kimlərsə evində belə rusca danışırdısa, indi ingiliscə danışığa meyllənirlər. Dilimizdə fars sözləri çoxdur, bunun da tarixi səbəbi var. Azadlıq Radiosuna baxaq. Azadi fars sözüdür, radio Qərb. Babək müəllimlə razıyam ki, İran verilişlərində bircə mübtəda, xəbər Azərbaycancadır... Biz orda Azərbaycan dilinin bərpasını istəyiriksə məsələyə daha çox tələbat kimi baxmalıyıq. Özlərini fəal göstərənlər bizim dilin saflığını, varlığını istəyirsə, o dil orda inkişaf edəcək, yox əgər Qərbin layihəsi olsa, Azərbaycan dilinin ölməsini istəyirlərsə bunun fatihəsi verilməlidir... Bir də bu televiziya kanalı ilə bağlı 2-3 ildir iş gedir, təsadüfi bir şey deyil.
Proqramın videoyazısı