-
Ötən həftə Milli Məclis «Hərbi qulluqçuların statusu haqqında» Qanuna dəyişiklikləri müzakirəyə çıxardı. Həmin dəyişiklikdən biri hərbi qulluqçuların ölkəni tərk etmələrinin məhdudlaşdırılması ilə bağlı idi:
«Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə qulluq edən hərbi qulluqçular (hərbi attaşelər, hərbi nümayəndələr və onların köməkçiləri istisna olmaqla), habelə Azərbaycan Respublikasının hüdudlarından kənarda beynəlxalq hərbi təlimlərə, antiterror, xilasetmə və xidməti zərurətlə bağlı digər tədbir və ya əməliyyatlara cəlb olunan müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçular müvafiq icra hakimiyyəti orqanlarının rəsmiləşdirilmiş icazəsi olduqda Azərbaycan Respublikasından gedə bilərlər».
Hərbi ekspert Üzeyir Cəfərli bu dəyişikliyi təqdir edir: «Əslinə qalsa burda heç bir yenilik yoxdur. İndiyədək də belə tələb vardı ki, hərbi qulluqçular ölkədən çıxarkən mütləq rəsmi icazə almalıdırlar. Son zamanlar buna elə də önəm verilmirdi, səthi yanaşırdılar. Əlbəttə bu yolverilməzdir. Bizim bəzi hərbi qulluqçularımız rəsmi icazə olmadan məzuniyyətlərini istədikləri vaxt ölkə hüdudlarından kənarda keçirirdilər. Bu da risklərə rəvac verir. Onlar ölkədən çıxan kimi bizə o qədər də müsbət münasibəti olmayan dövlətlərin xüsusi xidmət orqanlarının törədə biləcəyi təhlükələrlə üz-üzə qalırlar. Yəni onları oğurlayar, hərbi sirləri ala bilərdilər. Hərbi hissə komandirləri və başqa bu cür məlumatlı vəzifə sahibləri zərərsizləşdirə bilərdi və s.»
Üzeyir Cəfərli deyir ki, qanuna dəyişiklikdən sonra vəziyyət düzəlir: «Bundan sonra hərbi qulluqçular müvafiq qurumlara harada və nə qədər müddət olacaqları haqda rəsmi məlumat verəcəklər. Onların ölkədən çıxıb-çıxmaması haqda artıq rəsmi qərar olacaq. Məsələn, həmin şəxs birinci dərəcəli dövlət sirrinə, məlumatlarına malikdirsə onların ölkə xaricinə çıxışı yasaqlanır. Hətta hərbi xidmətdən tərxis olunduqdan bir neçə il sonra da (keçmiş SSRİ-də bu müddət 5 il idi) ölkədən qırağa çıxa bilməzlər. Bu normaldır».
Üzeyir Cəfərli ümid etmək istəyir ki, qanunun tətbiqi təkcə siravilərə yox, yüksək vəzifə sahiblərinə də şamil olunacaq.