İsveç rəsmiləri bildiriblər ki, Wikileaks saytının banisi Assange-dan Londondakı Ekvador sıəfirliyində ifadə alınmasına dair Britaniyanın təklifini öyrənirlər.
Britaniya Xarici İşlər Nazirliyi bəyan edib ki, Assange-ın İsveçdə keçiriləcək məhkəməsindən əvvəl onun Londonda Marianne Ny tərəfindən dindirilməsinə etiraz etmir.
İsveçin baş prokuroru xanım Ny deyib ki, hazırda Julian Assange-ın Londondakı Ekvador səfirliyində dindirilməsinin mümkünlüyü məsələsini araşdırır.
Assange-ın vəkilləri London və Stokholm arasında baş vermiş bu mükaliməni dalana düşmüş məsələnin həlli istiqamətində mühüm addım adlandırıblar.
Gələn həftədən gec olmayaraq İsveçin Appelyasiya Məhkəməsi Assange barəsində Avropa həbs orderinin ləğvinə dair vəkillərin vəsatətinə baxmalıdır.
Julian Assange artıq iki ilə yaxındır ki, Ekvadorun Londondakı səfirliyinə sığınıb.
Onun vəkilləri narahatdırlar ki, Assange İsveçə təslim edilərsə, sonradan ABŞ məhkəməsi qarşısına çəkilə bilər.