Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 00:43

Oqtay Haqverdiyev: «Neft ucuzlaşır… Azərbaycan banan yetişdirə bilməz…»


Oqtay Haqverdiyev
Oqtay Haqverdiyev

-

Noyabrın 4-də London birjalarında «Brent» markalı neft 2.3 faiz ucuz – 83 dollara satılıb. Bu son 3 ayla müqayisədə 24 faiz dəyər itirmək deməkdir. İqtisadçı Qubad İbadoğlunun hesablamalarına görə, bir barrel neftin 110 dollardan 84 dollaradək ucuzlaşmasından Azərbaycan gündə 10 milyon, ayda 300 milyon, ildə 3 milyard 600 milyon dollar itirir.

Neftin qiymətinin dəyişməsi, təbii ki, bazara da təsir göstərir. Başqa sözlə, tutalım, benzinin qiyməti yüksələndə çörəyin də qiyməti artır və əksinə. Neftin ucuzlaşdığı indiki dövrdə Azərbaycanda, hələlik, hansısa təsirlər gözə çarpmır. AzadlıqRadiosunun iqtisadçı Oqtay Haqverdiyevə ilk sualı da bu barədə oldu:

– Son 3 ayda dünya bazarında neftin qiyməti 24 faiz ucuzlaşıb. Bunun təsirlərini bazarda necə görə bilərik?

– Azərbaycanda neft məhsullarının qiymətini dövlət tənzimləyir, amma tutalım, Türkiyə və ya Qərb ölkələrində bazar. Nefti neçəyə alırlarsa, rentabelli faizlə satırlar. Yəni dünya bazarında qiymətlər ucuzlaşırsa, daxili bazarda da ucuzlaşma müşahidə olunur. Amma Azərbaycanda bu sahə dövlət nəzarətində olduğundan qiymətləri də dövlət tənzimləyir. Neft məhsullarının – dizel, mazut və benzinin də istehsalı dövlətin nəzarətindədir. İstehsal sahələri özəlləşsəydi, azad rəqabətli bazar olsaydı, Azərbaycanda da ucuzlaşma gözə çarpardı. Hələlik, bu sahə Azərbaycanda tam inhisardadır. Qiymətləri dünya bazarına uyğun deyil, öz istəklərinə uyğun müəyyənləşdirirlər. Azərbaycan hökuməti deyir ki, mənim Tarif Şuram var və qiymətləri bu şura müəyyənləşdirir. Tarif Şurasının özü də elə dövlət deməkdir. O üzdən Azərbaycanda ucuzlaşma yoxdur.

– Neftin ucuzlaşması Rusiyada rublun məzənnəsinə də təsir edir. Amma Azərbaycan manatı, hələ ki, sabitdir. Sizcə, manatın dəyərini stabil saxlamağa Azərbaycanın yetərincə imkanı var?

– Bunu öncədən hesablamaq çox çətindir. Bu, hökumətin məzənnəni stabil saxlamaq siyasətini nə qədər davam etdirəcəyindən asılıdır. Düşünürəm ki, manatın məzənnəsi bir neçə il stabil qalacaq. Çünki ilk öncə əhalinin yaşayış səviyyəsini təxminən 30-40 faiz yüksəltmək lazımdır. Yalnız bundan sonra valyuta bazarını liberallaşdırmaq – sərbəst buraxmaq olar.

– Azərbaycanın 53 milyard ehtiyatı olduğu bildirilir. Sizcə, Azərbaycan bu valyuta ehtiyatına nə dərəcədə güvənməlidir? Digər xərclər də nəzərə alınsa, Azərbaycan manatın məzənnəsini sabit saxlamağa neçə il tab gətirə bilər?

– Hələ ki, Azərbaycan dövləti manatın məzənnəsini sabit saxlamaq siyasətini seçib. Bu, elmi baxımdan düzgün siyasət deyil, amma sosial baxımdan düzgündür. Çünki Azərbaycan əhalisinin əksər hissəsinin yaşayış səviyyəsi yüksək deyil.

– Neft ucuzlaşması uzun sürəcək?

– Lap elə bareli 100 dollar olanda da, neftin indiki qiyməti spekulyativ qiymətdir. Azərbaycan neftinin öz maya dəyəri 20 dollardır. Amma son zamanlar neftin ucuzlaşması yalnız bununla bağlı deyil. Qiymət düşümünə bir neçə amil təsir göstərir. Bunlardan biri geosiyasi gərginlikdir. Digəri – dünyada neft hasilatının çoxalmasıdır. Tələbə nisbətdə təklif çoxalıbsa, qiymət düşümü normaldır. 2008-ci ildə qiymət 40 dollara düşmüşdü. Axı tələbatdan qat-qat çox neft vardı. Geosiyasi təsirləri inkar etmirəm. Rusiya ilə Qərb arasında yaranan gərginlik də buna təsir göstərir.

– Söylədiklərinizi toparlasaq, neftin ucuzlaşma prosesinin davam edəcəyini deyə bilərik?

– Düşünürəm ki, davam edəcək. Hələ dünyada iri neft hasilatçısı İran da var. İrana qarşı sanksiyalar hələ tam aradan qaldırılmayıb və həmin sanksiyaların götürülməsi üçün danışıqlar gedir. Sanksiyalar götürüləndən sonra neft daha da ucuzlaşa bilər. Fikrimcə, gələn il neftin qiyməti 60 dollar civarında və ya 50-70 dollar arasında olacaq. Bu, ən optimal qiymətdir.

– Bəs neftin ucuzlaşması Azərbaycana, onun iqtisadiyyatına necə təsir göstərəcək?

– 2008-ci ildə – neftin qiyməti 40 dollara düşəndə, bank sektoruna 2 milyard yatırıldı. Vəziyyətdən çıxa bildik. O vaxt neftin ucuzlaşmasının ölkəyə ciddi təsiri sovuşduruldu.

– Amma indi «Rosneft»in – Rusiya Dövlət Neft Şirkətinin gəlirləri, az qala, 100 faiz azalıbsa və Azərbaycanda vəziyyət Rusiyadan elə də fərqli deyilsə, necə düşünmək olar ki, neftin ucuzlaşması Azərbaycana təsir göstərməyəcək?

– Tətbiq edilən sanksiyalar göstərir ki, Rusiya vəziyyətdən çıxa bilmir. Çıxa bilmək üçün yetərli potensialı yoxdur. Rusiya iqtisadiyyatı uçuruma doğru gedir.

– Yəni demək istəyirsiniz ki, Rusiyanın aqibəti Azərbaycanı da gözləyə bilməz?

– Sizə bəzi statistik göstəriciləri söyləyim, durumu özünüz anlayın. Rusiyada valyuta ehtiyatları son aylarda 12 milyard azalaraq 450 milyarda düşüb. Azərbaycanın ehtiyatları 53 milyarddır. Adambaşına götürəndə, Azərbaycanda bir nəfərə 7 min 800 dollar, Rusiyada isə 3 min 200 dollar düşür. O boyda Ukraynanın cəmi 12 milyard, Belarusun 8 milyard dollar valyuta ehtiyatı var. Bütün bunlar əsas şərtlərdir. Bununla belə, Azərbaycan hökuməti başlıca diqqəti neftdənkənar sektorun inkişafına yönəltməlidir. Ölkəmizin təbiəti yalnız banan yetişdirməyə əlverişli deyil, qalan hər şeyi yetişdirmək olar. Kənd təsərrüfatının inkişafına ayrıca diqqət yetirilməlidir. Düzdür, dövlət proqramları var, amma onların icrası ürəkaçan deyil.

XS
SM
MD
LG