Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 22:36

Jurnalistin qətlini müstəqil istintaq araşdıracaq


Anna Politkovskaya oktyabrın 10-da Moskvada dəfn olunacaq
Anna Politkovskaya oktyabrın 10-da Moskvada dəfn olunacaq
Anna Politkovskayanın qatillərinin axtarışı hələlik bir nəticə verməyib. İstintaqın əlində yalnız xarici müşahidə kamerasının çəkdiyi keyfiyyətsiz videoyazı var. Qətlin əsas versiyası kimi jurnalistin peşə fəalliyyəti nəzərdən keçirilir. İstintaqı Rusiyanın Baş Prokurorluğu aparır. Lakin Politkovskayanın «Novaya Qazeta»dan olan həmkarları və digər jurnalistlər, insan haqları müdafiəçiləri rəsmi istintaqın uğurlu olacağına inanmırlar. Onlar özləri müstəqil təhqiqat aparmaq barədə qərar veriblər. Son zamanlar Anna PolitkovskayaÇeçenistanda insan haqlarının pozulması və işgəncələr mövzusunda araşdırma aparırdı. Araşdırmanın mərkəzində isə Çeçenistanın Baş naziri Ramzan Kadırovun hərəkətlərı dayanırdı. Lakin Moskvadakı Ekstremal Jurnalistika Mərkəzinin rəhbəri Oleq Panfilov deyir ki, qətlin Çeçenistan mövzusu ilə bağlı olması onda heç bir şübhə doğurmur: «Qətli kim sifariş edib, Anna Politkovskayanın ölümü kimə xeyir verib? Düşünürəm ki, bu suallara müstəqil istintaq cavab verəcək. Niyə müstəqil istintaq? Çünki son 10-12 ildə bir dənə də olsun jurnalistin qətlinin üstü axıra kimi açılmayıb».

«Novaya Vremya» qəzeti isə Politkovskayanın qatilinin həbsinə aparacaq informasiya üçün 930 min dollar mükafat təklif edir.


Qəzet Politkovskayanın qətlini Çeçenistanın Baş naziri Ramzan Kadırovun qisası və ya onu ləkələmək istəyənlərin təxribatı kimi qiymətləndirib.


48 yaşlı Anna Politkovskaya Rusiya prezidenti Vladimir Putinin Çeçenistandakı kampaniyasının kəskin tənqidçisiydi.


Anna Politkovskayanın «İyrənc müharibə - Rusiya reportyoru Çeçenistanda» və «Cəhənnəmin kiçik güşəsi» adlı kitablarında Çeçenistandakı çoxsaylı insan haqları pozuntularından bəhs edilir. Öldürülməmişdən qabaq Politkovskaya Çeçenistandakı işgəncələr barədə son araşdırmasını redaksiyaya təhvil verməyə hazırlaşırdı.


«Azadlıq» radiosunun rus xidmətinə son müsahibəsində o, məqaləsində Kadırovun silahlı dəstəsini ifşa edən materialların olacağını demişdi: «İş masamın üstündə iki foto var. Mən Kadırovun həbsxanalarında bu gün baş verən işgəncələr barədə araşdırma aparıram. Bu adamlar kadırovçular tərəfindən naməlum səbəblərə görə oğurlanıblar və onlar olüblər. Onların bədənlərində işgəncə yerləri var».


Həmin müsahibəsində Politkovskaya 30 yaşı keçən həftə tamam olmuş Ramzan Kadırovu «zəmanəmizin Stalini» və «dişəcən silahlanmış qorxaq» adlandırır: «Şəxsən mənin Kadırovun ad günündə bir arzum var. Mənim arzum onu məhkəmədə, müttəhim kürsüsündə görməkdi, hardakı məhkəmə qanunun bütün ağırlığıni tədbiq edərək onun bütün cinayətlərini sadalayardı və araşdırardı».


Anna Politkovskayanın bu cür açıq bəyanatları ona baha başa otururdu. Hələ 2004-cü ildə jurnalist Beslan hadisələri zamanı onu zəhərləmək cəhdinin olduğunu bəyan etmişdi. O, həmçinin həmkarlarına Kadırov və onun adamları tərəfindən müxtəlif hədələrə məruz qaldığını bildirirdi.


Ramzan Kadırov dünən jurnalistin qətlini pisləyən bəyanatla çıxış edib. O, bu hadisədən «kədərləndiyini və sarsıldığını bildirib».


Nyu-Yorkdakı Jurnalistlərin Müdafiə Komitəsinin məlumatına görə, Sovet İttifaqı dağılandan sonra Rusiyada 42 jurnalist öldürülüb. Sifarişli qətllərin 12-si Putinin prezidentliyi dövrünə təsadüf edir.


Anna Politkovskaya oktyabrın 10-da Moskvada dəfn olunacaq.


XS
SM
MD
LG