-
«Vaxtilə AzadlıqRadiosunda çalışmış əməkdaşlar haqqında daha geniş bilgilərə ehtiyac var».
Bu sözləri AzadlıqRadiosunun «İz» proqramına «Münhendə qətl» radiodastanının bələdçisi Nəsiman Yaqublu söyləyib.
«DÜDƏNGİNSKİ HAQQINDA KİTAB ÜZƏRİNDƏ İŞLƏRKƏN...»
Onun dediyinə görə, Əbdürrəhman Fətəlibəyli-Düdənginskinin həyat və fəaliyyəti geniş araşdırılmayıb: «Onun haqqında kitab üzərində işlərkən, diqqətimi çəkən bir neçə məqam oldu. Birincisi, AzadlıqRadiosunda çalışmış azərbaycanlılar barədə geniş bilgilər əldə etməyə ehtiyac var. İkincisi, o dövrdə AzadlıqRadiosunda gedən lent yazılarını toplamaq lazımdır, axı bu, bizim tariximizdir. Görün, ilk vaxtlarda orda kimlər çıxış edib, – Fətəlibəylinin baş redaktor olduğu dövrü deyirəm, – Məhəmməd Əmin Rəsulzadə AzadlıqRadiosunda çıxış edib! Ceyhun Hacıbəyli, Əkbərağa Şeyxülislamov... Məndə onların siyahısı var. Çıxışların mətni qalıb. Altında da yazıblar ki, bu yazı AzadlıqRadiosunda səsləndirilib (AzadlıqRadiosunun arxivi indi ABŞ-da qorunur – S.İ.). İsmayıl Əkbərin, Məcid Musazadənin, Mustafa Vəkillinin, Süleyman Təkinərin, Məhəmməd Kəngərlinin səsləri, – bunlar bizim tariximizdir. Bu zəngin sərvəti toplamaq, Azərbaycana gətirmək və yeni nəslə çatdırmaq lazımdır».
«ALMANİYA VƏ RUSİYA ARXİVLƏRİ ARAŞDIRILMALIDIR»
Nəsiman Yaqublu Almaniya arxivlərini də ciddi şəkildə öyrənmək zərurətini vurğuladı: «Özəlliklə Potsdam arxivini. Həm Fətəlibəyli-Düdənginski, həm də Azərbaycan legionerləri ilə bağlı materiallar olduğu üçün. Rusiyada da bu insanların fəaliyyətinə dair ciddi sənədlər var, xüsusən hərbi arxivlərdə. Çünki Fətəlibəyli hərbi akademiyada oxuyub. Bütün bunları dövlət səviyyəsində həll edib Azərbaycana gətirmək lazımdır».
«CAMALİ XAÇ İLƏ QIZIL YILDIZ ARASINDA»
Nəsiman Yaqublu cümhuriyyət dönəmini araşdırarkən tez-tez Fətəlibəyli-Düdənginskinin adına rastladığını deyir: «Mühacirlərin çoxunun xatirələrində və nəşr edilən mühacirət mətbuatında, xüsusən, «Azərbaycan», «Mücahid» jurnallarında mən tez-tez «Düdənginski» imzasına rast gəlirdim. Beləcə, onun haqqında məlumat toplamağa başladım. İlk geniş informasiyanı vaxtilə Türkiyədə yaşayan hörmətli ağsaqqalımız – mərhum Məhəmməd Kəngərlidən aldım. 1989-cu ildə Türkiyədə Rəsulzadə ilə bağlı araşdırmalar apararkən Düdənginski barədə də bəzi faktlar öyrəndim. Bir qədər sonra Türkiyədə maraqlı bir kitaba – alman müəllifi Mühlenin «Camali xaç ilə qızıl yıldız arasında» kitabına rast gəldim. Bu kitab almanca çıxıb və 1984-cü ildə Türkiyə türkcəsinə çevrilib. Legionerlər haqqında Türkiyədə çıxan ən sanballı kitabdır. O kitabdan Düdənginski haqqında daha geniş məlumatlar əldə etdim. Bir müddətdən sonra legioner həyatı yaşamış insanlarla təmas qurdum və onlardan Fətəlibəyli- Düdənginski haqqında məlumat topladım. Maraqlıdır ki, 1990-91-ci ildə belə bu adamlar Düdənginski haqqında ehtiyatla, qorxa-qorxa danışırdılar. Beləcə, bütün bu bilgilər 2008-ci ildə Düdənginski haqqında kitabı ortaya çıxardı».
ADI AVROPANI DOLAŞAN DÜDƏNGƏ KƏNDİ...
Nəsiman Yaqublu Fətəlibəylinin sayəsində bütün Avropanı dolaşan Düdəngə kəndindən, qəhrəmanımızın ata-babalarından da söz açdı: «Düdəngə kəndi Naxçıvanın, ümumiyyətlə Şərurun kəndlərindən fərqlənir. Çünki kitabla bağlı faktlar toplayarkən həmin kənddə olmuşam, adamlarla görüşmüşəm. Buranın camaatı sərhəd kəndi olduğu üçün həmişə hərbə meylli olub. Azərbaycanı işğal edəndən sonra Rusiya burada müəyyən hərbi qüvvələr saxlayıb və maraqlıdır ki, yerlilərdən də bu işə cəlb edib. Odur ki, bu bölgədən döyüşən, vuruşan insanlar yetişib. Fətəlibəyli də belə bir hərbçi ailəsində dünyaya göz açıb – 1908-ci il iyunun 12-də. Deyilənə görə, Arpaçayın sağ sahilində məskunlaşmış Səfəvilər nəslindəndir. Düdəngə və Zeyvə kəndlərinin bəyi sayılan atası Əli bəy çar zabiti, həm də cəsarətli zabit olub. Bəzi mənbələrə görə, Əli bəy bir rus zabitinin müsəlman dinini təhqir etdiyini eşidib, xəncəri çıxarıb ona xəsarət yetirib. Elə bunun nəticəsində də sonradan Əli bəyi zəhərləyib öldürüblər... Fətəlibəyli həyatda ilk addımlarını atarkən – iki yaşında atasını itirib. Babası Fətəli bəy haqqında da məlumatlar qalıb. O, savadlı, açıqfikirli insan olub. Hətta Rusiyanın bir sıra tanınmış şairləri ilə əlaqələri haqqında da söhbətlər gəzir. Yəni Fətəlibəyli belə əsilli-köklü bir ailədə dünyaya göz açmışdı».
«NÖQSANLARLA BARIŞMIRDI»
Nəsiman Yaqublu Əbdürrəhman bəyin lap uşaqlıqdan rus şovinizminə nifrət ruhunda böyüdüyünü deyir: «Sovet hökumətinin gəlişi rus şovinizmini dəyişmədi. Bolşevizm adı ilə bu şovinizm yenidən ölkələri əsarət altına aldı... Fətəlibəylinin komsomol sıralarından çıxarılması barədə məlumatlar var, çünki nöqsanlara etiraz edir, narazılığını bildirirdi. Bütün bunlar onun həyatında ciddi problemlər yaradıb. Amma Əbdürrəhman bəy çox savadlı adam idi. Oxuduğu ilk məktəblərdə, sonra Tiflisdəki hərbi məktəbdə, daha sonra Moskvada təhsil aldığı hərbi akademiyada özünü savadlı zabit kimi göstərmişdi. Görünür, bir müddət bu savad onun xarakterinin bu yönünü kompensasiya edirdi...».
«QIZIL ULDUZ» ORDENLİ FƏTƏLİBƏYLİ...
Aparıcının: «Stalini lənətləyən Fətəlibəyli başqa bir diktatoru – Hitleri necə qiymətləndirdi, necə qəbul etdi» – sualını belə cavabladı:
«Maraqlıdır ki, Fətəlibəylinin həm məktubları qalıb, həm də sovet dövründəki fəaliyyəti barədə məlumatlar. Sovet-fin müharibəsində iştirak edib Fətəlibəyli. Onun gözəl bir məqaləsi var bu müharibə haqqında. Həmin yazıda sovet hökumətinin apardığı müharibənin taktiki xətlərini ciddi tənqid edir. Fətəlibəyli o qədər bacarıqlı hərbçi idi ki, «Qızıl ulduz» ordeni ilə təltif edilmişdi... Amma Stalin rejiminə nifrət edirdi, onu qəbul etmirdi. Bu insanlar hökumətdən, rejimdən narazı idilər və ümid edirdilər ki, Almaniya Sovetlərə qalib gələcək, Stalini məhv edəcək, bolşevizm yox olacaq və Azərbaycan yenidən öz müstəqilliyinə qovuşacaq».
«ƏSİR DÜŞƏN SOVET ADAMI... VƏTƏN XAİNİDİR...»
Nəsiman Yaqublu ikinci bir obyektiv səbəbə də diqqət çəkir: «Müharibədə onlar əsir düşürdülər. Stalinin verdiyi 271 nömrəli əmr bu insanların geriyə qayıtmağına imkan vermirdi. Həmin əmrdə yazılmışdı ki, əsir düşən sovet adamı vətən xainidir... geriyə qayıdarsa, güllələnməlidir! Üçüncü səbəb ayrı-ayrı millətlərdən olanlara silahlı birliklər yaratmaq icazəsi verilməsi idi. Bu insanlarda ümid yaranırdı ki, öz silahlı dəstələrimizlə gələcəkdə vətəni xilas edə biləcəyik. Digər bir məqam – sovet ordusunda dözülməz vəziyyət vardı – silah çatışmırdı, bir silahı 50-60 adama verir və tapşırırdılar ki, kim ölsə, onun silahını başqası götürsün... Belə eybəcərliklərin üstünü açmağın vaxtı gəlib çatmışdı. Onlar bunu görür və etiraz edirdilər. Düdənginski də belə insanlardan, belə şəxsiyyətlərdən biri idi».
DÜDƏNGİNSKİ NECƏ LEGİONERLƏRİN BAŞÇISINA ÇEVRİLDİ...
Aparıcının: «2-ci Dünya Savaşında Fətəlibəyli necə legionerlərin başçısı oldu» sualı belə cavablandı: «İlk vaxtlar almanların əsirlərə münasibəti yaxşı olmayıb, çoxunu qırıb məhv edirdilər. Hitler istəmirdi ki, özünə problemlər yaratsın, axı 1941-ci ilin dekabrında ABŞ və Böyük Britaniya rəsmi şəkildə SSRİ-ni müdafiə etməyə, həm texnika, həm də ərzaqla təmin etməyə başlamışdı. Hitlerin ordusu artıq Moskvanın 25 km-nə gəlib çıxmışdı. Və bu dövlətlər düşünürdülər ki, SSRİ-dən sonra sıra onlara gələ bilər... Həmin vaxt Hitlerin çevrəsində ağıllı insanlar vardı. Onlar ciddi proqramlar hazırlayırdılar. Məqsəd bu insanlardan – əsirlərdən necə faydalanmağın yolunu tapmaq idi. Onların sayı bəzi mənbələrdə 3.5 milyon, bəzilərində 5.5 milyon göstərilir. O zaman Hitlerə təklif olunub ki, bu adamlardan könüllü birliklər yaradılsın. Əvvəllər onlara «xivi»lər deyirdilər – alman dilində bu söz «könüllü dəstələr» deməkdir».
«BAKI FATEHİ» – NURU PAŞA ALMANİYADA!
Nəsiman bəy tədricən bu birliklərin legioner statusu aldığını bildirir: «O dövrdə Türkiyədən gələn tanınmış türk generalları Nuru Paşa Killigil və Emir Erkilet Paşa əsirlikdə olan türk xalqlarından ibarət qoşun yaratmaq fikrindəydilər. Onlar Almaniya hökuməti və Şərq Nazirliyi ilə danışıq apardılar. Bu danışıqlarda əsas rolu Şərq Nazirliyindəki Qafqaz bölməsinin başçısı Fon Mende oynayıb. Onun işə qatılmasıyla türk xalqlarından olan əsirlərə legioner statusu verildi və hərbi birliklər yaradıldı. Əvvəllər bu birlikləri nömrələyirdilər, amma Azərbaycan legionerləri bu birliklərə ad verirdilər. Məsələn, «Cavad xan», «İgid», «Aslan» və s».
ƏSİRLƏRLƏ İŞ PROQRAMI
Verilişin bələdçisi daha sonra alman hökumətinin əsirlərlə iş proqramı hazırladığına diqqət çəkdi: «Burada 3 istiqamət əsas götürülürdü. Birincisi, hərbi birliklərin yaradılması, ikincisi, onların təbliğati işləri idi, yəni qəzet-jurnal çapı. Üçüncüsü, radioda təbliğat. Bir radio yaratdılar – əks-təbliğat radiosu. Verilişin adını «Leninçi» qoysalar da, məqsəd sovet təbliğat sistemini dağıtmaq idi. Radiostansiya bütövlükdə «Qafqaz» radiosu adlanırdı. Ayrı-ayrı bölmələrdə müxtəlif dillərdə verilişlər hazırlanırdı. Onlar qəzet-jurnal çap edirdilər. Məsələn, Azərbaycan legionerlərinin ilk çap etdiyi qəzet 1942-ci ildə «Azərbaycan» qəzeti oldu – Məcid Musazadənin redaktorluğu ilə. Bir qədər sonra azərbaycanlılar milli nəşriyyatlarını yaradıb kitab çap etməyə başladılar. Təbii ki, bu insanlara rəhbərlik edəcək şəxs, bu işləri bir araya gətirən qurum lazım idi».
«HİTLERLƏ DANIŞIĞA GETDİ...»
Nəsiman Yaqublu o dövrdə Rəsulzadənin Almaniya hökuməti ilə danışılar apardığını bildirir: «Rəsulzadə Azərbaycan Milli Komitəsini yaratmışdı və danışıqların da bir predmeti vardı – Azərbaycanın müstəqilliyi. Amma Hitler: «Mən heç bir komitə tanımıram və heç bir müstəqillik qəbul etmirəm» deyərək Rəsulzadə ilə danışıqlara getmədi. Belə olan halda Rəsulzadənin Almaniyadakı siyasi fəaliyyəti qeyri-mümkün oldu və o, Rumıniyaya yerləşdi. Amma Fətəlibəyli-Düdənginskli Almaniya dövləti ilə razılığa getdi...».
– Düdənginski Hitlerlə danşıqlardan nə qazandı?
– Rəsulzadə ilə Düdənginskinin fikir ayrılıqları nəyə apardı?
– Düdənginskinin sonrakı taleyi necə oldu?