-
2015-ci ilin dövlət büdcəsində əməkhaqqı xərclərində ən çox artım (22 faiz) dövlət idarəetmə və hüquq-mühafizə sistemi işçilərinin payına düşür. Təhsil, səhiyyə, mədəniyyət-incəsənət işçiləri də əvvəlkindən 3 faiz çox maaş alacaqlar.Təqaüdlərin artımı gözlənilmir.
Bu məlumat büdcə sənədlərini təhlil edən iqtisadçı-ekspert Rövşən Ağayevin bloqunda əksini tapıb. Yazıda qeyd olunur ki, gələn ilin büdcəsində təhsil, səhiyyə və mədəniyyət-incəsənət sahələrində çalışanların əməkhaqqına 1 milyard 467 milyon manat ayrılması nəzərdə tutulur. Xərclər 2014-cü illə müqayisədə cəmi 3 faiz artıb.
İKİ SAHƏDƏ ARTIM ÜMUMİ ƏMƏKHAQQINDA ARTIMIN YARISI QƏDƏRDİR
Gələn ilin büdcəsindən əməkhaqqı artımına 420 milyon manat ayrılacaq. Rövşən Ağayev bütün sahələr üzrə artımları hesablayıb. Məlum olub ki, ümumi artımın cəmi 11 faizi sosial sahəyə ayrılacaq. Həmin sahədə 500 min nəfərədək insan çalışır. Amma 2015-ci il üzrə əməkhaqqı artımlarına nəzərdə tutulan vəsaitin, nə az, nə də çox, tən yarısı dövlət idarəetmə və hüquq-mühafizə sistemində çalışanların payına düşür. Bu iki sahədə əməkhaqqı xərcləri təxminən 1 milyard 100 milyon manat olacaq (bu ilə nisbətən 22 faiz çox).
GƏLƏN İL TƏQAÜD ARTIMI GÖZLƏNİLMİR...
Tələbə təqaüdlərinin artımına vəsait nəzərdə tutulmur. 2015-ci ildə belə təqaüdlərə 25 milyon 800 min manat ayrılacaq. Bu, təxminən 2014-cü ildəki qədərdir.
Sosial müdafiə xərcləri çərçivəsində ödənən sosial yardım və müavinətlərinsə cəmi 2 faiz və ya 32 milyon manat artırılması planlaşdırılıb.