-
Misir məhkəməsi keçmiş prezident Hosni Mubarak üzərindən 2011-ci ildə nümayişçilərin öldürülməsi və korrupsiya ilə bağlı ittihamları götürüb. Təhlükəsizlik xidmətinin yeddi keçmiş yüksəkvəzifəli əməkdaşı, o cümlədən keçmiş daxili işlər naziri Habib el-Adly də bu ittihamlar üzrə bəraət alıblar.
Buna baxmayaraq, Hosni Mubarak həbsxanada qalacaq. O, başqa korrupsiya cinayətinə görə 3 illik cəza çəkir.
86 yaşlı Mubarak ona qarşı ittihamları rədd edir.
Hosni Mubarak onun devrilməsi ilə nəticələnən 2011-ci il nümayişləri zamanı insan ölümündə təqsirli bilinərək iki il əvvəl ömürlük həbsə məhkum olunmuşdu. Ötən il apellyasiya məhkəməsi prosessual pozuntulara əsaslanaraq hökmü ləğv edib.