-
AzadlıqRadiosunun əməkdaşı Turxan Kərimov noyabrın 28-də mülki geyimlilər tərəfindən saxlanılaraq Nərimanov rayon 18-ci polis bölməsinə aparılıb və ifadəsi alınıb. AzadlıqRadiosu Daxili işlər naziri Ramil Usubova məktubla müraciət edərək məsələnin araşdırılmasını istəyib.
Məktubda bildirilir ki, öz əməllərini izah etməyən polisin vətəndaşlarla belə davranışı Azərbaycan qanunvericiliyinin «polisin fəaliyyətini tənzimləyən» maddələrinə ziddir. Jurnalistə qarşı törədildikdə isə həm də «informasiya əldə etmək haqda qanunun» pozulması kimi qiymətləndirilə bilər.
Bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti Trend informasiya agentliyinin sorğusunu cavablandırıb.
Cavabda deyilir ki, dünyanın istənilən ölkəsində, o cümlədən Azərbaycanda xidməti vəzifəsini yerinə yetirərkən polis əməkdaşı özünü şübhəli aparan və ya şübhə doğuran istənilən vətəndaşı şəxsiyyətini müəyyənləşdirmək məqsədilə aidiyyatı və ərazi üzrə polis orqanına gətirə, müvafiq profilaktik söhbətlər apara və qanunvericilikdə nəzərdə tutulmuş müddətdə saxlaya bilər.
«VƏTƏNDAŞIN KİMLİYİ BƏLLİ OLDUQDA, SƏRBƏST BURAXILIB»
Qeyd edilib ki, qanunla səlahiyyət verilmiş vəzifəli şəxslərdən başqa heç kimin polisin cinayətkarlıqla mübarizədə və ictimai qaydanın qorunmasına dair vəzifələrini yerinə yetirməyə aid olan məsələlərə müdaxiləsinə yol verilmir, kimsə də bu hüquqdan istifadəsinə görə polisi qınaya bilməz:
«Amma ötən ayın sonlarında polis əməkdaşları tərəfindən AzadlıqRadiosunun əməkdaşı Turxan Kərimovun Nərimanov RPİ-nin 18-ci polis bölməsinə aparılması və şəxsiyyətin müəyyən edilməsindən qısa müddət sonra sərbəst buraxılması, təəssüf ki, ucuz sensasiya dalınca qaçan, polis fəaliyyəti barədə elementar təsəvvürləri olmayan bəzi KİV-lərdə yanlış olaraq dartışılır və vətəndaşlarla belə davranış Azərbaycan qanunvericiliyinin polisin fəaliyyətini tənzimləyən maddələrinə zidd olması, jurnalistə qarşı törədildiyi üçün bu, həm də informasiya əldə etmək haqqında qanunun pozulması kimi qiymətləndirilir.
Əvvəla, qeyd olunduğu kimi, polisin hərəkətləri qanun çərçivəsində həyata keçirilib. İkincisi, bəlli KİV-lərin jurnalistə yanaşma tərzi kökündən yanlışdır. Çünki hər bir media əhli jurnalist olmaqdan öncə yaşadığı ölkənin vətəndaşıdır. Heç bir halda kimsə özünü dövlətdən və onun qanunlarından üstün saya bilməz. Polis üçün bölməyə aparılan şəxsin peşə fəaliyyəti, dini, yaxud siyasi, sosial mənsubiyyəti önəmli deyil. Önəmli olan onun kimliyi və qanunlara münasibətidir. Göstərilən halda da vətəndaşın kimliyi bəlli olduqda, o, dərhal sərbəst buraxılıb».
«QİSAS İDDİALARININ MƏNTİQİ ƏSASI YOXDUR»
DİN-in mətbuat xidmətindən onu da qeyd ediblər ki, neqativ hərəkətlərə yol verən polis əməkdaşlarının aşkarlanmasında daxili nəzarət qaydasında yoxlama tədbirləri ilə yanaşı, KİV-lərdə yayımlanan və ya dərc olunan müxtəlif səpkili materialların da müəyyən rolu var və sözsüz ki, hüquq pozuntularına yol verən heç bir polis əməkdaşı məsuliyyətdən kənarda qalmır. Guya vaxtilə hansısa yol polisi əməkdaşının gizli videosunu çəkdiyinə görə T. Kərimovdan qisas alınması barədə iddiaların isə heç bir məntiqi və hüquqi əsası yoxdur:
«Belə əsassız fikirlərin yaranmasına səbəb kimi bu il mayın 16-da AzadlıqRadiosunun müxbirinin videokamerasının əlindən alınması göstərilirsə, o zaman sözügedən jurnalistin bir vətəndaş kimi səhlənkarlığı, laqeydliyi, Azərbaycan qanunlarına sayğısızlığı da xüsusi vurğulanmalıdır. Çünki həmin faktla əlaqədar araşdırma aparan müstəntiqin dəfələrlə xəbərdarlığına, çağırışlarına baxmayaraq, AzadlıqRadiosunun əməkdaşı ifadə verməkdən müxtəlif bəhanələrlə yayınmış və polis idarəsinə gəlməyəcəyini bildirmişdi. Zənnimizcə, əlavə şərhə ehtiyac yoxdur. Necə deyərlər, jurnalist olmaq asandır, amma vətəndaş olmaq daha çətin...»