Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 08:35

«Təkcə məişət korrupsiyasını azaltmaqla Azərbaycan yüksələ bilməz»


Foto: Arxiv
Foto: Arxiv

-

Gözlə

No media source currently available

0:00 0:03:00 0:00
Direct-ə keçid

«Korrupsiya hələ də cəmiyyət üçün ciddi problemlərdən biridir. Hökumət korrupsiyaya qarşı mübarizə ilə bağlı qanunların işlək vəziyyətdə olmasını təmin etməlidir».

Bu fikirlər «Şəffaflıq Azərbaycan» Korrupsiyaya qarşı Mübarizə İctimai Birliyinin «Korrupsiya Qavrama İndeksi 2014»ə münasibətində yer alıb.

Transparency İnternational – Beynəlxalq Şəffaflıq Təşkilatı 2014-cü ilə dair Korrupsiyanı Qavrama İndeksini açıqlayıb. Hesabatda Azərbaycan 175 ölkə arasında 126-cı sırada qərarlaşır.

«NƏTİCƏ XEYLİ YAXŞILAŞIB»

«Şəffaflıq Azərbaycan» Korrupsiyaya qarşı Mübarizə İctimai Birliyinin rəhbəri Rəna Səfərəliyeva AzadlıqRadiosuna açıqlamasında bildirir ki, 2000-ci illə, yəni Azərbaycan bu hesabata ilk daxil edildiyi vaxtla müqayisədə nəticə xeyli yaxşılaşıb. Yüksəliş əsasən ölkənin iqtisadi göstəriciləri sayəsində mümkün olub. Qurumun sədri müsbət tədbirlərə elektron hökumət sisteminin hüquqi bazasının və infrastrukturunun təkmilləşdirilməsini, bir pəncərə sistemini tətbiq edən ASAN Xidmət mərkəzlərinin səlahiyyət miqyasının genişləndirilməsini aid edir.

AZƏRBAYCAN HESABATDA İRƏLİLƏMƏK İSTƏYİRSƏ...

İqtisadçı ekspert Natiq Cəfərli isə sadalanan tədbirləri yalnız məişət korrupsiyasının aradan qaldırılması kimi dəyərləndirir. Bildirir ki, Azərbaycanın hələ də «ən korrupsiyaya uğramış ölkə» statusunu qoruyub saxlaması bir faktdır:

«Ölkənin gələcəyi üçün, bu tip hesabatlarda yaxşı yer tutması üçün təkcə məişət korrupsiyasının azaldılması kifayət etmir. İcazələrin alınması, gömrük, vergi və bu tipli dövlət orqanlarında və büdcədən ayrılmış vəsaitlərin şəffaf şəkildə xərclənməsində ciddi problemlər olduğu üçün bu indikatorlarda Azərbaycan çox aşağı bal yığır və ümumi hesabatda belə aşağıda yer tutur».

SƏNƏDLƏR VAR, AMMA...

Hökumət təmsilçiləri adətən ölkədə korrupsiyanın geniş yayılması barədə ittihamları rədd edirlər. Rəsmi məlumatlarda ölkədə korrupsiya cinayətlərinə daha çox təhsil, səhiyyə və sosial təminat sahəsində rast gəlindiyi göstərilir. Korrupsiya ilə mübarizə istiqamətində bir sıra konseptual sənədlər də qəbul olunub. 2012-ci ildə «Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı» və «Açıq hökumətin təşviqinə dair Milli Fəaliyyət Planı» təsdiqlənib.

Müstəqil ekspertlər isə bu cür sənədlərin yalnız kağız üzərində qaldığını, işlək olmadığını iddia edirlər. Bundan başqa hökumət rəsmilərinin və məmurların biznes fəaliyyəti qanunla qadağan olunur. Belə ki, bir məmurun biznesi olarsa, qərar qəbulunda öz marağını üstün tuta, bununla da maraqlar toqquşa bilər. Azərbaycan parlamenti maraqların toqquşması, korrupsiya şahidlərinin qorunması və dövlət qulluğundan kənar digər hüquqi vəzifəyə görə cəza tətbiqi barədə qanunları qəbul etməyib.

XS
SM
MD
LG