Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:44

Tapda mis qazanları!


İbrahim Savalan
İbrahim Savalan

-

Arazın o tayından

İbrahim Savalan

Anam Həvva

Mənə yerikləyəndə nə yedin ana?

Alça?

Alma?

Təndirdə qızarmış əmlik əti?

Alça yesəydin turşa çalardım

Alma yesəydin şirin olardım

Əmlik yemiş olsaydın sənlə qalardım

Mənə yerikləyəndə nə yedin ana?

Məndə

üç iz buraxmış o qutsal yemək

Qarşı durdum haqsızlığa

Vuruldum torpağa

Atıldım doğma kəndimdən qırağa

Və sürgün yaşadım nənə

Bütün şəhərlər doğmalaşdı mənə

Mənə yerikləyəndə

Anam Həvva

Yemişdi buğda……

------

qızım mən sənə

nə mahnı öyrədəcəyəm

nə yad dildə surud

nə də quran

get hər nəyə inanırsan inan

mənim sənə payım

kiçicik bağça

və neçə güldan

toxum ək

su səp

hər gün günəş durmadan oyan

serçə səsinə

sarmaşıq həvəsinə

mən sənə nə salam öyrədəcəyəm

nə sağollaşma

yalnız

çiçək becərmək öyrədəcəyəm

çiçək becərmək.

----

atam

bu daşın altındadır

atası o daşın altında

hamısı

qara torpaq ürəyində

mənim

vətənim

yazı dəftərim

o da

qurumaqda olan Urmu gölündən qalxan

bulud kürəyində.

Tapda mis qazanları!

Qızıl gül qönçələyib

yaz çıxmadan buraxılsam

Beş alı ağacı əkəcəyəm

Kiçik bacıma

"Hər gün bunları suvar"

Söyləyəcəyəm

Tarlamızın göy tablosuna

Ulduz, ay çəkəcəyəm

Axı bizim yoncalar

Ay ışığında ucalar.

Bir daha tutulsam

Tutulacaq tablodakı ay

Məktub yazacağam kiçik bacıma

Salam göndərəcəyəm alı ağacıma

Sonra yazacağam

Tapda mis qazanları

Cin qaçsın

ay açsın.

1385-ci il, Əhər zindanı

---

qarı yaraqlandırdı nəvəsini:

"mələşirdi quzular

oxudu nazlamalar

dağda darılar

sünbüllü sarılar

qoca qarılar

bu balama qurban "

qayıdırı evə

duvara söykənə-söykənə

bir əli divara, birisi dizə

bilməyə-bilməyə mızıldayırdı belə:

"anam məni anam məni

doğmayaydı anam məni "

---

Həmişə pəncərə arxasında yatır mənim sevdam

bilir bir gecə

gizlicə

saçların hörəcəyəm

həmişə yaşlı gözlə baxır mənim sevdam

bilir bir gün

özgürlük deyə

asfalt xiyabanlarda öləcəyəm

---

Sevgilim telefonda mənə tar çalır.......

Sevgilim telefonda mənə tar çalır

itməsin bu mahnı deyə

yayılsın büsbütün ellərə

melodisini yazır

telefon dirəyinin tellərinə qonmuş

köçmən quş.

---

Gedərkən azıydı yaşı

ardıca baxırdı bacı baxışı

tükənirdi ana taqəti

ötdü illər aylar

məktub yazdı aylar

qızları sevilmir

oğlanlar sevmir

gövdəsi cansızdır

damarı qansız

xirtdəyi xırıltıda

nəfəsi sayda

hardasan harda

qardaşım tez gəl

bu şəhəri boğur iki əl

qayıdarkən

ağarmışdı qaşı

sürgün şairi

qarşılamadı biri

bacını qoymadı əri

ana torpaq əmanəti

dünən gülürdü şəhər

tanış deyildi kimsəyə kədər

ay hörürdü saçını

ayda bəzəyirdi tacını

aydın sevirdi bacını

ağızlar oxşayırdı laçını

ay aman

nə çətinmiş torpaq həsrəti

uca dağ , sərin su , yaylaq həsrəti

bu gün qalmasa da uşaqlıq oyundaşı

qalır xatirəsi

qalır evciklərin xınalı daşı

qalır ağzımda dadı

ana ocağının isti ayran aşı

daş üzdürəcəyik gölçələrində

işıq salacaq sularına

toz torpağı silinmiş ayna

and olsun uşaq ürəyinin aydınlığına

and olsun.

XS
SM
MD
LG