-
Vaqif Sultanlı
VƏTƏN
Hekayə
İt bir vaxt qoruduğu həyətin yanında dayanıb durdu. Ömrünün ən xoş illərinin bağlandığı bu ev, bu yurd indi onunçün dünyanın uzaq, əlçatmaz bir məskəninə çevrilmişdi.
Üç günüydü ki, ac idi; hansı qapıya ayaq basırdısa, qovub çıxarırdılar; özünə yurd, sığınacaq tapa bilmirdi. Küçənin sonundakı üfunət iyi verən qat-qarışıq zibilliyi burnu ilə neçə dəfə eşələmiş, ancaq bir şey tapa bilməmişdi.
Tənbəl-tənbəl küçə boyu göz gəzdirdi. Birdən yolun sağındakı daş hasarın dibində düşüb qalmış iri bir sümük gözlərinə sataşdı. Böyür-başına baxdı, sanki kimdənsə ehtiyat eləyirdi, kimsə sümüyü əlindən ala bilərdi. Ancaq yol boyu ins-cins gözə dəymirdi. Qorxa-qorxa sümüyü dişləri arasına alıb yolun sonundakı kimsəsiz bir dalana çəkildi. Sümük bıçaqla elə təmizlənmişdi ki, üstündə bircə tikə belə ət qalmamışdı. Çürümüş iri dişləri ilə cəhənglərinin suyu axa-axa nə illah elədisə sümüyü sındıra bilmədi. Sümük dişlərinin arasında o yan bu yana çevrildikcə ağzının suyu şoralanıb gedirdi. Sümüyü atıb tənbəl-tənbəl geri döndü.
Göyün yüksəkliyində ağ pənbə buludlar qızarıb qan rəngi almışdı. Elə bil buluddan yağış əvəzinə isti qan yağacaqdı.
Qarşıdakı dağların zirvəsi axşam günəşinin solmaqda olan şəfəqləri altında saralırdı. Evsiz, yurdsuz bu kənddə özünü qərib, uzaq hiss eləyirdi.
Bir vaxt sahibi onu balaca rahat damda saxlayar, hər gün ləzzətli yal verərdi. Ancaq bu xoşbəxt günün ömrü uzun sürmədi; günlərin birində sahibinin uzaq şəhərdə yaşayan oğlu gəlib atasını yığışdırıb özüylə apardı. Qoca getmək istəmirdi, ancaq oğlu əl çəkmədi, hər dəqiqə müharibənin başlayacağı, kəndə hücum olacağı təhlükəsini bəhanə gətirərək kişini razı saldı. Sahibi yığışıb getməmişdən qabaq evin, həyətin qapısını qıfılladı. O, sahibinin kənddən çıxıb getməsini istəmirdi, ancaq ona fikir verən kim idi...
Qocanı kənddən çıxana kimi ötürdü. Kəndin ətəyində yovşanlı düzənliyin arası ilə uzanan çınqıllı yolda sahibi onun boynunu qucaqladı. Sonra geriyə baxmadan dayanıb onu gözləyən maşına oturdu.
Maşında qocanın oğluyla əsəbi tərzdə danışa-danışa ona tərəf baxmasından söhbətin onun haqqında getdiyini hiss eləyirdi. Elə bil sahibi onu özüylə götürmək istəyir, oğlu isə etiraz eləyirdi. Hətta oğlu maşından düşmək istəyən atasının qolundan dartaraq:
– Gəl gedək, sən allah, bizi xalqa güldürmə, - dedi və qapını çəkib hirslə bağladı. Maşın düzənliyin genişliyində kiçilib gözdən itənə kimi it dayanıb sahibinin arxasınca baxdı. Sonra qayıdıb həyətə girdi. Bu, ömrünün ən yalqız və ümidsiz çağlarıydı.
Sahibi kəndin sayılan-seçilən adamlarındandı. Onun gedişindən sonra kənd yavaş-yavaş boşalmağa başladı. Kimin şəhərdə tanışı-bilişi, simsarı vardısa, ev-eşiyinin qapısını bağlayıb kənddən çıxdı. Sonra kəndi gecələr ermənilər atəşə tutmağa başladılar. Bəzən atışma səsləri səhərəcən kəsmək bilmirdi. O, gecələr silahlı ermənilərin kəndin ətəyinəcən yaxınlaşdığını, adamları qorxutmaq üçün cürbəcür oyunlar çıxardığını görür, ancaq insan dilini bilmədiyi üçün bir şey eləyə bilmirdi.
Payıza doğru kənd düşmən əlinə keçdi.
İt kəndi ən sonda tərk elədi.
Güllə dəymiş ayağının ağrısından huşunu itirə-itirə gecəni gündüzə qatıb şəhərə gəldi. Bilirdi ki, sahibi şəhərdədi və hər gün yeni bir ümidlə şəhərə çıxırdı ki, bəlkə sahibini görə, sahibinin rəhmi gələ, saxlaya. İt bilirdi ki, şəhər evlərinin kənddəki kimi keşikçiyə ehtiyacı yoxdu, ancaq bununla belə ümidini üzməmişdi.
İstəyirdi ki, kimsə onu itliyə götürsün, evini-eşiyini, həyətini-bacasını tapşırsın. İstəyirdi ki, sahibi olsun, ancaq özünə ağa, sahib tapammırdı, itlik eləyə bilmirdi, beləcə ömür-gün keçib gedirdi.
İtin bütün ömrü beləcə böyük şəhərin küçələrində keçmiş, ancaq sahibindən bir xəbər çıxmamışdı. İt bilməmişdi ki, sahibi əsirlikdə olan yurdunun xiffətini çəkə-çəkə dünyadan köçüb. İt indi də sahibinin şəhərin kənarındakı qəbiristanlıqda uyuyan ot basmış qəbrindən xəbərsiz idi. Neçə illərdi ki, kəndin düşmənlərdən geri alınacağı barədə söhbət gedirdi. Ancaq bu quruca söhbət idi, kəndin hansı yolla qaytarılacağını bir kimsə bilmirdi.
İt kənd üçün darıxır, yurd-yuvasını itirmiş insanlar kimi şəhərin küçələrində ölmək istəmirdi. Doğma kəndi, doğulduğu, küçüklük illərini keçirdiyi, böyüyüb ərsəyə gəldiyi yerlər üçün burnunun ucu göynəyirdi. Ancaq nədənsə kəndə dönmək insanları onun qədər narahat eləmirdi.
Və nəhayət, bir gün kəndə dönməyi qərara aldı.
İndi bütün bu əhvalatlardan sonra kəndə dönmüşdü.
Havanın rəngi get-gedə solurdu. Dağdan əsən axşam küləyi vələs meşələrinin acıtəhər ətrini qovub kəndə gətirirdi. Bu, itə tanış idi, doğma idi, küləkli gecələrdə damın qənşərində uzanıb mürgüləyəndə bu ətir onu bihuş eləyərdi.
Qapı aralı idi, həyətdə kimsə gözə dəymirdi. Ayaqlarının ucunda sivişib içəri keçdi. Evin qənşərindəki ağacların arasında göy yoncalıqda uzandı. Hündür qurşağa qədər qalxan yoncalıqda onu görən olmazdı. Bir vaxt sərin yay gecələrində burda göy otluqda boz qancıqla səhərə kimi mazaqlaşardı. Səhər alaqaranlıqlı sahibi qalxmamışdan boz qancığı ötürər, özü isə həyətdə, damın qənşərində uzanıb gecənin yuxusunu alardı.
Qulağına dəyən ayaq səsləri iti xəyaldan ayırdı. Başını cəld pəncəsi üstündən qaldırıb arxaya qanrılanda saqqallı bir kişinin əlində tüfəng ehtiyatla ona sarı gəldiyini gördü. Ac, taqətsiz bədəninə uyuşmayan bir cəldliklə yerindən sıçrayıb çəpər boyu götürüldü.
Saqqallı kişinin yad dildə söyüş söyə-söyə arxasınca yüyürdüyünü hiss elədiyindən çəpərin üstündən atılmaqdan başqa bir çarə qalmırdı. Ancaq gərək bağın ayağınacan qaça... Orda çəpər bir qədər alçaqdı, atılmaq asan olardı...
Çəpərin üstündən atılmaq istəyəndə güllə açıldı. İtin bədəninə ilıq bir hərarət yayıldı. Ulaya-ulaya vələs meşələrinin ətəklərinə kimi qaçdı, sonra taqətsiz halda torpağa sərildi.
Qürub çağıydı.
Axşam günəşinin tünd qızılı şəfəqləri itin yarıyumulu, işığını itirməkdə olan gözlərində solurdu. İt o həyəti, o evi, evin bacasından çıxan ağ tüstü burumlarını son dəfə görmək üçün başını torpaqdan aralamaq istədi, ancaq bacarmadı.
2000, Bakı