-
Vaqif Sultanlı
DƏRVİŞ
Hekayə
Alim Qasımova
Bu yola nə zaman çıxdığını xatırlamırdı, elə bil onu aparan ağlı, şüuru deyildi, hansısa görünməz, bilinməz bir duyğunun, fəhmin, qeybdən gələn ilahi bir çağırışın səsinə, sehrinə, cazibəsinə qoşulub gedirdi.
Bu, yol deyildi, buna yol demək olmazdı; ayaqlarının altında axan qumdan səhrada addımladığını duysa da, ancaq bu yolun hardan başladığını, hayana apardığını, nədən bu yolun yolçusu olduğunu, mənzil başına nə zaman yetişəcəyini bilmirdi.
Səhra heç zaman ona bu qədər sirli-sehrli gəlməmişdi. Bu qum dənizində onu məftun eləyən nə idi belə?.. Ətrafında gözlərinə toxunan hər şey sanki ilk dəfə görürmüş kimi onu qəribə, ecazkar sehrinə salır, duyğulandırır, özündən alıb aparırdı.
Yola çıxmaq istəyini qəlbində çoxdan gəzdirirdi və bu istək içində zərrə-zərrə böyüdükcə ona dinclik, rahatlıq vermirdi; hiss eləyirdi ki, daha əvvəlki kimi yaşamaq istəmir, ətrafında gözlərinə toxunan hər şey onu hədsiz dərəcədə darıxdırır, həyatın dözülməz adiliyindən xəbər verirdi. Bu yolçuluq isə nəyəsə can atmaq, nəyəsə qovuşmaq üçün deyil, ömrün yorucu, dözülməz yeknəsəkliyinə etirazı idi.
İndi bütün bunları xatırladıqca həyatının pərakəndə lövhələri gözləri önündən gəlib keçir, ömrünün hədər keçən illərinə təəssüflənirdi.
Birdən ayaq saxlayıb başını qaldırdı; səhra yamyaşıl rəngə boyanmışdı. Dalğalanan qum dənizi əzəli rəngini itirərək birdən-birə yaşıla bürünmüş, bomboz qumun üstünə sanki yamyaşıl məxmər çəkilmişdi; daha qumun ayaqlarının altında axdığını hiss eləmirdi.
Ayaq saxlayıb bir andaca yaşıla bürünən səhraya tamaşa elədi; dünyanın bir göz qırpımındaca belə möcüzə yarada biləcəyini heç cür dərk eləyəmmirdi.
Sonra heybəsini götürüb səhranı örtən yaşıl çəmənin üstüylə yoluna davam elədi. Çiynindəki heybə ağır idi, ancaq düşdüyü sehrin cazibəsindən bu ağırlığı hiss eləmirdi.
Bir azdan səhranı bürüyən yaşıl otluq bomboz qum dənizinin içərisində görünməz oldu.
Oynamağı gəlirdi; bu ucu-bucağı bilinməyən səhranın ortasında yoruluncaya, oynamaq istəyini içərisindən çıxarıncaya qədər oynamaq istəyirdi.
Birdən dərviş dayandı, heybəsini çiynindən çıxarıb yerə qoydu. «Axı, hayana gedirdi, onu çəkib aparan nə idi, niyə bir anlığa da olsa dayanmaq, yorğunluğunu almaq üçün bir hovur dincəlmək istəmirdi?»
Qarşıda onu gözləyən taledən xəbərsizdi, ancaq bu onu qorxutmur, getdikcə xəyalını ovsunlayan o sehrli dünyanın cazibəsi duman kimi ruhuna, varlığına hopurdu.
Dərvişin yaddaşında keçmişlə gələcək biri-birinə qarışmışdı. «Nə idi həyatının axarını tamam başqa bir səmtə çevirən, onu özündən, varlığından alıb apararaq dünyayla, zamanla qarşı-qarşıya qoyan? Bəs taleyə, gələcəyə, olacağa üsyan edən nə idi? Bu nə qədər davam eləyəcəkdi? Bir gün bu iztirabların sonu olmayacaqdımı?».
O, bu suallara cavab tapa bilmirdi, bəlkə cavab tapmaq da istəmirdi; can atdığı mənzilin nagümanlığı o qədər cazibədar, o qədər çəkici idi ki, onu gözləyən təhlükələrə baxmayaraq bu nagümanlığa təslim olurdu.
Küləyin kəsik-kəsik çəkib gətirdiyi zınqırov səsləri hardasa yaxınlıqda, bir səs mənzilində karvan yolçuluğundan xəbər verirdi. Bu səs nə qədər doğma, məhrəm olsa belə, yolundan dönmək, karvana qoşulmaq istəmir, karvana qoşulmaqla taledən, qismətdən qaçmış olacağını düşünürdü.
Qulaqlarına su şırıltısı dəydi; qeyri-ixtiyari ayaq saxlayaraq vücuduna sərinlik gətirən bu səsi dinşədi. Şırıltı səsindən suyun o qədər də uzaqda olmadığı aşkar duyulurdu. Ancaq hayandan gəlirdi bu səs? Səhranın ortasında su şırıltısının bu aydınlıqda eşidilməsi mümkün idimi? Və qəribə burası idi ki, su səsi addım-addım böyüyür, apaydın eşidilirdi.
Suya yetişmək üçün addımlarını bir qədər yeyinlətdi. Və birdən gözləri önündə açılan mənzərədən onu heyrət bürüdü; səhranın sinəsi boyunca mavi dəniz uzanırdı. Nəhəng su aram-aram qumlu sahilə yayılır, sonra xəfif şırıltı ilə çəkilib gedirdi.
Dərviş sahildə dayanıb uzun-uzadı mavi dənizə tamaşa elədi; ömründə bu mavilikdə, bu duruluqda dəniz görməmişdi. Daha susuzluğunu hiss eləmirdi, sanki dənizin sərinliyi, duruluğu, maviliyi içərisinə axaraq suya təşnəliyini büsbütün söndürmüşdü.
Gözlərini yumdu.
Çarıqlarını çıxarıb suya girdi. Suyun sərinliyi vücüdu boyu yayılaraq ruhuna, varlığına bir dinclik gətirdi. Bir müddət sahil boyu islanmış qum üzərində iz sala- sala yeridi. «Bəs, bundan belə hansı səmti tutub getməliydi?» Hansısa qeyri-adi bir istək onu dənizin qucağına səsləyir, durmağa, dayanmağa, dincəlməyə qoymurdu.
Elə bu istəklə də özünü dənizə vuraraq suyun üstüylə yeriməyə başladı. Yeridikcə dəniz ayaqlarının altında çalxalanır, ətrafa sıçrayan ləpələr böyüyərək iri dalğalara çevrilirdi.
Bir azdan leysan başladı, göz qırpımında səmayla dəniz biri-birinə qovuşdu, dünya sel-su ilə örtüldü.
Dənizin üstüylə nə qədər getdiyini xatırlamırdı; sel-su bitmək bilmirdi ki, bilmirdi. Onu ovsunlayan o səsin sehrinə düşüb yola çıxdığı üçün özünə, taleyinə qarğıyır, lənət oxuyurdu.
Gözlərini açanda özünü yenidən səhrada gördü.
Uzaqda üfüqlər boyu sıralanan yastı təpələr qarşıda tamam özgə bir dünyanın başlayacağından xəbər verirdi. Getdikcə təpələr böyüyərək az qala göy qübbəsilə qovuşan sıldırım qayalara çevrilirdi.
Yoxuşu qalxmaq üçün canında güc, taqət tapacaqdımı? Bunu bilmirdi, bildiyi təkcə o idi ki, nə olursa olsun, bu yoxuşu qalxmalıdı, hər şey, hər şey bundan sonra başlayacaqdı, çünki yoxuşu qalxmasaydı, bu qədər məsafə qət eləməsinin heç bir faydası olmayacaqdı.
Ayaqlarına dəniz suyu toxunandan yorğunluğunu unutmuşdu, sakit addımlarla yoluna davam eləyirdi, ancaq bu, daha əvvəlki yola bənzəmirdi. İndiyədək keçib gəldiyi yolun bu sayaq yoxuşu olmamışdı; yoxuş sərtləşdikcə, nəfəsi təngiyir, addımları seyrəlirdi, ancaq dayanmırdı, elə bil dayanıb bir anlığa nəfəsini dərsəydi, hər şey bitər, qurtarardı.
Ancaq dayandı və çevrilib arxaya, keçib gəldiyi upuzun yola baxdı: dağın köksüylə burula-burula ağappaq cığır uzanırdı. Bu uzunluqda yoxuşu necə qət elədiyini ağlına, təsəvvürünə gətirəmmirdi.
Təkrar yoluna davam elədi. Yolun ətrafını dərin, dibsiz, sərt uçurumlar kəsirdi, cığır getdikcə daralır, yerimək çətinləşirdi, gah sağından, gah da solundan vəhşi ehtirası ilə ağzını açan uçuruma baxanda gözləri qaralırdı.
Hava qaranlıqlaşdığından ayaqlarının altını güclə seçirdi. Daha əvvəlki kimi yeriyə bilmir, addımlarını ehtiyatla atır, uçuruma yuvarlanmaqdan qorxurdu. Bir yandan da ürəyindən cığırdan çıxıb, uçuruma yuvarlanmaq xofunu içərisindən qovaraq daşa-kəsəyə, kola-kosa məhəl qoymadan yoxuşu qalxmaq istəyi keçirdi.
«Bu cığırı kim salmışdı, nə zaman salmışdı? Kimlər keçmişdi bu cığırın üstündən? Onun bu cığırla getməyə haqqı vardımı? Vardısa, bu haqqı kim vermişdi ona? Nə üçün o başqalarının açdığı cığırla addımlamalıdı…».
Hiss etmədən cığırdan çıxaraq özünü qaranlığa vurdu. İndi hara getdiyinin fərqində olmasa da, özünü bayaqkından daha rahat hiss eləyirdi. Elə bil üstündən ağır bir yük götürülmüşdü, indi onu nə ayaqlarını əzən, dırnaqlarını qanadan daş-kəsək, nə də hər an yuvarlana biləcəyi dibi görünməyən uçurum qorxudurdu, elə rahat addımlayırdı ki, sanki yoxuşa qalxmır, hamar, düppədüz yolla yeriyirdi.
Hava əməlli-başlı soyumuşdu, ancaq soyuğa, sazağa baxmayaraq yoxuşa qalxdığından qan-tər onu yuyub aparırdı, bircə anlığa ayaq saxlayan kimi bədəni soyuyur, əli-qolu buza dönürdü; özünü soyuğa verməmək üçün gücü çatdığı qədər addımlayır, necə olur-olsun mənzil başına yetişmək istəyirdi.
Yolun isə sonu görünmür, yoxuş uzandıqca uzanırdı. Əl-qolunu kol-kos çızıb qanatmış, ayaqlarını daş-kəsək qançır eləmişdi, ancaq bədənində heç bir ağrı hiss eləmirdi, sanki bütün əzaları korşalmış, onu ardınca çəkib aparan o ilahi duyğudan savayı hər şeyə biganə olmuşdu.
Bütün gecəni beləcə üzü yoxuşa dırmandı. Hərdən dayanır, bir anlığa nəfəsini dərir, sonra yenidən yoluna davam edirdi. Dan yeri söküləndə özünü dağın zirvəsində gördü və günəşin doğuşuna tamaşa eləyə-eləyə rahat nəfəs aldı.
Yol dağın zirvəsində bəmbəyaz qar örtüyünə bürünərək bitirdi və yolun bitdiyi dağın bəyazlığa bürünən zirvəsindən baxanda arxada qoyub gəldiyi dünya ovcunun içərisindəymiş kimi apaydın görünürdü.
Dərviş bir müddət dayanıb dünyaya tamaşa elədi. O, indiyədək dünyanın bu qədər gözəl, bü qədər əsrarəngiz olduğunu duymamışdı, ancaq dünya nə qədər gözəl olsa da, daha geri dönmək istəmirdi. İndi onun üçün geri dönməkdən çətin və əzablı heç nə olammazdı. «Bəs neyləməlidi, hayana getməlidi… Həyatının bundan sonrası necə olacaqdı… Hansı duyğunun səsilə buraya gəlib çıxdı… Bu nə iş idi, nə qismətdi belə…».
Əvvəlki kimi nə isə onu irəli çəkir, sirli, dumanlı bir aləmə doğru səsləyirdi, ancaq daha taqəti qalmamışdı; halsızlıqdan ayaq üstə dayana bilmirdi, bəri-bədəni, beli-buxunu elə ağrıyırdı ki, deyirdin bu saat sümükləri qırılıb yerə tökülcək. Ağrılarının səsini eşidirdi; get-gedə qollarnıa, çiyinlərinə yığılan ağrılar daha dözülməz olur, huşunu başından alıb aparırdı.
Müvazinətini itirməmək üçün yavaşca daşın üstünə çökdü və nə zaman huşunu itirdiyindən xəbəri olmadı. Handan-hana gözlərini açanda bayaqkı ağrı-acılardan əsər-əlamət qalmamışdı, özünü quş kimi yüngül hiss eləyirdi.
Oturduğu yerdən qalxaraq yenidən ətrafa göz gəzdirdi; bayaq dağın zirvəsindən apaydın görünən dünya indi dumana, bozluğa bürünmüşdü. Təkcə səma aydın idi. Qəfildən gözləri çiyinlərindən göyərib qalxan qanadlara sataşdı. Dəli bir ehtiras onu səmalara doğru çəkir, ayaqlarını yerdən üzürdü.
Qarşıda onu göy üzünün ucsuz-bucaqsız ənginliyi gözləyirdi.
2003, Bakı