-
Vaqif Sultanlı
MAĞARA
Hekayə
Onlar iki nəfər idilər; biri cod sarışın saçlı, o biri isə çal saqqallı ucaboylu adamdı, əllərində bel-külüng daş mağarada qazıntı aparırdılar. Neçə gündən bəriydi ki, qeyri-adi tapıntılar bu iki əcnəbi alimi büsbütün ovsunlamışdı; özgə heç nəyin fərqində deyildilər. Söylədiklərinə görə, onların mağaradan tapdıqları əşyalarla tarixin yaşını ən azı min il qədimlərə çəkmək olacaqdı. Miladdan bir neçə yüz il öncə bu ərazidə qədim mədəniyyətin izlərinin olması ilə bağlı inandırıcı dəlillər tapılmışdı. Ancaq onlar istədiklərini əldə etsələr də, yorulub usanmadan qazıntı işlərini davam etdirirdilər.
– Bir baxın, bu qalıqlar çox qədim bir sivilizasiyadan xəbər verir,- bunu əlindəki sümük parçasının torpağını təmizləyib ehtiyatla ağ kətanın üzərinə qoyan sarışın saçlı dedi.
Çal saqqallı yoldaşına sarı dönmədən:
– Bunları üzə çıxara bilsək, bütün dünya arxeologiyasını heyrətdə qoyacağıq, - deyə cavab verdi.
...Bir qədər aralıda mağaranı xatırladan qazma daxmada qaçqın ailəsi yaşayırdı. Ailə ər, arvad, bir də on bir yaşlarında oğlan uşağından ibarətdi. Uşaq ailənin kiçiyiydi, böyüyü erməni əsirliyindəydi.
Ailənin başçısı bu qazmanı iki il əvvəl mənzilə çevirmişdi. Əvvəlcə bu yerdən bir qədər aşağıda yerləşən qaçqınlar üçün salınmış çadır şəhərciyində yaşayırdılar. Onların çadır evciyi olduqca darısqaldı və darısqallıq bir yana, qışda soyuqdan, yayda bürküdən içəridə durmaq olmurdu. Yağış yağanda isə çadırı su basır, torpağın rütubəti həftələrlə çəkilib getmirdi. Qazmanın şəraiti isə çadırla müqayisədə xeyli əlverişli idi. Ailənin başçısı bu qazmadan öncə indi əcnəbi arxeoloqların işlədiyi mağaraya düşmək istəyirdi. Ancaq mağaranın genişliyi, dərinliyi, sür-sümüklə dolu olması onu fikrindən daşındırmış, eynən həmin mağaraya bənzəyən bu qazmada məskunlaşmağı qərara almışdı. Düz bir həftə çalışıb-çabalayaraq uzaqdan təpəciyi xatırladan bu mağaranı yaşayış üçün yararlı hala salmışdılar.
Qazmanın bir qapısı, bir pəncərəsi vardı. Pəncərəni sellafonla örtmüşdülər, qapını isə köhnə, cırıq brezent parçası əvəz eləyirdi.
Qaçqınlığın ilk dövründə gündə bir yer dəyişdiklərindən uşaq məktəbə gedə bilməmişdi. Sonra çarəsizlikdən çadır şəhərciyinə üz tutmuşdular. Yaxınlıqda məktəb olmadığı üçün o, dərsə çadır şəhərciyi ilə qonşuluqda yerləşən kəndə getməli olurdu. Əvvəlcə uşaq məktəbə getmək istəmir, yaşıdları ondan üç sinif yuxarıda oxuduğu üçün utanıb sıxılırdı. Bir yandan da yolun uzaqlığı onu yorurdu. Bir neçə gün davamlı dərsə getməyəndə sinif rəhbəri dalınca gəlirdi. Bəlkə də dərs oxumaq istəyindən deyil, müəlliminin bu uzaq yolu dalınca gəlməsinə narahat olduğundan dərsdən qalmaq istəmirdi.
Ötən ildənsə cadır şəhərciyində köhnə yük vaqonunda məktəb açılmışdı, daha oxumaq üçün bu qədər yolu gedib-gəlməyə ehtiyac yox idi.
Bu iki əcnəbi alimin yaxınlıqdakı daş mağarada qazıntı aparması uşağın marağına səbəb olmuşdu. Onların mağaranın girəcəyində qurduqları mavi rəngli çadır, çadırdan gələn cürbəcür musiqi səsləri, uzun antennalı, qara şüşəli «Cip» markalı avtomobil, ətrafa səpələnmiş boş konserv qutuları, gecələr çadırı işıqlandırmaq üçün gurultuyla işləyən elektrik qurğusu – hər şey, hər şey onu cəlb edirdi.
Ən çox xoşlandığı isə əcnəbi arxeoloqların gurultuyla işləyən elektrik qurğusundan onların torpaq qazmasına işıq çəkilməsiydi.
Bura gəldikləri ilk günün axşamı o iki arxeoloqu qonaq çağırmışdılar. Atası qonaqpərvərdi, qaçqınlıq illərindən qabaq axşamları bircə dəfə olsun belə qonaqsız-qarasız keçməzdi, anası isə arxeoloqları qərib adam gözündə görür, hansısa köməyə ehtiyacı olub-olmadığını düşünürdü.
Qonaqlar gəlmiş, ancaq içəri qaranlıq olduğu üçün tezcə də qayıdıb bir top məftil gətirərək gurultuyla işləyən elektrik qurğusundan daxmaya işıq çəkmişdilər. O iki qonaq anasının saca saldığı isti yuxa ilə toyuq qızartmasını yeyə-yeyə heyrətli baxışlarla qazmanı süzür, onların həyatı, yaşayışı ilə bağlı hər şeylə maraqlanır, cürbəcür suallar verirdi. Qonaqlar axşamdan xeyli keçənə qədər oturmuşdular.
Gündüzlər elektrik qurğusunu söndürür, yalnız axşamlar işə salırdılar, ona görə də işıq yalnız axşamlar olurdu. Nə qədər ki, bu iki əcnəbi mağarada işləyirdi, işıq sarıdan korluqları olmayacaqdı.
Mağarada qazıntı başlanandan əvvəllər hər şeyə qarşı biganə olan uşağın gördüklərinə münasibəti dəyişmişdi, indi o, atasını sorğu-suala tutmaqdan yorulmurdu:
– Ata, onlar kimdirlər, nə axtarırlar orda?
– Arxeoloqdular. Qazıntı aparırlar, keçmişin izlərini axtarırlar.
Səhəri gün başqa suallar doğurdu:
– O gün uşaqlar danışırdılar ki, onlar qızıl izinə düşüblər.
– Ola bilər...
– Bəs biz nə üçün evimizdə qazıntı aparmırıq?
– Evdə qazıntı aparmazlar, quzu. Qazıntını mağarada apararlar.
– Axı, anam deyir ki, bura mağaradı...
– O zarafatla belə deyir, – kişi ürəyində arvadını qınadı.
Bir axşam isə uşaq qətiyyətlə:
– Ata, böyüyəndə mən də arxeoloq olacağam, – dedi.– Sonra da qürurla:– Qədim tariximizi öyrənəcəyəm, – əlavə etdi.
– ...
Kişi cavab vermədiyindən uşağa elə gəldi ki, atası onun son sözlərini eşitmədi.
Uşaq səhər yatağından həvəslə qalxıb hər günkü kimi bir fincan südlə çörəyini yeyərək mağaradan baxanda sac kimi dəyirmi görünən qaçqın düşərgəsindəki məktəbə yollandı. Bu gün özünü başqa bir aləmdə hiss eləyirdi; o, arxeoloq olacaqdı – qəti qərara gəlmişdi. Uşağa elə gəlirdi ki, məktəbdə hər kəs onun bu gizli arzusundan xəbərdardı.
Dərsdən sonra atası onu iş dalınca göndərdi. Atasının tapşırığını həmişəkindən daha həvəslə yerinə yetirdi. Evə dönəndə hava qaralmaq üzrəydi.
...Həmişəki kimi, arxeoloqların mavi rəngli çadırından musiqi səsi gəlirdi. O iki nəfər beli, külüngü bir tərəfə atıb yorğunluqlarını almaq üçün yaylı çarpayıya uzanmışdı. Bəlkə də yaylı çarpayıya uzanmaq yorğunluqdan deyildi, sadəcə onları gözləyən şöhrətin xəyallarında əsən havasından sərxoş olmuşdular.
...Uşaq isə qazmanın ətrafında dayanıb sabahkı dərslərini hazırlamaq üçün elektrik qurğusunun nə zaman işə düşəcəyini gözləyirdi. Axı o böyüyəndə arxeoloq olacaqdı, dərsə hazırlıqsız gedə bilməzdi.
2004, Bakı