-
Vaqif Sultanlı
QÜTB GECƏSİ
Hekayə
– Mən əvvəlki adam deyiləm. – Altı illik ayrılıqdan sonra sonsuz bir həyəcanla gözlədiyi ilk görüşdəcə hal-əhval sorarkən aldığı bu gözlənilməz cavab onu diksindirən kimi oldu və ayrı yaşadıqları bu illər ərzində xəyalında qurduğu dünyasını birdəncə yerlə-yeksan etdi.
Onun idarə etdiyi maşın ətrafı qranit qayalar və seyrək ormanla örtülü yolla şütüdükcə gözləri ilk dəfə gördüyü qeyri-adi mənzərələrə dikilsə də, insanın bu qədər dəyişə biləcəyinin heyrətləri içərisində fikrini bir səmtə cəmləşdirə bilmirdi.
O inanılmaz dərəcədə yadlaşmış, ifrat soyuqqanlı və qaradinməz bir adama çevrilmişdi. Xeyli cavanlaşmış vücudunda, çöhrəsinin hansısa bir cizgisində birgə yaşadıqları o əzablı illərin, dözülməz sıxıntılar içərisində keçən günlərin ötəri nişanələrini belə tapmaq mümkün deyildi.
Aldığı ilk cavabdan sonra onu düşündürən məsələ iki həftəni bu adamla bir mənzildə necə keçirəcəyi idi.
Maşın ormanların arası ilə irəlilədikcə insanın əsəblərinə sığal çəkən yaşıllığın və yabanı gözəlliyin arxasında gizlənən qəribliyi və tənhalığı bütün vücudu ilə duyurdu.
Eşitdiyi o sözlərdən sonra onun ardınca bu ölkəyə gəlməyinin peşmançılıq duyğusu içini bürüməyə başladı və ötən aylar ərzində büsbütün başqa ovqata köklənmiş yaddaşı biri-birinə qarışdı.
«İndi nə etsin, hayana getsin?» – öz-özü ilə söhbət edirmiş kimi düşünür, qərar qəbul etməkdə çətinlik çəkirdi.
«Bəs onda niyə gəlib qarşıladı? Niyə telefon zənglərində həmişə görüşməyə həvəsləndirirdi, onun üçün darıxdığını söyləyirdi? Axı, hərəkətlər deyilənlərlə qətiyyən uyğun gəlmirdi».
Hava limanından şəhərə aparan yol boyu biri-birini əvəz eləyən yaşıl mənzərələr seyrək tikililərlə əvəz olunanda narahatlığı biz az da artmağa başladı. Evlər biri-birindən aralı idi, ancaq ins-cins gözə dəymirdi, sanki bu binalarda insan yaşamırdı və burda həyat, gözəllik tənhalıq örtüyünə bürünmüşdü, insan xoşbəxtliyi yalnız təklik və tənhalıq cildindəydi.
Əslində son illər hər dəfə hansı məqsədləsə ölkədən çıxanda bir daha geri dönməyəcəyini düşündüyündən zəruri sənədlərini və əşyalarını özüylə götürürdü. Çünki daha öz ölkəsində yaşaya bilmədiyini, həyatının yarıdan çoxunun keçdiyi vətənin onunçün əsil cəhənnəmə çevrildiyini bütün əzasıyla hiss eləyirdi. Bir zamanlar bağlı olduğu insanların əqidəsini, məsləyini dəyişib tanınmaz dərəcədə başqalaşdıqlarını heç cür anlaya bilmir, özünü bu insanların çevrəsində büsbütün yad hiss eləyirdi.
– Deyəsən, mənim sözlərim xətrinə dəydi, ancaq yalan danışmağı sevmirəm. – O, gözlərini yoldan ayırmadan bir daha bayaq söylədiklərini təkrar elədi: – Mən əvvəlki adam deyiləm. Sadəcə bunu bilməyini istədim.
Həbsxanada bir il sərasər eyni kamerada yatmış, məhbəs həyatının dözülməz çətinliklərini, ağrılı-acılı günlərini birgə yaşamışdılar. O çıxılmazlıqda dostunun iradəsinə heyran qalmışdı. Dırnaqlarını çəkib çıxarsalar da, elektrik cərəyanına qoşaraq dözülməz işgəncələrə məruz qoysalar da, heç bir günahı olmadığı halda, min cür ləkə və iftiralar atsalar da, onu sındırmaq mümkün olmamışdı.
İndi qeyri-ixtiyari olaraq məhbəsdə keçən o dəhşətli günləri gözlərinin önünə gətirir, maşında yanaşı oturduğu insanın həmin adam olduğuna inanmağı gəlmirdi.
O günlər məhbəs həyatının ağırlığı onları biri-birinə daha da yaxınlaşdırmışdı. Bəzən gecələr kameranın kiçik nəfəsliyindən içəri axan ay işığının solğun şəfəqləri altında baş-başa verərək gələcək üçün xəyallar qurardılar. Əlbəttə, o zaman ən çox arzuladıqları azadlığa qovuşmaq idi; ancaq ümidsiz də deyildilər. Məhbəs həyatı nə qədər ağır keçsə də, hər an azadlığın nəfəsini duyur, o günün yaxında olduğunu anladıqlarından ruh yüksəkliyi içindəydilər.
Məhbəsdə olanda daha bu ölkədə yaşamayacaqlarına qəti şəkildə qərar vermişdilər. Həbsdən çıxarkən ölkəni birgə tərk eləməyi düşünürdülər, ancaq iş elə gətirdi ki, o, uşaqlıq dostuna yoldaşlıq eləyə bilmədi. İradəsimi çatmadı, yoxsa yaşlı ata-anasını taleyin ümidinə qoyub getməyimi vicdanına sığışdırmadı, - bunun səbəbləri özünə də aydın deyildi.
Dostunun ölkəni tərk etməsindən bir neçə gün sonra xəbər tutdu. Anası xəstələndiyi üçün ona baş çəkməyə getdiyindən şəhərdə deyildi. Əvvəlcə bu xəbərdən sarsılan kimi oldu, daha doğrusu, uzun illərdən bəri tanıdığı, bağlandığı yaxın bir dostunu, simsarını əbədi olaraq itiribmiş kimi içinə bir qəriblik duyğusu çökdü. Ancaq bu hiss çox çəkmədi, bir az sonra özünün də çıxıb gedəcəyini düşünərək bir qədər sakitləşən kimi oldu.
O, bu görüşü belə təsəvvür eləmirdi; sanki onun gəlişi dostunu qətiyyən maraqlandırmırdı. Elə bil ki, yanında oturduğu yad bir insan idi; söhbətə təşəbbüs etməməsi, dinib-danışmaması, tanış-bilişlərdən hal-əhval tutmaması, ölkədəki vəziyyətlə maraqlanmaması onu təəccübləndirirdi.
Vətəndən çıxıb gedənlərə yalnız ona görə haqq qazandırırdı ki, onlar əqidəsini, məsləyini qorumaq üçün bu addımı atmağa məcburdular. Ancaq insan vətəndən ayrılıb getdiyi yurdda da əqidəsini, məsləyini qoruyub saxlaya bilmirsə, onda bu addımı atmağın mənası nə idi?
Dostunun ailəsini də özüylə gətirdiyini bilirdi, ancaq yaranmış soyuqluqdan onların hal-əhvalını soruşmağa cəsarət eləmir, necə olsa, evə yetişəndə hər şeyi öyrənəcəyini düşünürdü.
Nəhayət, maşın beşmərtəbəli bir binanın qarşısında dayandı.
Dostu:
– Çatdıq, - dedi, - gördüyün bu evdə yaşayıram.
Hər ikisi tələsmədən maşından endilər, o, baqajı açaraq əşyalarını götürdü, sonra birlikdə bloka daxil oldular. Liftlə dördüncü mərtəbəyə qalxana qədər heç biri danışmadı.
İki otaqlı kiçik mənzilə daxil olanda o, içəridəki ab-havadan dostunun tənha yaşadığını hiss elədi, ancaq hisslərini büruzə verməmək üçün başını aşağı salıb ayaqqabılarının qıyını açmağa başladı.
Yerbəyer olandan sonra duş qəbul elədi, sonra birlikdə çay içdilər və çaydan sonra dostu evin açarının birini ona verərək vacib iş üçün gedəcəyini söylədi. Çıxanda isə ürəyi bir şey istəyən zaman soyuducudan götürüb yeyə biləcəyini söylədi.
...O gedəndən sonra uzun müddət pəncərənin qarşısında dayandı, ətrafı bürüyən yaşıllıqları tələsmədən gözdən keçirdi. Sonra divara vurulmuş böyük xəritənin qarşısında dayanaraq gəldiyi şəhəri axtarıb tapdı. Bu gün səhər evdən çıxmışdı; cəmi bir neçə saata bu qədər yol qət elədiyinə heyrətləndi.
Bu ölkə haqqında çox oxumuşdu, tarixini, mədəniyyətini, ədəbiyyatını burda yaşayanların bir çoxundan yaxşı bilirdi. Ancaq bu ölkədə yaşaya bilərdimi? Taleyini birdəfəlik bu yurda bağlaya bilərdimi? Bunu heç cür təsəvvür eləyə bilmirdi.
Sonra qonaq otağına göz gəzdirdi. Son dərəcə sadə döşənmiş otağın divar boyaları, uyğun seçilmiş rahat mebelləri bir tamlıq yaradır, insanın əsəblərinə sığal çəkirdi.
...Dostu evə axşamdan xeyli keçəndən sonra qayıtdı. İçəri girən kimi onu tənha buraxdığı üçün üzrxahlıq elədi, bir daha işlərinin çox olduğunu xatırlatdı:
– Ağlın başqa yerlərə getməsin, - dedi, - burda yaşamaq üçün gecə-gündüz çalışmalısan.
O heç bir cavab vermədi və birgə masanın arxasına oturdular.
Dostu:
– Mən yeməyəcəyəm, ac deyiləm,- dedi. – indi sənə bir şey hazırlayaram.
Gözləmədiyi bu təklifdən narahat olduğundan:
– Yox, yox, lazım deyil, zəhmət çəkməyin, - deyə qəti şəkildə etirazını bildirərək iştahının olmadığını söylədi.
Əslində bu gün təyyarədə yediyinin üstündəydi və o yeməyin ürəkbulandıran qoxusu hələ burnundan çəkilib getməmişdi. Bəlkə aradan bu qədər vaxt keçəndən sonra iştahının olmaması da elə onunla bağlıyıdı.
– Yaxşı, onda sərin pivə içərik. - Dostu soyuducudan iki şüşə pivə çıxararaq açıb qədəhlərə süzdü.
Bütün günü bir şey yemədiyi üçün pivə ona yüngül məstlik gətirdi, əhval-ruhiyyəsi bir qədər dəyişdi.
– Xanım, uşaqlar hardadır,- nəhayət soruşa bildi.
Dostu bircə kəlmə ilə:
– Ayrılmışıq, - dedi.
Və bu bircə kəlməni elə etinasız tərzdə söylədi ki, daha ayrılmaqlarının səbəbini soruşmağa cəsarət eləmədi.
Ancaq dostunun onun nigarançılığına son qoyması çox çəkmədi:
– Biri-birimizi anlaya bilmədik, - dedi.
– İndi hardadırlar, barı uşağını görə bilirsənmi? – deyə soruşdu.
Dostu başını bulayaraq:
– Onlar daha məni maraqlandırmır, - dedi.
Hiss etdi ki, dostu ailə mövzusunda danışmaq istəmir, ona görə də söhbəti dəyişərək işin üstünə gətirdi:
Dostu:
– Bir şirkətdə çalışıram, - dedi.- mazut alveri ilə məşğul oluram.
Gözləmədiyi bu cavabdan sarsılan kimi oldu, çünki dostu siyasət adamı idi, onun siyasətdən uzaqlaşaraq başqa işdə çalışmasını ağlına, təsəvvürünə gətirə bilmirdi.
– Bəs siyasi işlərə necə, vaxtınız qalırmı?
Dostu eynən bayaqkı əsəbiliklə:
– Daha məni siyasət maraqlandırmır, ömrümün o illərinə təəssüf eləyirəm- dedi və bununla da söhbəti biryolluq kəsmək istədiyni bildirdi.
Bir azdan dostu sabah erkən qalxacağı üçün tez yatmalı olduğunu söyləyərək onu qonaq otağında tənha buraxdı.
* * *
...O isə yata bilmədi.
Gündüzdən seçilməyən qütb gecəsinin aydınlığında səhərə qədər gözlərinə yuxu getmədi və həyatında ilk dəfə olaraq tələsmədən yaşadığı ömrün yaddaşına hopmuş səhifələrini aşağı-yuxarı vərəqləyə bildi.
Zaman hiss olunmadan axıb gedirdi.
Yaddaşında qarışmış vaxt duyğusunu sahmanlamaq üçün qalxıb pəncərənin önünə gəldi və qütb gecəsinin süd kimi aydınlığında yuyunan şəhərə, şəhərin üstünə yeriyən səssizlik və kimsəsizliyin cansıxıcı mənzərəsinə tamaşa eləməyə başladı. Göy qübbəsinin ortasında fırlanan günəş seyrək buludlarla əhatə olunmuşdu. Gecənin bu vədəsi günəşi göyün ortasında görmək çox heyrətamiz idi. Gecə o qədər işıqlı idi ki, həyatında ilk dəfə işığın bolluğundan narahatlıq duydu. Gecələri qaranlıq təsəvvür elədiyindən ona elə gəlirdi ki, bu işıq seli yalnız qaranlıqları deyil, dünyanın bütün gizlinliklərini, sirlərini yuyub aparır və insanı mübhəmliyini itirmiş dünya ilə baş-başa qoyur.
Şəhərin işıq selində üzən kimsəsiz küçələri bir anlığa ona insanları məhv olmuş dünyanı xatırlatdı. Ona elə gəldi ki, şəhərdə ondan başqa bir kimsə yoxdu və bu böyüklükdə şəhər küçələri, imarətləri, bağ-bağçaları, çayları, gölməçələri ilə birlikdə yalnız ona məxsusdur.
Ruhunu zədələyib keçən bu düşüncə içərisində yatağına girsə də, gözlərinə yuxu getmədi.
O, kölgəsindən sıyrılıb çıxmaq inadıyla bu yerdən, bu ölkədən uzaqlaşmaq istəyirdi.
Ancaq haraya gedəcəyini bilmirdi.
Vətən onunçün ölmüşdü.
2007, Oslo, Norveç