Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 04:41

Vaqif Sultanlı. Nəvai-Qumru


-

Vaqif Sultanlı

NƏVAİ-QUMRU

Hekayə

Miranşah atası Əmir Teymurun böyük dəyər verdiyi, şöh­rəti bütün Şərqə yayılmış məşhur bəstəkar Əbdülqadir Mara­ğayinin yeni əsərini dinləmək üçün möhtəşəm bir məclis dü­zənləmişdi. Bəstəkar bir ay öncə yazdığı əsərin əl­yazmasını ona təqdim edərək çəkinə-çəkinə belə bir məclisin keçirilməsi arzu­sunda olduğunu söylə­dikdə hökmdar məm­nun­luq hissi ilə razı­lığını bildirmiş və o zamandan sarayın bağ­ca­sında indiyədək mis­li görünməmiş hazırlıq iş­lərinə başlanıl­mışdı. Təbrizin ən mahir usta­ları saraya dəvət olu­naraq bağ­ça­nın ye­nidən qu­rul­ma­sına cəlb edilmiş­di. İki ay­dan artıq davam edən bərpa və təmir işləri saray bağçasının görünüşünü tanınmaz şəkildə də­yişmişdi.

İndi bağçanı dövrələyən bəzək ağaclarının rəngbərəng çe­şidləri göz ox­şayır, çiçəklərin biri-birinə qarışmış əsra­rəngiz qo­xusu adamı bihuş edirdi. Gül kol­larının arası ilə sə­kilər boyunca naxışlı ağac dirəklərdən asılmış fənərlər gecəni çıraqban edir, səkilərə döşənmiş təsvirli Təbriz xalıları bağ­çaya ayaq basanları xəyal dünyasına çəkib aparırdı. Az son­ra ziyafətin başlayacağını xəbər verən xəfif musiqi sə­daları bağ­çaya sirli, sehrli bir ovqat gətirirdi.

Əslində eyş-işrət məclisləri tez-tez keçirilsə də, saray ilk dəfə idi ki, belə təm­təraq və zövqlə bənzədilmişdi. Bunun səbə­bi isə hər kəsə bəlli idi: bəstə­karın yeni əsəri Əmir Tey­murun nəvəsi, Miranşahın oğlu Sultan Xəlilə ithaf olunmuşdu.

Miranşah yeniyetməlik çağına qədəm qoymuş oğlunu ötən yay Ma­vərənnəhrə, Əmir Teymurun hüzuruna göndər­miş­di. Məqsədi oğlunun göz­lərini açmaq, babasının yanında cahan­girliyin və səltənəti qorumağın sirlərini öyrənməsinə yardımçı olmaqdı. Ancaq çox keçmədən atası Sultan Xəlilin saraydakı ca­riyələrdən Şadimülkə vu­rularaq səltənət işləri ilə maraqlan­madığını Miranşaha bildirmiş, bir müddət onu Təbrizə öz yanına aparmağı məs­ləhət görmüşdü. Miranşah belə də etdi. İndi iki aydan artıq idi ki, Sultan Xəlil Təbrizdə idi. Hər gün israrla Səmərqəndə dönmək istədiyni bildirsə də, Miranşah bir bəhanə ilə oğlunu fikrindən daşındırır, zamanla hər şeyin həll olunacağını düşünürdü. Sarayda düzənlənən bu musiqi məclisi də Sultan Xəlili bir növ ovun­durmaq, o cariyənin sev­dasını başından çıxarmaq məqsədilə düşü­nülmüşdü.

Neçə gündən bəri idi ki, Əbdülqadir bitməz-tükənməz bir narahatlıq içə­risində məşq eləyir, yazdığı musiqinin gözəlliyinə heyranlığını gizlətməyən ifa­çılarla əsəri təkrar-təkrar səslən­dirirdi. Hər dəfə də o, ifanın bəlli bir yerində musiqini kəsərək yeni xallar, yeni düzəlişlər əlavə edir, bəstəni qüsursuz sənət əsərinə çevirmək üçün əlindən gələni əsirgəmirdi.

Ancaq içini sarmaşıq kimi bürüyən narahatlıq onu tərk etmir, əl-qolunu bağlayır, həyəcanını artırır, nə illah eləyirdisə, özünü ələ ala bilmirdi: «Görən, musiqiçilər əsəri onun istədiyi kimi səsləndirə biləcəkdilərmi? Ən əsası isə bun­ca hazırlıqların müqabilində hökmdar musiqini bəyənəcəkdimi?» – özünə ün­van­lanan bu sualların cavabı ona bir azdan bəlli olacaqdı.

Musiqi canından artıq sevdiyi oğluna yazıldığı üçün saray məiyyətilə birgə məc­lisə təşrif buyurmuş Miranşah bağçanın yuxarı başında inşa olunmuş taxtına qalx­mazdan öncə ifaçılara ya­xınlaşaraq hal-əhval tutdu. Hökmdarın gəlişini uzaqdan izlə­yən mavi xalatlı, başlarında zərli fəs olan ifaçılar ayağa qalxaraq müntəzir da­yan­mışdılar. Miranşah eyni qiyafədə olan saray musi­qiçilərinin hər birini şəx­sən tanıyırdı, təkcə bir nə­fərdən – əsəri ifa etmək üçün bəstəkarın dəvət üçün təkidlə israr etdiyi xanəndədən başqa. Əs­lində hökm­darın taxta əyləşməzdən öncə musiqiçilərlə xüsusi görüşməsinin sə­bəbi də xa­nəndəylə tanışlıq idi.

Cavan, arıq cüssəli, qaraşın çöhrəli xanəndə Miranşahla üz-üzə gəlməkdən özünü itirdiyindən dizi üstə hökm­darın qarşı­sında çökərək başını köksünə sarı əyib durmuşdu. Miranşah onun qalxma­sına icazə verdi.

– Oğlum, Azərbaycanın harasındansan? – soruşdu.

Xanəndə başını qaldırmadan qərib bir səslə:

– Marağadanam, - dedi

– Səndəmi Marağadansan?

Əbdülqadir qabağa yeridi:

– Hökmdar, Marağada doğulan hər kəsin belə gözəl səsi olur... – bəstəkar fikrini tamamlamaq üçün daha nə isə demək istədisə də, ancaq münasib söz tapa bil­mədiyindən susdu.

Miranşah xanəndəni mürəxxəs edib Əbdülqadirin qoluna girərək onu müşayiət edən məiyyətinin əhatəsində taxtına sarı getdi. Hökmdar taxtına əy­ləşdikdən sonra musiqiçilər onunla üzbəüz xalının üstündə yerlərini tutdular.

Hökmdarın sağında oğlu Sultan Xəlil əyləşmişdi. Sol tərəfdə taxtla yanaşı qoyul­muş kürsüdə əyləşmiş bəstəkarın bütün diqqəti ifaçılarda idi; onlar aram-aram alətləri kökləyir, çalmağa başlamaq üçün bəs­təkarın işarəsini gözləyir­dilər.

Ziyafət əhli dəstə-dəstə bağçaya döşənmiş xalıların üs­tündə əyləşmişdi. Tərtəmiz geyinmiş xidmətçilər əllərində gü­müş kuzələr qonaqlara ətirli şərbət, qırmızı şərab paylayır, hil, mixək, zəncəfil qoxuyan şirniyyat çeşidləri təklif edirdilər.

Bəstəkar hökmdarın icazəsini alaraq ifaçılara başlamaq işarəsi verdi və zərif musiqi sədası gecənin sükutunu pozdu.

Saray məclisləri ənənəsinə uyğun olaraq əvvəlcə Əmir Teymurun, sonra Miranşahın şərəfinə musiqi səslən­di­rildi, daha sonra rəqqasələrin oyunu nü­ma­yiş etdirildi.

Azacıq fasilədən sonra isə hər kəsin intizar içərisində gözlədiyi Sultan Xəlilin şərəfinə «Nəvai-Qumru»nun ifa olu­nacağı elan edildi; bircə anda bağ­çaya dəli bir sükut çökdü. Mu­siqinin müşayiət etdiyi xanəndənin qeyri-adi səsi eşidilincə məclis bu səsin sehrinə düşübmüş kimi özünü büsbütün unut­du.

Udun səsi yerin təkindən qopub gəlirmiş kimi boğuq bir fəryadla inil­dəyir, sənturun naləsi kanonun cingiltili nidasına qovuşaraq qeyri-adi ahəng yaradırdı. Xanəndə elə şövqlə oxu­yurdu ki, onun səsi dinlə­yənin ürəyinə işlə­yir, ruhunu vücu­dundan çəkib çıxarır­dı.

Saray bağçasının göz oxşayan yaşıllığı içərisində hər şey musiqinin ahən­ginə, harmo­niyasına köklən­mişdi. Məclis bu ahən­gin sehrinə, cazibəsinə bələn­diyindən heç nə görmür, eşit­mir, duymurdu. Musiqi səsi simlərdən süzü­lərək damla-damla qaranlığın bağrına hopur, gecənin ruhuna sığal çəkirdi.

***

Bu, Əbdülqadirin indiyə qədər yaratdıqları içərisində ən böyük sənət əsərlərindən biri idi, mahnının qeyri-adi ifası baş­qaları kimi onu da özündən alıb aparır, an­layıb dərk etmədiyi, sirlərindən agah olmadığı bir dünyaya sa­lırdı.

Əslində Əbdülqadir bu mahnını Sultan Xəlilə ünvanlasa da, mu­siqinin ritmi, sədaları içərisinə çəkilməz əzablara məh­kum olan xalqının acı taleyini gətirmişdi. Ancaq sözlər adi söz­lər idi, bunu sözlərlə ifadə etmək təh­lükəli idi, bu dərdin aşkar deyilməsi həyatı bahasına başa gələ bilərdi, ona görə də hər nə deyilmişdisə, musiqinin ritminə, sədalarına hop­durulmuşdu.

Əbdülqadir Qumrunun sevgisini ömrünün erkən illə­rində qəfil əsib keçən rüzgar kimi duymuş, ancaq faciə ilə bitən bu sevdanın kədər qoxuyan xə­yallarını həmişə özündən uzaqlaş­dırmağa çalış­mışdı. Heç zaman adıyla çağır­madığı o gözəlin Qumruya – zərif quşcuğaza necə də bənzəyişi vardı...

Bəstəkar əvvəl-əvvəl o ilahi sevgisinə qayıtmaq, Qum­runu xatırlamaq istəmə­mişdi, bu sevgidən, bu sevginin gətirdiyi həyəcandan qorx­muşdu. O, qızın məhəbbətinə layiq olma­dığını, ona cavab verə bil­mə­diyini düşü­nərək bu sevgidən qaçmış, hər şeyi unutmağa, belə bir sev­ginin ola bil­məyəcəyini dü­şünməklə özünü, gələcəyini aldat­mağa çalışmışdı...

Ancaq sonra, çox-çox sonra bunun mümkün olmadığını anlamışdı. Sə­mər­qənddə yaşadığı illərdə Qumrunun eşqi daim onun yuxularını qaçırırdı; və­təninin, doğmalarının həsrəti o qı­zın rəngində, qoxusunda, qiyafəsində gəlir, onu darıxdırır, hə­yəcanlandırır, kədərləndirirdi.

Qumrunu el-el, oba-oba soraqlaşmağa başladı, görənlər­dən, tanı­yıb bi­lənlərdən xəbər aldı, onu tapmaq ümidilə Səmər­qənddən Bağdada, Ərbilə qə­dər gə­zib dolaşdı, an­caq soraq ve­rən olmadı. Sanki qız doğulmamış, yerli-dibli bu dünyaya gəl­mə­mişdi...

Beləcə, Əmir Teymurun nəvəsinə ithaf etdiyi bu əsər özü də duy­madan «Nəvai-Qumru»ya çevrilmişdi.

Əbdülqadir bu mahnını əlinə qələm alıb yazmamışdı, bu musiqi ruhun­dan, qəlbindən süzülüb gəl­miş, ilahinin sehri, mö­cü­zəsi kimi yaranmışdı. O sadəcə hisslə­ri­ni, duyğularını var­lığından siyirib səsə, ritmə, ahəngə çevirmişdi. Bu mahnı de­yildi, musiqi deyildi, buna qulaq as­maq olmurdu, dinləyənin ru­hunu, varlı­ğını titrədir, insan oldu­ğunu, dərd üçün doğulduğunu, ölənəcən dərd içindəcə qovrulacağını ona xatırladırdı.

İndi musiqini dinləyən hər kəs onun sədaları, ritmi, ahən­gi içərisində giz­lənən ilahi sevgini duyur, bu sevginin böyük­lüyünə, əzəmətinə, qüd­rətinə hey­ranlığını gizləyə bilmirdi.

Bəstəkar saray bağçasının yaxınlığındakı hərəmxanada, qaranlıq ota­ğın qalın pərdəli pəncərəsi dibinə çökərək mu­siqini dərd kimi ruhuna çəkən gözəlin – Qumrunun varlığından xəbər­sizdi. İllərlə axtardığı sevdasının səsin yetdiyi qədər yaxınlıqda olduğunu bilmirdi. Bilmirdi ki, səsin həyə­can­lan­dırdığı qız mu­si­qinin fəhmlə ona yızıldığını duyubmuş kimi gizli bir təşviş içərisində çır­pınır, gecənin, tənhalığın, sevgisizliyin pəncəsin­dən qoparaq o səsə qo­vuş­maq, həsrətini, nakamlığını o səsin ahəngində əritmək istəyir. O bütün bunları bilmirdi və bil­mə­yəcəkdi də...

* * *

Bu ilahi musiqinin qüdrətinə təslim olmuş Miranşahın illər boyu sifətini örtmüş zəhmi, zalımlığı bir andaca çəkilib getmiş, yerini yumşaq, mü­layim cizgilər bürümüşdü. Musiqi Miranşahın ruhuna, varlığına elə işləmişdi ki, heç nə görmür­müş, eşitmirmiş kimi gözlərinin dikildiyi uzaq məchulluqları seyr edirdi.

«– Görən taleyimiz necə olacaq», - Miranşahın dodaq­larından qopan bu səda Əbdülqadiri diksindirdi. – «Hökmdar ondanmı nicat umurdu?! Fələk, bu nə sözlərdi belə».

... Birdən Miranşahın əsəbi halda taxtdan qalxması ilə musiqi yarımçıq kəsildi. Hələ musiqinin cazibəsindən qopma­mış, nə baş verdiyini anlamayan məclis əhlinin gözü hökmdara dikildi.

Miranşah özündə deyildi, bayaq musiqi ifa olunarkən düş­düyü halətdən qopub ayrılmamışdı. Musiqi onun ruhuna, varlığına, qəlbinin, içəri dünyasının ən gizli nöqtələrinə nüfuz etmiş, keçmişini, gələcəyini biri-birinə qatmışdı.

Musiqinin kəsilməsilə məclisə ölü bir sükut hakim oldu. Miranşah onunla yanaşı dayanmış bəstəkara sarı döndu:

– Bu mahnını kimə yazmısan, Əbdülqadir?

Bəstəkar gözləmədiyi bu sualdan özünü büsbütün itirdi, əslində ba­yaq­dan bəri Miranşahın sifətinin dəyişən cizgilə­rindən onun qeyri-adi xəyallar aləminə qədəm qoyduğunu duy­muşdu. «Əlahəzrət niyə bu gözlənilməz sualı ver­di, görən? Bəyəm o bilmirmi mahnının kimə həsr olunduğunu? Söylə­mə­mişdimmi, hələ bir ay öncə Sultan Xəlilin şərəfinə yazıldığını? Əgər bilmirdisə, bəs bu təmtəraq, bu məclis nədən ötrü qu­rulmuşdu? Yox, bu adi suala bən­zəmir».

Miranşahın sualının gözlənil­məzliyi onu diksindirsə də, təmkinini topla­yaraq:

– Sultan Xəlilin şərəfinə yazmışam, əlahəzrət! – dedi.

Miranşahın sifəti birdən-birə dəyişdi:

– Nə cəsarətlə mənə yalan söyləyirsən!

Əbdülqadir ağlına belə gətirmədiyi bu ittahamdan çaşıb qaldı, sifətinin rəngi çəkildi və nə cavab verəcəyini bilmədiyi üçün susub durdu.

– Bu mahnını Sultan Xəlili düşünüb qoşmamısan!..

– ...

– Bu sevgi əsə­ridi!

Məclisə daş sükutu çökmüşdü, hər kəs nəfəsini udaraq bu söhbətin so­nunun necə qurtaracağını gözləyirdi. Adamlar böyük musiqi ustadının Mi­ranşahın qəzəbinə düçar olacağının, belə qüdrətli sənətkarın susdu­rulacağının həyəcanı içərisində idi.

Miranşah sualına cavab almadan qalxıb taxtında əyləşdi.

– Lənət şeytana, - dedi və Əbdülqadirə sarı dönərək mahnını bir daha dinləmək istədiyini bildirdi.

Qəfildən yeni bir ahənglə yüksəlməyə başlayan musiqi sədaları yaranmış gər­ginliyi bir qədər aradan götürən kimi oldu və hökmdarın hirsinin soyu­masından ürəklənən bəstəkarın rəngi üstünə gəldi.

* * *

Şərəfinə bəstələnən musiqi gənc Sultan Xəlili özündən alıb aparmış, ata­sının nəsihətləri ilə bir qə­dər səngiyən həsrətini yenidən oyandırmışdı. Səmər­qənddə qoyub gəldiyi Şad­imülkün dərdi içini alov­landırmağa başlamışdı. «Əb­dülqadir onun yaşa­dıq­larını necə duy­muş, qəl­binin gizlinliklərinə nə yolla vara bil­mişdi? Elə bil olub-bitən hər şeyi bəstəkara anlatmışdılar. Kaş, bu musiqini Şadimülk də dinləmiş olaydı».

Gənc içərisini didən sualların əzablarından çırpınır, daha bu ayrılığa dözə bilməyəcəyini anlayaraq yollar arayırdı. «Gö­rən, Şadimülk indi mənsiz ney­ləyir? Babası onu öldürtmək istə­yirdi, bir yolla sevgilisini ölümün cəngindən qurtara bildi. Bəs kimin ümidinə qoyub gəldi onu? Niyə bu addımı atdı? Yox, yox, bunu heç zaman Şadimülk ona bağışlamayacaq. Heç özü özünü də ba­ğışlamayacaq».

Sultan Xəlil ayağa qalxaraq hiss olunmadan məclisi tərk etdi. Musiqi qəl­bini ovsunlamış, gücünü, qüdrətini coşdur­muş­du. İndi heç bir maneə qar­şısını kəsə, vüsala aparan yolunu bağlaya bilməzdi.

O, gizli yollarla saraydan çıxıb atına süvar oldu. Dördnala ça­paraq şəhər­dən çıxıb onu tilsim kimi özünə çəkən Səmərqənd səmtini tutdu.

* * *

...Musiqi bitəndən sonra Miranşah əsərlə bağlı Sultan Xəlilin fikrini öy­rənmək üçün sağına çevriləndə oğlunu yerində görmədi. Ürə­yinə nə isə dam­dığından dərhal xəfiyyəbaşını səsləyərək oğlunun harda olduğunu soruş­du.

Göz qırpımında gedib-qayıdan xə­fiy­yəbaşı Sultan Xəlilin atına süvar olaraq sarayı tərk etdiyini bildirdikdə hökmdar mə­sələni anladı və mühafizə dəstəsinə şəhərdən çıxan bütün yolları kəsmələrini, oğlunu tapıb geri qaytar­ma­larını əmr etdi.

Ancaq bütün bunlar əbəs idi; Sultan Xəlilin atı qanad çıxarmışdı.

2005, Bakı-Hamburq

XS
SM
MD
LG