-
«Seçicilərin 38.93%-i seçkilərdə iştirak edib. Artıq bütün bələdiyyələrdə tərkib formalaşmış sayılır, 15 min 35 lider üzv müəyyənləşib».
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bələdiyyə seçkilərinin yekunu ilə bağlı mətbuat konfransında belə deyib.
Seçkilərdə 8 partiya namizədini irəli sürüb, siyasi mənsubiyyətini göstərənlər də nəzərə alınsa, seçkilərdə 30 partiyanın üzvləri iştirak edib.
«...DAHA YÜKSƏK TƏMSİLÇİLİK ƏLDƏ EDİLƏCƏK»
Seçkiyə ən çox – 16 mindən çox namizədlə gedən hakim Yeni Azərbaycan Partiyası (YAP) seçkinin uğurlu keçdiyini bəyan edib. Seçkinin yekunları ilə bağlı mətbuat konfransında YAP sədrinin müavini Əli Əhmədov deyib ki, ötən illər ərzində qazanılmış nailiyyətlər bu seçkilərdə YAP üzvlərinin bələdiyyələrdə daha yüksək təmsilçilik əldə etməsi ilə nəticələnək.
Hakim partiyadan fərqli olaraq müxalif partiyalar seçkini azad və ədalətli saymır. Müsavat Partiyası rəyində seçkinin bir siyasi qüvvənin hegemonluğu altında keçirildiyi deyilir. Müsavat Partiyası seçkiyə partiya halında getməsə də, üzvləri arasında namizədliyini irəli sürənlər olub. Müsavat başqanının müavini Gülağa Aslanlı partiyanın məntəqələrdə müşahidə apardığını və qeydə alınan pozuntuların rəydə əks olunduğunu deyir:
«NÖVBƏTİ FİASKO»
«Müsavat Partiyası hesab edir ki, bu seçki növbəti fiaskodur. Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri nəzərə almadan həyata keçirildi. Saxta seçkilər ərəfəsində belə Bakı Şəhər Bələdiyyəsinin yaradılmaması Azərbaycanın qoşulduğu bir çox xartiyalara qarşı çıxmaqdır».
AXCP bu seçkilərə nə namizədlə, nə də müşahidə missiyası ilə qatılıb. Bununla belə, AXCP sədr müavini Gözəl Bayramlı partiyaya pozuntularla bağlı məlumatların daxil olduğunu deyir:
«Digərlərində olduğu kimi, bu seçkilər də tam saxtakarlıq şəraitində, çox az seçicinin iştirakı ilə baş tutub. Biabırçı bir seçki adlandırırıq bunu. «Karusel» əməliyyatından istifadə olunmaqla qutuları doldurublar».
Seçkidə pozuntuların olması, xüsusən də, seçki qutularına topa bülletenlərin atılması, bir seçicinin bir neçə məntəqədə səs verməni ilə bağlı videogörüntülər sosial şəbəkələrdə artıq dünəndən yayılıb. Bu cür pozuntular AzadlıqRadiosunun videokamerasından da yan keçməyib, lentə alınmış videofaktlar internet səhifədə yer alıb.
MSK sədri bu cür faktlara da münasibət bildirib. Bildirib ki, 20 gün ərzində komissiyaya daxil olan bütün müraciətlər araşdırılacaq.