Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 08:14

İslam Dövləti yaraqlılarının nəzarətində adaxlıbazlıq və izdivac


Arxiv fotosu: Üzü bağlı gənc müsəlman qadın.
Arxiv fotosu: Üzü bağlı gənc müsəlman qadın.

.

Joanna Paraszczuk


Suriyada döyüşən bir britaniyalı İslam Dövləti yaraqlısı Suriyaya gəlmək, bu qruplaşmaya qoşulmaq və yaraqlılara ərə getmək istəyən qadınlara məlumat və məsləhətlər verir.

Abul Qa’qa al-Baritani təxəllüsünü daşıyan britaniyalı yaraqlı qadınlara onların böyüklərinin evlənmək üçün icazə verməsi qaydalarını izah edir və Suriyaya İslam Dövlətinin üsul-idarəsi altında yaşamaq üçün gələn qeyri-müsəlman qadınlara buradakı şərait barədə məlumat verir.

Məsləhətləri çox əhatəlidir. Bundan əvvəlki bloqlarından birində o, “düşmən əhalisinin mərkəzlərində əqrəb zəhəri də daxil olmaqla təbii və toksik kimyəvi maddələrdən istifadəni” tövsiyə edib.

“Bacılar mağarı”

Abul Qa’qa al-Baritani-yə görə Suriyaya İslam Dövləti yaraqlılarına qoşulmaq üçün gələn qadınlar ərə gedənədək “bacılar mağarı” adlanan və yalnız qadınların yaşadıqları şəhərcikdə sakin olmalıdırlar. Onlar təlim düşərgələrinə gedə bilməzlər:

“Mənim bildiyimə görə, orada fəaliyyətdə olan təlim düşərgələri yoxdur, lakin qadınların öz ərlərindən təlim almaları mümkündür.”

Orada ərəb dilini və Quranı öyrənməyin mümkün olub-olmadığını soruşan başqa bir qadına Baritani bunun mümkün olduğunu yazır, amma dərhal haşiyə çıxır:

“Mənim bütün bacılara dediyim kimi, bu, sizin ərə getdiyiniz adamlardan asılıdır. Ola bilər ona adi evdar qadın lazımdır, ki onu evdə kilidli saxlasın və ya elə qardaşımız da ola bilər ki, xoşqılıqdır və arvadı üçün adi yaşayışdan daha artığını vermək istəyir”.

Layiqli kişi tapmaq və “5 dəqiqəlik o çox mühüm ilk görüş”

Baritani həmçinin İslam Dövləti silahlılarının nəzarətində olan Suriyada adaxlıbazlıq və elçilik kimi şeylər barədə məlumat verir.

Nikahda maraqlı olanlar “izdivac məsələləri” ilə məşğul olan yaraqlıları görməlidirlər.

Bundan sonra namizədlər təklif edilir və onlarla eyniseanslı qısa mükaliməyə imkan verən görüş təşkil olunur:

“Bu görüşləri evlənməkdə maraqlı olanlar üçün evlənmək işlərinə baxanlar təşkil edirlər. Namizədlərin bir-biri ilə danışmaları üçün 5 dəqiqə vaxt verilir və özləri belə istəyirlərsə, bir-birlərinin üzünü görmək imkanı da yaradılır.”

Baritani yazır ki, beş dəqiqəlik görüşdən sonra potensial cütlüklər evlənmək barədə qərar verə bilərlər.

“Evlənmək və ya bir-birlərindən imtina etmək onların öz seçimidir, ən düzünü isə Allah bilir” – deyə britaniyalı Baritani izah edir.

Atadan icazə alınması

Özünün başqa bir bloqunda Baritani izah edir ki, yaraqlılara Suriyaya gələn və “bacılar mağarı”nda yaşayan əcnəbi müsəlman qadınlarla evlənmək icazəsi verilib. Lakin İslam Dövləti silahlılarının nəzarətində olan Suriyada ərə getmək istəyən qadınlar öz böyüklərindən, əsasən də ataları olan məhrəm şəxslərindən icazə almalıdırlar.

Baritani deyir ki, adətən sözü gedən qadınlar Suriyada, ataları isə Qərbdə olduğundan onlara internet vasitəsilə atalarından icazə almaq imkanı verilir.
Lakin Baritani izah edir ki, qadının atası dini baxış və ya xarakterinə görə hansısa namizədə etiraz edirsə, onda qadının məhrəmliyi sıra üzrə növbəti olan böyüyünə, yəni başqa yaxın qohumuna keçir və bu proses razılıq əldə olunanadək davam edir”.

Kirayə, yemək-içmək və oxumaq

Baritani həmçinin İslam Dövləti yraqlıları arasında yenicə evlənmiş şəxslər üçün yaradılan şərait barədə də məlumat verir.

Baritaninin dediyinə görə, “İslam Dövlətinin nəzarətində olan ərazilərdə evli cütlərə ərzaq üçün aylıq müavinət və şəxsi yaşayış üçün ev verilir, bir şərtlə ki, həmin vaxt boş ev olsun”.

Əgər boş ev yoxdursa, evlənənlər başqa bir evli cütlə bir evdə yaşaya, yaxud özləri kirayə üçün ev tapa bilərlər.

“İslam Dövləti kirayə haqqı məsələsində dəstək verir” – yazır Baritani.

O, həmçinin bəyan edir ki, Səudiyyə Ərəbistanındakı həmcinslərindən fərqli olaraq İslam Dövləti silahlılarının nəzarətində olan Suriya torpaqlarında qadınlara maşın sürmək icazəsi verilir.

Görünür, qadınların maşın sürməsi İslam Dövlətində olduqca aktual məsələdir, çünki Baritani özünün sosial şəbəkələrdəki hesabında bu barədə iki suala geniş cavab verib.

Burda heç-zad yoxdur

Baritani-nin qadınlara verdiyi izdivac və yerli şərait informasiyası İslam Dövləti qrupunun başqa üzvlərinin verdikləri məlumatlara uyğun gəlir.
Lakin bu yaraqlıların qadın üzvləri üçün Suriyadakı həyatın başqa tərəfləri daha önəmli görünür.

Özünü Umm Layth adlı ilə təqdim edən bir qadın “Mühacirənin gündəliyi”, (yəni əcnəbi qadın döyüşçünün gündəliyi) adlı bloqunda İslam Dövləti silahlılarının əlində olan regionlarda arvad olmaq istəyənlərə özləri ilə paltarlarını, kitablarını və kosmetikalarını gətirməyi tövsiyə edir.

“Ərli bacılar və ya tezliklə ərə gedəcək bacılar, kosmetika və zinət əşyalarını Qərbdən gətirin. İnanın mənə, burda heç nə yoxdur” – yazır Umm Layth.

XS
SM
MD
LG