.
Yanvarın 12-də "New York Times" qəzetində "Azərbaycan prezidenti İlham Əliyevin iki üzü" başlıqlı redaksiya məqaləsi dərc olunub.
Yazıda Prezident İlham Əliyevin ustalıqla doktor Cekil (Jekyll) və Hayd (Hyde) obrazlarını oynadığı qeyd olunur (Robert Luis Stevenson-un "Doktor Cekil və cənab Hayd" povestinin, öz üzərində eksperiment aparmaq üçün dərman içərək tam əks, mənfi xarakterə çevrilən qəhrəmanı - red.).
Məqalədə oxuyuruq:
"Amerika səfirinin Bakıdan göndərdiyi, WikiLeaks-də yayılan teleqramda Əliyev Michael Corleone-Sonny Corleone kimi təsvir olunur. O, "Xaç atası" mafiya ailəsində soyuqqanlı, hər şeyi ölçüb biçən, eyni zamanda zorakı qardaşlardan böyüyüdür. Cənab Əliyev Qərbin sevdiyi bir çox məsələlərdə "qərbyönlü"dür: O, nəzakətlidir, geyiminə fikir verir, ingiliscə yaxşı danışır; ölkəsinin zəngin neft və qazını Avropa və İsrailə göndərməyə hazırdır; ölkədəki İslam mötədil və müasirdir; dəbdəbəli beynəlxalq tədbirlərə ev sahibliyi edir, 2012-ci ildə Avroviziya mahnı müsabiqəsi keçirib, iyunda Avropa Oyunları olacaq.
Amma o həm də böyük korrupsionerdir və avtoritar rejimi dünyada inan haqlarının ən pis pozulduğu ölkələr sırasındadır.
Müstəqil media və qeyri-hökumət təşkilatlarına təzyiqlər davam edir. Polis ABŞ-ın maliyyələşdirdiyi AzadlıqRadiosunun Bakı bürosunda axtarış aparıb, kompüter və sənədləri götürərək ofisi möhürləyib. AzadlıqRadiosunun onlarla əməkdaşı saxlanaraq dindirilib".
"New York Times" tanınmış araşdırmaçı jurnalist Xədicə İsmayılovanın cənab Əliyevin ailə biznesini aşkarladığı üçün həbsə atıldığını yazır. Məqalədə insan haqları müdafiəçiləri Leyla Yunus və Arif Yunusun da həbs olunduğu vurğulanır:
"Əlbəttə, cənab Əliyev fəndgir siyasəti və zəngin təbii sərvətlərə nəzarətilə Amerika və Avropa siyasətçilərini qarşısına alan tək diktator deyil. WikiLeaks bu qarşıdurmanı "ABŞ maraqları ilə ABŞ dəyərləri arasında seçim" adlandırır. Atası Heydər Əliyev 1969-cu ildən 2003-cü ilədək Azərbaycanı dəmir əllə idarə edib. Oğlu isə Azərbaycanın neft sərvətinə söykənərək 3 sual doğuran seçkidən keçərək atasının şəxsiyyətə pərəstiş erasını möhkəmləndirib."
Ancaq cənab Əliyev bir tərəfdən Qərblə dostluq etməyə çalışsa da, xaricdən maliyyələşən təşkilatların, o cümlədən də AzadlıqRadiosunun onun əleyhinə işlədiyinə inanır. Avtoritar tərəfdaşı Vladimir Putin kimi o da, Ukrayna prezidenti Viktor Yanukovych-in devrilməsindən tutmuş ərəb inqilablarınadək hər yerdə düşmən Amerikanın əlini görür. Və o, istənilən müxalifəti tumurcuq ikən boğmağı qarşısına məqsəd qoyub. Dekabrın 4-də cənab Əliyevin sağ əli Ramiz Mehdiyev 60 səhifəlik manifestində inqilab hazırlayan qeyri-hökumət təşkilatlarının "beşinci kolonu"ndan şikayətlənib, xanım İsmayılovanın "xarici casuslar"dan informasiya aldığını iddia edib.
Qərb anlamalıdır ki, avtoritar Əliyev əsl Əliyevdir. O, opponentlərini və digər azadlıq nişanələrini əzmə kampaniyasını sürətləndirdiyi bir vaxtda, Birləşmiş Ştatlar və Avropa indikindən daha aydın dildə danışmalıdır. Deməlidir ki, onunla iş görə bilərlər, ancaq onun özü və ölkəsinə vurduğu ziyan məsələlərində aldana bilməzlər".
Azərbaycanda jurnalistə hücumu kim sifariş edib?
"The İndependent" qəzeti Naxçıvdan hüquq müdafiəçisi və jurnalist İlqar Nəsibova ötən ilin avqustunda edilmiş hücumdan yazır. İlqar Nəsibov avqustun 21-də Naxçıvanda Demokratiyaya Dəstək Resurs Mərkəzinin ofisində bir neçə şəxs tərəfindən döyülüb, qabırğaları, burnu, almacıq sümükləri qırılıb, ona çoxsaylı xəsarətlər yetirilib. Həkimlər jurnalistin üzünə 10-a yaxın tikiş qoyub və güclü beyin silkələnməsi olduğunu qeydə alıb. Hadisədə əli olanlardan birinə cinayət işi açılıb. Ötən noyabrda İlqar Nəsibov şikayətçi olduğu şəxsin peşman olduğunu nəzərə alaraq, onu bağışlamışdı.
İlqar Nəsibovun həyat yoldaşı Məlahət Nəsibova qəzetə deyib:
"Əminik ki, bu hücum Naxçıvandakı fəaliyyətimizə görə planlaşdırılmışdı. Bundan əvvəl də bir neçə dəfə hücum olmuşdu. İlqarı vurub qaçmışdılar, o, xəsarət almışdı. Mənə Naxçıvan Milli Təhlükəsizlik Nazirliyindən kimsə zəng edib ailəmi hədələmişdi".
Azərbaycanın Londondakı səfirliyinin sözçüsü bəyanatında bildirib ki, "ifadə azadlığı Konstitusiya ilə qorunan təməl insan haqları sırasındadır və peşə fəaliyyətinə görə hücuma məruz qaldığını deyən istənilən jurnalist məhkəməyə müraciət edə bilər".
Rusiya transseksuallara maşın sürməyi qadağan edir
"Washington Post" yazır ki, baş nazir Dmitry Medvedev uzun müddət idi Rusiyanın yollarından narahat idi. 2011-ci ildə baş vermiş 200 min yol qəzasında 28 mindən çox adam həlak olub:
"Medvedev Rusiyanın yollarını təmizləməyin yeni həllini tapıb: transseksuallara maşın sürmək qadağan olunacaq. Bu yaxınlarda imzaladığı fərmanda cinsi orientasiyasına – "psixi pozuntu"ya görə sürücülük lisenziyasının alınacağı bildirilir".
Rusiyada insan haqları müdafiəçiləri buna inana bilmirlər. Maria Bast adlı trans qadın bu fərmanı "əxlaqsız" və "ayrı-seçkilik yaradan" adlandırıb. O, transseksuallığın sürücülüyə təsir göstərmədiyini vurğulayıb.
Müəllif yazır ki, hər 10 rusdan 9-u cinsi azlıqların özlərinə aid ədəbiyyatı yaymasını yasaqlamaq tərəfdarıdır. Araşdırmalara görə, rusiyalıların yalnız 16 faizi homoseksuallığın qəbul olunması tərəfdarıdır.