-
Yanvarın 19-da saat 10.30 radələrində Hövsandakı 118 saylı orta məktəbin yaxınlığına toplaşan sakinlər məktəb direktoru Qardaşxan Səlimovun işdən çıxarılmasını tələb ediblər. Onlar Qardaşxan Səlimovun direktor kimi fəaliyyət göstərdiyi müddətdə məktəbdə təhsilin keyfiyyətinin aşağı düşdüyünü, şagird və valideynlərin vaxtaşırı təhqir olunduğunu bildiriblər.
Aksiya iştirakçıları:
«Keçən həftənin cümə günü bir şagirdə qarşı etdiyi hərəkət isə məsələni pik həddinə çatdırdı. Məktəbdə tarix fənninin tədris olunmamasından narahat olan şagirdlər direktora müraciət ediblər. Direktorsa bildirib ki, tarix müəllimi bir müddət işə çıxmayacaq. Şagirdlər də təklif ediblər ki, işə çıxmadığı müddətdə tarix müəllimini başqası əvəz etsin. Direktor da şagirdlərin arasında onlardan birinin üstünə qışqırıb ki, atan harasa gedəndə ananı başqa kişiyə tapşırır? Şənbə və bazar qeyri-iş günləri olduğuna görə gözləməli olduq. İndisə tələb edirik ki, direktor işdən çıxarılsın və cəzalandırılsın» .
1 NƏFƏR ÖLÜB...
Aksiya keçirilərkən məktəb direktoru Qardaşxan Səlimov da öz şəxsi avtomobilində oraya gəldi. Adamlar maşının üzərinə hücum çəkdilər. Bu vaxt maşının qarşsında bir gənc yerə yıxıldı. «Öldü, öldü» qışqırıqları eşidildi. Məktəb direktoru maşından düşmədən hadisə yerindən uzaqlaşdı. Huşunu itirmiş gənci bir maşına qoyub yaxınlıqdakı 11 saylı Köməkçi Yardım Stansiyasının Hövsan filialına apardılar.
Bir neçə dəqiqədən sonra xəbər çıxdı ki, 21 yaşlı Hövsan sakini, yenicə ailə həyatı qurmuş Elmar Rəcəbəli oğlu Əliyev vəfat edib. Bunu eşidən sakinlər kütləvi şəkildə 11 saylı Köməkçi Yardım Stansiyasının Hövsan filialına tərəf axışdılar. Klinikanın həyətində qəsəbə icra nümayəndəsi Ağasəlim adlı şəxsin qara rəngli, xarici avtomobilini dövrəyə alıb təpikləməyə, şüşələrini sındırmağa başladılar. Klinikanın həyətində polis qüvvəsi vardı. Az sonar Suraxanı rayon prokuroru ilə rayon polis idarəsinin rəisi də gəlib çıxdı. Aksiyaçılar məktəb direktorunun cəzalandırılmasınmı tələb edir, icra nümayəndəsinin avtomobilini təpikləməkdə davam edirdilər.
Saat 12.00 radələrində Elmar Əliyevin nəşi təcili yardım avtomobilinə qoyularaq evlərinə yola salındı. Xəbər gəldi ki, icra nümayəndəsi və Təhsil Nazirliyinin işçiləri 118 saylı məktəbdədir. Aksiyaçılar ora üz tutdu. Məktəbin zalına toplaşaraq kütləvi şəkildə etirazlarını təkrarladılar.
Saat 14.00 radələrində Bakı şəhər təhsil idarəsi məlumat verdi ki, məktəb direktoru vəzifəsindən kənarlaşdırılıb.
Suraxanı rayon prokurorluğundan bildiriblər ki, qəsəbədə baş verənlərlə bağlı araşdırma aparılır.
Fotolar: