-
«Nurçularla bizim heç bir əlaqəmiz yoxdur, ola da bilməz. Çünki öz dövlətinə sədaqətlə xidmət edən bir insan hansısa bir təsirin altına düşə bilməz».
Bunu «Yeni Müsavat»a müsahibəsində deputatı Rəbiyyət Aslanova deyib. O bildirib ki, nurçularla əlaqələri barədə iddialar səslənəndə, milli təhlükəsizlik orqanlarına müraciət edib:
- Müraciət etmişdim ki, tamam yoxlanılsın, bilinsin. Mən dövlətim, prezidentim, xalqım qarşısında alnıaçıq və fəaliyyətində azacıq da olsa, qara nöqtə olmayan bir insanam.
- Reallıqda məmurlar özləri işdən çıxarılmalarını faciə sayırlar, bu, acı gerçəklikdir. Amma Elnur Aslanov gənc kadr idi, onun kifayət qədər ciddi mərtəbədən endirilməsi səbəbsiz ola bilməzdi...
- Bəli, Elnur gəncdir. Hətta yadıma gəlir, mənim bir kəlmə sözüm belə qıcığa səbəb olmuşdu, onda «siyasətçi» sözü işlətmişdim. İndi deyəcəyəm Elnur elmlə məşğul olur, başqa şey deyəcəklər. Kiminsə fəaliyyətini lupa ilə izləyib onda qara nöqtələr axtarmaq istəyən hansısa mənbələr varsa, bu, artıq onların problemidir. İşdən çıxmağı, bir işdən başqasına keçməyi biz faciə kimi qəbul edən adamlar deyilik. Biz harada olmağımızdan asılı olmayaraq, bu məmləkətdə vətəndaş məsuliyyəti ilə yaşayırıq və öz vəzifəmizi də yerinə yetiririk.
- Fethullah Gülen-ə yazılan məktublar barədə iddialar haqda nə deyə bilərsiniz?
- Bunlar hamısı yalandır. Belə bir məktub yox idi, ola da bilməzdi. Bütün bunlar quraşdırma bir şey idi. Elnur alnıaçıq, üzüağ, öz sədaqəti, əqidəsi ilə tanınan bir insandır. O heç vaxt belə bir addım atmazdı. Mən bunu qətiyyətlə, cəsarətlə deyirəm. Mən və oğlum hesab edirik ki, harada işləməyimizdən asılı olmayaraq öz mövqeyimiz var, hər ikimiz YAP-ın üzvüyük. Mən Azərbaycan insanının əqidəsi, vətənpərvərlik hissinin güclənməsi uğrunda mübarizə aparanların bəlkə də ən öndə olanlarından biriyəm. Bütün çıxışlarım, yazılarım buna həsr olunub. Eynilə də Elnurun bütün fəaliyyəti Azərbaycan dövlətçiliyinə, milli ideyanın güclənməsinə xidmət edib.
- Nə vaxtsa Gülen-lə görüşübmü? Yaxud siz özünüz...
- Elnur onunla heç zaman görüşməyib. Nə də mən. Nə Fethullah Gülen-lə, nə gülənçilərlə görüşmüşəm. Nə şəkillərimiz var, nə fəaliyyətimiz. Bunu araşdırmaq üçün Azərbaycanın böyük strukturları var, onlarda bir məlumat olardı. Dəfələrlə bununla əlaqədar müraciət etmişəm ki, yoxlanılsın.
OĞLU GÜLLƏLƏNƏN ATA İLHAM ƏLİYEVDƏN KÖMƏK İSTƏDİ
«Azadlıq» qəzeti 4 fevral sayında «Oğlu güllələnən ata İlham Əliyevdən kömək istədi» sərlövhəli yazı yayımlayıb. Ötən həftə Tovuzda yerləşən N saylı hərbi hissədə xidmət çəkən 19 yaşlı Çingiz Tarverdiyevin atası Aydın Tarverdiyev deyir ki, oğlu ilə sonuncu dəfə hadisədən bir gün əvvəl, yanvarın 26-da danışıb:
«Çingiz hər şeyin normal olduğunu bildirdi. Səhər isə mənə hərbi hissədən özünü polkovnik rütbəsində olan komandir kimi təqdim edən bir şəxs tərəfindən zəng gəldi. Həmin şəxs bildirdi ki, oğlun silahı özünə dirəyib, telefonda musiqi səsləndirir və siqaret çəkir. Mən əmr gözləyirdim ki, onu vurum, amma bu vaxt oğlun bizi atəşə tutdu. Biz də məcbur olub cavab atəşi açdıq və atılan güllələrdən biri oğluna dəydi».
Əsgərin atası Tarverdiyev Aydın deyir ki, övladının vəziyyətinin ağır olmasına baxmayaraq, hələ də heç bir tədbir görülməyib. Onun bildirdiyinə görə, hadisə şəxsi zəmində baş verdiyi üçün gizlədilir. Elə bu səbəbdən əsgər baxımsız vəziyyətdə qalıb. Əsgərin valideyni hərbi prokurorluğa və Müdafiə Nazirliyinə şikayət etdiyini, lakin bunun nəticəsiz qaldığını bildirir.
İKİ AY İÇİNDƏ BİR MƏKTƏBDƏ İKİ İNTİHAR
Lent.az saytı bu günlərdə intihar etdiyi iddia edilən 16 yaşlı Bakı məktəblisinin özünüöldürmə səbəblərini araşdırıb. Məktəblinin atası Akif Məmmədovun dediyinə görə, oğlu qapalı uşaq idi, həmyaşıdlarından fərqlənirdi:
«Çox sakit biri idi. Evə əmisi gələndə belə görüşüb öz otağına çəkilirdi. Nə qədər məcbur etsək də, süfrədə bizlə oturmurdu. Bu uşaq məktəbə, bir də hazırlığa gedirdi. Kafe, çayxana kimi yerlər onluq deyildi. Təxminən 2 ay əvvəl bacısı ilə namaz qılmağa başlamışdı. Namaz qılmağa başlayanda mənə dedi ki, ata, getmişəm kəndin məscidinə, orda axundlarla, ağsaqqallarla namaz qılıram».
Məktəblinin əmisi oğlu bildirib ki, bu müəmmalı ölümün səbəbini hələ də anlaya bilmir:
«İntihar günü işdən qaçıb gəldim evlərinə. Bütün evi axtarmağa başladım ki, bəlkə nəsə yazıb qoyar və ya məktub taparam, amma heç nə tapmadım. Özünə çox qapalıydı, ola bilsin, nəsə problemi olub, heç kimlə bölüşə bilməyib, amma bu onun belə qəfil ölümünə bəraət qazandırmır. Hadisənin sevdiyi qız üstündə baş verməsi ehtimalı üzərində də dayandıq. Amma yazılan mesajlarda qarşı tərəflə hər hansı bir mübahisəni görmədik. Bir-biri ilə mədəni şəkildə sağollaşaraq yatıblar».
Sayt ötən ilin dekabrında bu qəsəbədə başqa bir 11-ci sinif şagirdinin də intihar etdiyini yazır. Hər ikisi eyni məktəbdə oxuyurmuş.