.
"Cənab prezident, siz heç aldadılmısınız? Mən çox aldadılmışam."
Elçin Aslangilin prezident İlham Əliyevə ünvanladığı müraciəti bu sözlərlə başlayır. İşsizlik, maaş azlığı, dolanışığın çətinliyi, bankdan götürdüyü krediti qaytara bilməməyi və digər sıxıntılarını prezidentlə bölüşən Elçin yazır:
"Həyat yoldaşımı da aldadıram. Yox, səhv başa düşməyin. Aldadıram ki, yaxşı olacaq. Tezliklə balaca qızımızın yeməyinə, pampersinə görə atamla üz-göz olmayacam. Bilirəm, indi deyəcəksiniz ki, “Canın çıxsın get daş daşı, balanı saxla.” - Atamın dediyi kimi. Rayonda yaşayıram, burda daşı hamı çalışır ki, özü daşısın. Artıq xərc nəyə lazımdır?!”
BORCALANLARIN 75 %-İ VƏTƏNDAŞLARDIR…
Elçin Mədəniyyət və İncəsənət universitetini bitirib, öz ixtisası üzrə muzeydə, mədəniyyət evində, ya da kitabxanada işləyə bilər. Ayda da 140 manat maaş alar. Amma sual budur ki, ilin günün bu vaxtı, 140 manatla ailə saxlamaq olarmı?
Dolanmaq bir yana, hələ bir də bunun xeyir-şər üçün götürdüyü kreditləri qaytarmaq dərdi var.
Elçin Azərbaycanda bankdan kredit götürən 2,3 milyon nəfərdən biridir. Mərkəzi Bankın 2014-cü ilin sonuna mərkəzləşdirilmiş kredit reyestri haqda statistik məlumatlarında belə deyilir.
Ümumilikdə 2014-ci ildə təxminən 430 min nəfər banklardan borc götürüb. Borcalanların 75 faizi - 323 min nəfəri fiziki şəxslərdir.
2014-cü ilin sonuna ümumi borcalanların azı 98 faizi sıravi vətəndaşlar, qalanları da sahibkarlar, şirkətdir.
KREDİTİ QAYTARMAQ ÜÇÜN NƏ ETMƏLİ?
Ötən il bankların aktivkəri 24 faiz artıb. Bu o deməkdir ki, banklar 2013-cü illə müqayisədə daha çox qazanıblar.
Bankdan kredit götürənlərin hansını dindirsən krediti geri ödəməkdən çox faizlərin çoxluğundan giley-güzar edir. Bu məsələ milli Məclisdə də dəfələrlə qaldırılıb.
Depuatat Siyavuş Novruzov iclaslardan birində deyib ki, banklardan götürülən krediti geri qaytarmaq üçün ya gərək narkotik alveri edəsən, ya da oğurluq.
Prezident İlham Əliyev də banklarda faiz dərəcələrindən danışıb. Mərkəzi Banka bu məsələni yoluna qoymağı tapşarıb.
Mərkəzi Bankın yaydığı məlumatda deyilir ki, 2014-cü ildə faiz dərəcələri azalmağa başlayıb. Orta faiz dərəcələri 18 %-dən, 14 %-ə enib.
“BANKLAR ƏHALİNİ MÜFLİS EDİB…”
Millət vəkili Vahid Əhmədov deyib ki, əksinə banklarda faiz dərəcələri hələ də yüksəkdir, faiz dərəcələri ciddi problemlərdən biri olaraq qalır:
“Bu gün insanlar evlərini, həyətyanı torpaq sahələrini, digər əmlaklarını banklara girov qoyurlar və yüksək faizlərlə kreditlər götürürlər. Demək olar ki, bu gün banklara borcu olmayan insan yoxdur. Hamını banklardan asılı vəziyyətə salıblar. Yüksək faizlərlə verilən kreditlər vətəndaşların bir çoxunu hətta müflis edib. Biz hər dəfə bu məsələni qaldırırıq, ancaq bir nəticə yoxdur”.
Dövlət Statisika Komitəsinin məlumatına görə, Azərbaycan əhalisinin təxminən 5 milyonun 18 yaşı tamam olub. Yəni, əmək qabiliyyətli əhalinin yarısının banklara borcu var. Başqa sözlə, orta hesabla 4 nəfər üzvü olan ailələrdən azı 2 nəfər bankdan kredit götürüb.
“BU YOXSULLUĞUN VƏ İŞZİLİYİN GÖSTƏRİCİSİDİR…”
İqtisadçı Qubad İbadoğlunun fikrincə, bu göstərici ilk növbədə ölkədə yoxsulluğun və işsizliyin göstəricisidir:
“İnkişaf etmiş ölkələrdə vətəndaşlar ev, maşın və ya digər xərclərini qarşılamaq üçün kredit götürürlər. Azərbaycanda götürülən kreditlərin böyük hissəsi ən kiçik istehlak xərclərini ödəmək üçündür”.
Mərkəzi Bankın sədri Elman Rüstəmov yanvarın 31-də kollegiya iclasında deyib ki, 2014-cü ildə yüksək maliyyə risklərinin qarşısını almaq üçün istehlak kreditləşməsinin artımı tənzimlənib. Nəticədə, istehlak kreditlərinin artımı təxminən 2 dəfə azalaraq 21%-ə çatıb.
Elman Rüstəmov maliyyə riskləri deyərkən nəyi nəzərdə tutduğu dəqiq bilinməsə də ola bilər ki, o elə əhalinin kreditləri qaytarmaqda yarana biləcək problemlərə eyham vurur.