-
«Başçının qəbuluna düşüb dərdimi demək üçün əlil arabasında illərlə icra hakimiyyətinin yolunda süründüm. Nəhayət, 1 il əvvəl qəbula düşə bildim. İllərlə get-gəl etməyimin nəticəsinə inanırdım. Ancaq başçı ilə görüşüm çox qısa çəkdi – mənə qısa və konkret dedi ki, sənə kömək etməyə imkan yoxdur».
Yenigün kənd sakini, 1-ci qrup əlil Əsmər Arif qızı Qarayeva 8 il əvvəl - 16 yaşı olarkən evlərinin ikinci mərtəbəsindən yıxılır. Bu olay Qarayevlər ailəsinə ağır zərbə olur. Yeniyetmə qıza onurğa-beyin travması diaqnozu qoyulur. Yerli həkimlər vəd edirlər ki, əməliyyatdan sonra ayağa qalxacaq. Uğursuz əməliyyat xəstənin durumunu daha da ağırlaşdırır. Yeniyetmə qız əlil arabasının ümidinə yaşamalı olur.
«BAŞIMA GƏLƏN QƏZA AİLƏMİZİ MÜFLİS ETDİ»
Əsmər Qarayeva AzadlıqRadiosunun «Qaynar xətt»inə düşdüyü durumdan danışır:
«8 il əvvəl başıma gələn qəza ailəmizi müflis vəziyyətə saldı. Məni ayağa qaldırmaq üçün ailə üzvlərim nələrə əl atmadı ki… Yerli həkimlərin uğursuz əməliyyatı sağlamlığımı daha da bərbad vəziyyətə saldı. Daha sonra iki dəfə Gürcüstanda əməliyyat olundum. Onurğama mil qoyuldu. Uzun illərdən sonra ailəmizin və öz iradəmin sayəsində əlil arabasından qalxa bildim. Ancaq maddi durumumuz imkan vermir ki, tam sərbəst gəzmək üçün müalicəmi davam etdirim. Həkimlər deyirlər, Almaniya, İsrail, Türkiyə kimi ölkələrdə reabilitasiya müalicəsi alsam, əvvəlki sağlamlığım tam bərpa olunar. Mənim indiyədək aldığım müalicələr 9 nəfərlik ailəmizi müflis hala salıb. Bizim durumumuzdan nəinki bütün kənd, hətta bütün rayon xəbərdardır».
BAŞÇININ QƏBULUNA DÜŞSƏ DƏ…
Əsmər Qarayeva Prezident Administrasiyasından tutmuş aşağılı-yuxarılı bütün qurumlara yardım üçün müraciət etdiyini deyir. Hətta illərlə rayon icra hakimiyyətinin başçısının qəbul günlərində arabasına oturub düz icra hakimiyyətinə qədər gedib. Ancaq hər dəfə də əlacsız qayıdıb:
«Neçə il idi ki, çox çətinliklə, arabayla icra hakimiyyətinə gedirdim. Başçının qəbul günləri olsa da, məni qəbul etmirdi. Nəinki özü, heç icra hakimiyyətinin kiçik vəzifəlisi də mənə məhəl qoymurdu. Bir maraqlanan yox idi ki, görək bu əlilin dərdi nədir? 1 il əvvəl nəhayət ki, istəyimə çatdım, başçının qəbuluna düşə bildim. Ancaq elə başçı ilə 5 dəqiqəlik söhbətdən sonra illərlə sürünməyimə peşmançılıq hissi keçirdim. Başçı qısa şəkildə bildirdi ki, sənə kömək etməyə imkan yoxdur».
«YAŞAMAQ UĞRUNDA MÜBARİZƏ APARIRAM»
Əlil qız aidiyyəti qurumlardan ona diqqət ayrılmasını istəyir:
«Həyatımın 24 ilinin 8 ilini əlilliklə, acı, ağır günlərlə keçirmişəm. Mənim başıma gələnlər hər bir məmurun ailəsində baş verə bilər. Heç kəs heç nədən sığortalanmayıb. Məmurlardan mənim və ailəmizin durumuna diqqət ayırmalarını istəyirəm. Ən azı gəncliyimə qıymasınlar. 8 ildir ki, yaşamaq uğrunda mübarizə aparıram. Mənə yardımçı olsunlar».
Ağstafa rayon İcra Hakimiyyətindən bildirdilər ki, icra hakimiyyətinə belə təyinatlar üzrə vəsait ayrılmır. Əsmər Qarayeva Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etsə yaxşıdır. Əlillərin problemləri ilə birbaşa həmin dövlət qurumu məşğul olmalıdır.