Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 04:46

Beryozka mağazaları qayıda bilər


İrlandiyalı turistlər Beryozkada bazarlıq edərkən (1992. Moskva)
İrlandiyalı turistlər Beryozkada bazarlıq edərkən (1992. Moskva)

-

Əvvəllər Sovet İttifaqında Beryozka mağazaları vardı. Bu mağazalarda alqı-satqı xarici valyuta ilə aparılırdı. Bu mağazalarda əsasən xaricilər və geniş əlaqələri olan elita nümayəndələri alış-veriş edirdilər. Beryozkanın ləğvindən 20 ildən artıq bir vaxt keçib. İndi Rusiya yenidən bu mağazaları işə salmağı planlaşdırır.

Rusiyanın xarici işlər naziri Sergei Lavrov baş nazir Dmitry Medvedev-ə məktubla müraciət edib. Lavrov Moskvada xarici diplomatlar və beynəlxalq təşkilatların əməkdaşları üçün xüsusi duty-free (idxal rüsumundan azad) mağazaları açmağı təklif edib. Dekabrın 19-da yazdığı məktubda Lavrov bu cür mağazaların məhsulların xarici diplomatlara çatdırılmasında ləngimələrin və maliyyə itkilərinin azalmasına gətirib çıxaracağını yazıb.

Öz növbəsində, İqtisadi İnkişaf Nazirliyi də duty-free mağazalarının açılması barədə təklifin daxil olduğunu təsdiqləyib. Nazirlik bildirib ki, məsələ araşdırılır.
Təklifə yaşıl işıq yansa, mağazaları Xarici İşlər Nazirliyinə bağlı şirkətin nəzarəti altında bir özəl şirkət işlədəcək. Ancaq prezident Putin-in Qərbin sanksiyalarına cavab olaraq idxalına qadağa qoyduğu Qərb məhsullarının bu mağazalarda satılıb-satılmayacağı hələlik bilinmir.

YAXŞI HƏYATA PƏNCƏRƏ

Moskvada duty-free mağazalarının açılması təklifi barədə xəbərlər yayılan kimi media Beryozka ilə paralellər aparmağa başlayıb. Beryozka mağazaları 1960-cı illərdə xaricilərə xidmət göstərmək, dövlət büdcəsinə xarici valyuta cəlb etmək məqsədilə açılmışdı. Amma sovet vətəndaşları da müxtəlif yollarla, o cümlədən xaricdə işləməklə əldə etdikləri, yaxud xaricdəki qohumlarının yardım kimi göndərdikləri xarici valyutanı xüsusi kupona dəyişməklə bu mağazalardan alış-veriş edə bilərdilər.

Yüksək keyfiyyətli və çətin tapılan ərzaq, geyim, spirtli içki və avadanlığın satıldığı Beryozkalar mediada və sovet rəsmiləri arasında nadir hallarda müzakirə obyekti olardı. Bununla belə, cəmiyyətdə çox məşhur idi. Çoxları bu mağazalara yalnız sovet elitasının faydalandığı yaxşı həyata pəncərə kimi baxırdılar. Hərçənd rəsmi olaraq, Beryozka valyutası olan hər bir sovet vətəndaşının üzünə açıq idi.

İnsanlar Beryozkadan eksklüziv mallar ala bilmək üçün qara bazardan valyuta almağa başlamışdılar. Tarixçi Anna İvanova deyir ki, sovet hökuməti qanunsuz valyuta mübadiləsinin qarşısını almaq üçün fəal tədbirlər görməsə də, bəzən buna görə həbs edilənlər olurdu.

1970-ci illərdə ABŞ-a mühacirət etmiş jurnalist Alexandre Grant xatırlayır ki, o, 1960-cı illərdə antisovet təbliğatı aparmaqda ittiham olunanda, bu ittihama əlavə olaraq həm də Beryozkadan tez-tez alış-veriş etdiyinə görə valyuta əməliyyatı qanunvericiliyini pozmaqda günahlandırılıb. Grant beş il azadlıqdan məhrum edilmişdi.

«YOXSULLUQ OLUR-OLSUN, AMMA HAMI ÜÇÜN BƏRABƏR OLSUN»

Mikhail Gorbachev və Yevgeny Primakov müzakirə zamanı
Mikhail Gorbachev və Yevgeny Primakov müzakirə zamanı

1980-ci illərin sonlarında Gorbachev-in yenidənqurma islahatı apardığı və ölkə mediasında sosial ədalət çağırışların artdığı bir vaxtda hökumət, nəhayət ki, Beryozka mağazalar şəbəkəsini bağlamaq qərarına gəlir.

1987-ci ildə “Literaturnaya Gazeta” Beryozka ilə bağlı məqaləsində yazırdı: “Sosial ədalət təkcə əməyə görə ədalətli əməkhaqqı verilməsi deyil, həm də həmin pulu xərcləmək üçün hər kəsin bərabər imkanlarının olmasıdır... Yoxsulluq olur-olsun, amma qoy bu yoxsulluq hamı arasında bərabər paylansın”.

Növbəti il hökumət Beryozka kuponlarının xarici valyuta ilə alınmasını qadağan etdi. Bu, həmin kuponların faktiki olaraq dövriyyədən çıxması demək idi. O vaxt hökumətin bu addımına antikorrupsiya tədbiri və elitanın yararlandığı imtiyazların azaldılması kimi baxılırdı.

Qərar elan olunan kimi sovet vətəndaşları kuponlarını götürüb Beryozka mağazalarına axışmağa başladı. O dövrü xatırlayan rusiyalı bloqqerlərdən biri deyir ki, televiziyada xəbəri eşidəndən sonra səhəri günü kuponlarını götürüb Beryozkaya gedib. Mağazaya çatanda burda böyük izdiham görüb. “Piştaxtalar tamam boş idi. Hətta audiokassetlər də qurtarmışdı. Satıcı dedi ki, bəlkə sabaha hansısa mal olar”, – bloqqer Beryozka ilə bağlı xatirələrini belə yada salır.

XS
SM
MD
LG