Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 05:53

Əlövsət Sadıqlı: «Oğlumu qardaşına görə həbs ediblər»


Əlövsət Sadıqlı
Əlövsət Sadıqlı

-

Fevralın 14-də polisə müqavimət ittihamı ilə məhkəməyə aparılan keçmiş Müsavat üzvü Əlövsət Sadıqlı bəraət alıb. Onun oğlu Elgiz Sadıqov isə külli miqdarda narkotik saxlamaqda təqsirləndirilir. Məhkəmədən sonra Əlovsət Sadıqlı AzadlıqRadiosuna müsahibə verib:

- Əlövsət bəy, dünən sizi də polisdə saxlamışdılar. Hadisə necə olub?

- Dünən evdəydim, mobil telefonuma zəng gəldi ki, Elgizi həbs ediblər, Sabunçu rayon polisindədir. Düşündüm ki, yəqin yol qəzası törədib. Dedilər, yox, narkotik ilə bağlıdır. Telefondakı adamın kim olduğunu bilmədim, sadəcə, şərtləşdik ki, polis idarəsinə çatanda zəngləşək. Mən polis idarəsinə çatanda ona zəng etdim, amma həmin adam dedi ki, oğlun məndən imtina edib, deyib ki, ayrı vəkil tutacaq. Bir də dedi ki, oğlumun işini müstəntiq Fikrət Məmmədov aparır. Polis idarəsində həmin müstəntiqin otağına zəng etsəm də, cavab vermədi. Onda növbətçilər onun mobil nömrəsini mənə verdilər. Zəng vurdum, özümü təqdim etdim. Fikrəm Məmmədov dedi ki, indi iclasa gedir, qayıdanda özü zəng vuracaq. Növbətçi polislər də mənə dedilər ki, yaxınlıqda çayxanada oturub gözləyim. Elə gözləyirdim ki, başqa nömrədən zəng gəldi ki, gəl, polis idarəsinə. İdarədə içəridə bir mülki şəxs də vardı, yaxınlaşdı ki, filankəssiz, dedim hə. Dedi,qalxaq. Qalxanda pilləkəndə mənə dedi ki, ağsaqqal, niyə söyüş söyüb qaydanı pozursuz? Elə bildim, oğlumdan danışır, soruşdum ki, oğlum söyüş söyüb? Dedi, yox, səni deyirəm. Onda anladım ki, şər atırlar. Çünki Almaniyada siyasi sığınacaq alan oğlum Tural bir neçə gün əvvəl yazmışdı ki, İlham Əliyev bura gələndə keçirilən piketdə iştirak edənləri müəyyənləşdirib vətəndə qalan valideynlərini, yaxınlarını incidirlər. Həmin adam məni bir otağa apardı, sənədlərimi, telefonumu aldılar. İmkan vermədilər ki, vəkilimlə əlaqə saxlayım.

- Bəs oğlunuz Elgizlə görüşə bildinizmi?

- Yox, indi onu da məhkəməyə gətirməlidirlər. Yəqin ki, həbs edəcəklər, çünki külli miqdarda narkotikdən söhbət gedir. Məhkəmədə mənim polisə müqavimət göstərdiyimi əsaslandıra bilmədilər, görünür, hakim də vicdanın səsinə qulaq asıb mənə bəraət verdi. Amma oğlumun bəraət alacağına inanmıram. Çünki sifarişli iş olduğuna əminəm.

- Oğlunuz Elgiz nə işlə məşğul idi?

- Jurnalistikanı bitirmişdi, amma mediadan uzaq sahədə çalışırdı. Kiçik bizneslə məşğuldur. Məndən də maşını aldı ki, içinə mal yükləyib sexə aparacaq.

- İçində narkotik tapılan maşın sizindir?

- Hə, mənimkidir.

- Bəs niyə güman edirsiz ki, Elgizin narkotik ilə heç bir əlaqəsi yoxdur?

- İndi elə zəmanədir ki, heç kim atasının, oğlunun nə işlə məşğul olduğunu bilmir. Bəlkə də ilk an məndə şübhə yarandı ki, həqiqətən də ortada nəsə var. Amma özümə şər atılanda bu şübhəm dağıldı. Anladım ki, tapşırıqdır və birbaşa oğlum Turalın siyasi fəaliyyəti ilə bağlıdır.

- Tural Almaniyaya nə vaxt gedib?

- Bu fevral bir ili tamam olur. Azərbaycanda ötən il gənclərin keçirdiyi aksiyaların birində həbs olunmuşdu. O, «Azad söz» adlı Facebook səhifəsini idarə edən iki admindən biri idi. Həbsdən çıxanda digər admini axtardı, məlum oldu ki, onu həbs ediblər. Oğlanın valideynləri dedi ki, ikinci admini də axtarırlar. Biz oturub məsləhətləşdik, qərara aldıq ki, Tural ökədən getsin. Elə o sərhədi keçən günün axşamı evə adamlar gəldi, Turalı axtarırdılar. Biz də axır onları inandıra bildik ki, Tural ölkədə deyil. Bundan sonra bu məsələyə qayıtmadılar. Tural isə Almaniyada Azərbaycanda demokratiyanın, insan haqlarının bərpası üçün mübarizə aparır, fəaliyyət göstərir.

- Bəs Elgizin hər hansı ictimai-siyası fəaliyyəti vardımı?

- Yox, o, bizneslə məşğul idi. Ona olan ittiham qardaşı ilə bağlıdır.

- Əlövsət bəy, hansı addımları atmağı planlaşdırırsınız?

- Hüquqi cəhətdən nə imkanlar var, edəcəm, Avropa Məhkəməsinə kimi gedəcəm. Azərbaycan hökuməti qanun, insan haqqı tanımır, amma yenə də əlimdən gələni edəcəyəm.

DİN fevralın 14-də Elgiz Sadıqovun üzərindən və maşınından 1 kl-dan çox marixuana tapılması ilə bağlı məlumat yayıb.

XS
SM
MD
LG