Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 09:43

Ona dəli deyirdilər. Bilən varmı indi hardadı?


Ayxan Ayvaz
Ayxan Ayvaz

-

Lətif əmini xatırlayıram. İndi hardadır? Nə iş görür? Halı necədir? Yenə şeir yazırmı? Dolana bilirmi? Orda da ona dəli deyirlərmi?..

Ayxan Ayvaz

Ona dəli deyirdilər

Bir gün atamla Milli Kitabxananın aşağısındakı çayxanaya getdik.

Saçları adda-budda ağarmış eynəkli bir kişinin oturduğu masaya yaxınlaşdıq.

Bizi görən kimi ayağa qalxdı. Atam kişinin Lətif Mustafaoğlu olduğunu dedi.

Bu görüş dumanlı şəkildə yadıma düşür. Bir onu yaxşı xatırlayıram ki, Lətif Mustafaoğlu deyə tanış edilən adam bizi çox səmimi qarşıladı, sonra mənimlə Osmanlı ləhcəsində danışdı. Başqa heç nə yadıma düşmür. Bu görüşdən sonra Lətif əmini yalnız atamın arada bir danışdığı maraqlı əhvalatlarla xatırladım. Sonra eşitdim ki, Türkiyəyə gedib.

Bir gün atamın arxiv yazılarını eşələyəndə maraqlı bir şey tapdım. “Sabah” qəzetinin 1992-ci il oktyabr sayında atamla Lətif əminin müsahibəsi verilmişdi. Digər arxiv yazılarını bir qırağa atıb bu müsahibəni oxumağa başladım.

Çox səmimi söhbət alınmışdı. Müsahibəni oxuduqca Lətif əminin gülər üzü, çallaşmış saçı, eynəyi yadıma düşdü. O vaxt onun Osmanlı ləhcəsi ilə danışmağı marağıma səbəb olmuşdu. Atam onun Borçalıdan olduğunu deyirdi. Mən isə elə bilirdim ki, o atamın Türkiyədə yaşayan tanışıdır, Bakıya da qonaq kimi gəlib.

Bir də bu insanın şair olduğunu bilmirdim, heç atam da bu barədə danışmamışdı. Müsahibənin sonunda onun bir-birindən maraqlı şeirlərini oxuyanda anladım ki, o şairdi, özü də sözün həqiqi mənasında.

Bu yaxınlarda “Ədəbi Gürcüstan” antalogiyasında Lətif Mustafaoğlunun şeirlərinə rast gələndə gözlərim doldu. Onun taleyi bu şeirlərdə öz əksini tapmışdı. Lətif çox böyük bir insandı. Onu tanıyanlar mənə haqq verəcəklər.

Bir dəfə kiminləsə söhbətində, Lətif demişdi ki, milli hökümət qurmağa ilk növbədə Axundov Kitabxanasını yandırmaqla başlamaq lazımdır. Sosrealizmin qalıqlarını yalnız bu yolla təmizləmək olardı. Ancaq Lətifə dəli kimi baxdılar, onun sözünə sayıqlama kimi baxırdılar. İndi Lətif kitablarda və mənim kimi onu tanıyanların ürəyində yaşayır. O, sözün həqiqi mənasında, dərviş idi...

***

Kitablarda yazılan insanları həyatda çox görmüşəm. Hər bir obrazın həyatda öz prototipi vardır mütləq. Mən onlarla hər gün metroda, avtobusda, səkidə, yolda, məhəllədə, küçədə, yasda, toyda, kitabxanada, tədbirlərdə, səfərdə və başqa yerlərdə rastlaşıram. Lətif Mustafaoğlu həyatın dibindən kitablara boylanan şairdir.

Haradasa bir kafe olmalıdır. Götürüb başımı çıxıb getməliyəm. Yəqin həmin kafe yaxınlardadır. Ora gedib bir az başımı qatmalı, bu günün yorğunluğunu üzərimdən kürüyüb atmalıyam.

İçəri girəndə xoş bir qoxu məni valeh edir. Kafe seyrəklikdi. Hətta ofisiantlar da məni görəndə laqeyd-laqeyd masalarının kənarından durub əsnəyə-əsnəyə kimin qabağa çıxacağı haqqında sanki bir-biriləri ilə sözləşirlər.

Lətif əmini xatırlayıram. İndi hardadır? Nə iş görür? Halı necədir? Yenə şeir yazırmı? Dolana bilirmi? Orda da ona dəli deyirlərmi? Orda da istedadlı adamları məhv edirlərmi?

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG