Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 23:31

Amnesty İnternational: “Həbsxanalarda azı 20 vicdan məhbusu var”


Arxiv fotosu
Arxiv fotosu

.

Gözlə

No media source currently available

0:00 0:05:24 0:00
Direct-ə keçid



Amnesty İnternational beynəlxalq insan haqlarını müdafiə təşkilatı fevralın 25-də növbəti illik hesabatını açıqlayıb. Sənədə görə, 2014-cü ildə Azərbaycanda azı 6 tanınmış hüquq müdafiəçisi həbs edilib, aparıcı hüquq müdafiə təşkilatları fəaliyyətlərini dayandırmalı olub.

Hesabatın Azərbaycanla bağlı hissəsində bildirilir ki, müstəqil jurnalistlər hədə-qorxu, təhqir və zorakılığa məruz qalıb, saxta cinayət işləri ilə üzləşiblər. Toplaşma azadlığı öğtən bir il ərzində məhdudlaşdırılmaqda davam edib. Tez-tez işgəncə və pis rəftar barədə məlumatlar daxil olub.

Hesabatda ayrı-ayrı bölmələr üzrə Azərbaycandakı vəziyyət haqqında bunlar qeyd edilir:

Birləşmə azadlığı

QHT rəhbərləri hakimiyyətin təhdidlərinə məruz qalıblar. Onlar hüquq-mühafizə orqanlarının reydləri, avadanlığın müsadirəsi və səyahət qadağası ilə üzləşiblər. İnsan hüquqları sahəsində fəaliyyət göstərən azı 10 aparıcı QHT-nin bank hesabı dondurulduğuna görə fəaliyyəti dayandırılıb. Qanunvericiliyə edilmiş dəyişikliklə QHT-lərin qeydiyyatı və fəaliyyətinə əlavə məhdudiyyətlər tətbiq olunub.

Mayın 13-də Baş Prokurorluq bir sıra xarici və yerli QHT ilə bağlı istintaqa başlayıb. Nəticədə 6 tanınmış hüquq müdafiə təşkilatlarının fəaliyyəti dayanıb.

Vicdan azadlığı

Hakimiyyət hökuməti tənqid edənləri, siyasi fəalları və jurnalistləri həbsxanaya atmaqda davam edib. İlin sonunda həbsxanalarda azı 20 vicdan məhbusu vardı. Tanınmış araşdırmaçı jurnalist Xədicə İsmayılova bir nəfəri özünü öldürmə həddinə çatdırma ittihamı ilə dekabrın 5-də həbs edilib. Sonradan ona qarşı başqa ittihamlar da irəli sürülüb.

Hökuməti tənqid edən sosial media fəalları saxta, əsasən narkotik maddə saxlama ittihamı ilə məsuliyyətə cəlb olunublar. 5 il yarım və 9 il azadlıqdan məhrum edilmiş Əbdül Əbilov və Rəşad Ramazanov bunlara misaldır.

2013-cü ilin mart-may aylarında NİDA gənclər təşkilatının 9 fəalı həbs edilib, 2014-cü ilin yanvarında isə qondarma ittihamlarla təqsirli biliniblər. Onların hamısı saxlanılarkən günahsız olduqlarını bildirsələr də sonradan bir neçəsi təzyiq altında etiraflar ediblər.

2013-cü ildə xuliqanlıq və ictimai asayişi pozmağa təhrik ittihamları əsasında həbs edilmiş müxalifət fəalları – İlqar Məmmədov, Tofiq Yaqublu və Yadigar Sadıqlı 7, 5 və 6 il müddətinə azadlıqdan məhrum ediliblər. Mayın 22-də Avropa İnsan Haqları Məhkəməsi qəbul etdiyi qərarda bildirib ki, hökuməti sərt tənqid edən İlqar Məmmədovun həbs edilməsində əsas məqsəd onun susdurulması olub.

QHT-lərə təzyiqlər

6 tanınmış QHT lideri saxtalaşdırma, qanunsuz sahibkarlıq və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları ilə məsuliyyətə cəlb edilib. Mayın 26-da Seçkilərin Monitorinqi və DemokratiyanınTədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli və icraçı direktoru Bəşir Süleymanlı 5 il yarım və 3 il yarım müddətində azadlıqdan məhrum edilib.

Sülh və Demokratiya İnstitutunun direktoru, tanınmış hüquq müdafiəçisi Leyla Yunus iyulun 30-da, onun həyat yoldaşı Arif Yunus isə avqustun 5-də həbs olunub. Avqustun 2-də isə İnsan Hüquqları Klubu adlı QHT-nin təsisçisi Rəsul Cəfərov həbs edilib.

Onlarla işin Avropa İnsan Haqları Məhkəməsində qaldırılmasında böyük rolu olmuş hüquqşünas, vəkil İntiqam Əliyev avqustun 8-də həbs olunub.

İfadə azadlığı

Avqustun 11-də Naxçıvanda bir neçə nəfər jurnalist və QHT fəalı İlqar Nəsibovu qəddarcasına döyüb.

Müstəqil jurnalistlər hədə-qorxu, zorakılıq və təhqirlərə məruz qalıblar.

Dekabrın 26-da Azad Avropa/Azadlıq Radiosunun Bakı bürosuna basqın olunub. Baş Prokurorluğun nümayəndələri heç bir rəsmi açıqlama vermədən radionun ofisini möhürləyib. Sənədləri və avadanlıqları müsadirə ediblər.

Toplaşma azadlığı

İcazəli, ancaq ucqar yerlərdən başqa digər yerlərdə mitinqlər keçirmək əsasən qadağan olunub. Hüquq-mühafizə orqanları il ərzində Bakının mərkəzində dinc mitinq keçirmək cəhdlərini qarşısını güc tətbiq etməklə alıblar.

Mayın 6-da NİDA-çı gənclərin məhkəməsi keçirilən binanın qarşısında 150-ə qədər şəxs dinc mitinq keçirmək istəyərkən mülki geyimli şəxslər və polis tərəfindən dağıdılıb. Azı 26 etirazçı, o cümlədən bir jurnalist polis şöbəsinə aparılıb. Onlardan 5-i 15-30 gün müddətinə inzibati həbs, 12 nəfəri isə 300-600 manat məbləğində cərimə ilə cəzalandırılıb.

İşgəncə və pis rəftar

İşgəncə və pis rəftar haqqında tez-tez məlumatlar daxil olub. Lakin bu məlumatlar araşdırılmayıb. Müxalif Xalq Cəbhəsi Partiyasının fəalı Kəmalə Bənənyarlı NİDA-çıların məhkəməsi keçirilən vaxt həbs olunanlardan biri olub. O, Nəsimi rayon polis idarəsində polisin yazdığı ifadəni imzalamadığına görə döyüldüyünü bildirib. K.Bənanyarlı deyib ki, ona yumruq zərbələri endirilib. Növbəti gün keçirilən məhkəməsinə qədər ona çörək və su verilməyib.

Həbs edilmiş NİDA-çılardan üçü – Məhəmməd Əzizov, Bəxtiyar Quliyev və Şahin Novruzlu martın 9-da dövlət televiziyasında zorakılıq planlarını etiraf ediblər. Sonradan Məhəmməd Əzizov vəkilinə bildirib ki, o, ailə üzvlərinə qarşı cinayət işi açılacağı ilə hədələndiyinə görə belə ifadə verməyə məcbur olub. Həbs olunanda cəmi 17 yaşı olan Şahin Novruzlu vəkili olmadan sorğu-sual edilib. Məhkəməyə gətiriləndə isə ön dişlərinin olmadığı müşahidə edilib. Ona qarşı pis rəftarla bağlı heç bir araşdırma aparılmayıb.

Qeyd edək ki, hakimiyyət təmsilçiləri ölkədə söz, ifadə, toplaşma, birləşmə və digər azadlıqların təmin olunduğunu, dövlət tərəfindən qorunduğunu bildirir. Beynəlxalq monitorinq qurumlarının hesabatları, açıqlamaları isə bir qayda olaraq rədd edilir, “qeyri-obyektiv” adlandırılır. Hakimiyyət “siyasi məhbus” və “vicdan məhbusu” anlayışlarının istifadəsini qətiyyətlə rədd edir, həbsdə olanların konkret cinayətlərə görə saxlandığını bildirir.​

XS
SM
MD
LG