Yaxşı oğlan...
Boris Nemtsov-un vəkil Vadim Prokhorov AzadlıqRadiosunun rus xidmətinə bildirib ki, Nemtsov dəfələrlə, əsasən, sosial şəbəkələrdən hədələnib:
«Tətiyi kimin çəkməsindən asılı olmayaraq, Boris Nemtsov-u siyasi rejim öldürdü».
Müxalifyönlü deputat Dmitry Gudkov «Twitter» hesabında yazır: «Ayındır ki, bu, siyasi qətldir. Sifariş verilməsə belə, hakimiyyətin səpdiyi nifrət toxumunun nəticəsidir».
O, Putin-in sərt tənqidçisi idi. Rusiya prezidentini 2013-cü ildə Soçi olimpiadasında milyardlarla dollarlıq korrupsiyada ittiham edib. Kreml bu ittihamları rədd edirdi.
Sürgün edilən keçmiş rus maqnatı Mikhail Khodorkovsky «Twitter»də yazıb ki, onun ailəsi kədər içindədir: «Biz hamimiz onu sevirdik. O, yaxşı oğlan idi».
ABŞ-ın Rusiyadakı keçmiş səfiri Michael McFaul sosial şəbəkədə yazıb: «O, əsl vətənpərvər idi. Mən onun ailəsi və çox sevdiyi vətəni üçün göz yaşı axıdıram».
ABŞ qərəzsiz və şəffaf təhqiqata çağırır
ABŞ prezidenti Barack Obama yaydığı bəyanatda Boris Nemtsov-un «amansız qətlindən» narahat olduğunu bildirib.
Ağ ev Rusiyanı «təcili, qərəzsiz və şəffaf təhqiqata» çağırıb. Bəyanatda Nemtsov-un ailəsinə və Rusiya xalqına başsağlığı verilib. Bildirilib ki, Rusiya xalqı özünün hüquqları uğrunda ən yaxşı mübarizlərindən birini itirdi.
ABŞ-ın dövlət katibi John Kerry deyib ki, Nemtsov öz həyatını Rusiyanın demokratikləşməsinə, çiçəklənməsinə, azad ölkə olmasına həsr etdi.
İki ölkə arasında «körpü»...
Ukrayna prezidenti Petro Poroshenko Nemtsov-u dostu və iki ölkə arasında «körpü» adlandırıb. O, «Twitter» hesabında yazıb: «Şok. Borisi öldürdülər. İnanmaq çətindir. Onun qatilinin tapılacağına şübhə etmirəm. Gec, ya tez...».
İndi də Boris...
Şahmat üzrə keçmiş dünya çempionu Garry Kasparov «Twitter» hesabında yazıb: «Jurnalist Anna Politkovskaya öldürülüb. Malayziya təyyarəsi Ukrayna səmasında vurulub. İndi də Boris qətlə yetirildi. Kreml müxalifəti, ya da Mərkəzi Kəşfiyyat İdarəsini günahlandıracaq».