Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 20:29

«Rəssama deyə bilməzsən ki, bunu belə çək, onu belə»


Kamil Məlikov
Kamil Məlikov

-

«Mənim emalatxanam bu dar otaqdır, işığı yandırım...».

Rəssam Kamil Məlikov deyir, azadlığı əlindən alınandan sonra bu kiçik daxmaya həbs olunub. 62 yaşı var. 30 ildən çoxdur gününü rənglərlə keçirir.

Bir vaxtlar, başqa rəssamlar kimi, o da əsərlərini Nizami küçəsindəki (Torqovı) «pasaj»da satırmış, əsərlərinə baxanlarla fikirlərini bölüşürmüş.

Deyir, adamlar heç əsərimi almasa belə, onlarla söhbət etmək, nə çəkmək istədiyimi onlara anlatmaq, bir-birindən öyrənmək böyük zövq verirdi. Düz 15 il bu zövqü yaşayıb. 6 il əvvəl rəssamlar həmin küçədən çıxarılandan sonra 25 kvadratmetrlik daxmasına sığınıb.

«Ora göz görülən yer idi. Təmirdən sonra bizi buraxmadılar. Bu ona oxşadı ki, «bura mənim böyük otağımdır, istəyirəm, gül əkirəm, istəyirəm ağac əkirəm, istəyirəm heykəl qoyuram. Yəni, şəhəri şəxsi otağım eləmişəm». Axı təkcə sənin deyil, başqaları da var. Mən oldum kənar adam. Elə bil, Fransaya getmişəm, kənardan baxıram, heç nə mənə yaxın deyil, nə deyim...».

ƏL-QOLUNU BAĞLAYIRLAR, DEYİRLƏR, HƏRƏKƏT ELƏ...

Emalatxanası dar olduğundan rəssam əsərlərinin bir hissəsini bura yığıb. Çoxusu evindədir. Bura həm də onun satış mağazasıdır:

«Sifariş köhnə tanıdıqlarım adamlardan olur. Əlbəttə, durum əsasdır, durum olmasa, bu boyanı mənə bağışlayan yoxdur ki. İki minə satdığım portret də olub, 200 manata satdığım əsər də. Portretdə vaxtı mənə versələr, iki minlik iş verərəm. Vaxtımı sıxsalar, 200 manatlıq iş verəcəyəm. Təsəvvür et, sənin əl-qolunu bağlayırlar, deyirlər, hərəkət elə. Ləvazimatları birtəhər tapmalıyam. Pulu olmayan qadın da üzü üçün həmişə boya tapır, rəssam da o cürdür. Evdə pulum olmaya bilər, ancaq özümə lazım olan boyaları tapıb almalıyam. Çünki çəkməliyəm».

Kamil Məlikovun əsərləri
Kamil Məlikovun əsərləri

«RAZI OLMAYAN BİR RƏSSAMAM»

Kamil Məlikov bir neçə il Türkiyədə də rəssam kimi çalışıb. Deyir, orada qazancı yaxşı olub. Ancaq ürək ağrıları artandan sonra Bakıya qayıdıb.

«Mən razı olmayan bir rəssamam. İnsan iki şeydən narazı olur. Bir olduğun yerdən, bir də olmadığın yerdə olmadığın üçün. Orda yaxşı idi, ancaq mən istəyirəm ki, öz torpağımda qonaq olmayım».

«RƏSSAM SƏNƏTİ İLƏ DANIŞAN ADAMDIR»

Kamil Məlikovun əsərlərinin arasında portretlər üstünlük təşkil edir. Hacı Zeynalabdin Tağıyev, öz avtoportreti, Türkiyədə yayın cırhacırında qalın paltarda gülən kişi, qadınlar....

Heydər Əliyevin portreti
Heydər Əliyevin portreti

Emalatxanasında keçmiş prezident Heydər Əliyevin də iki portreti var. İkisində də rəssamın qəhrəmanı gülür. Ancaq gülüşlər fərqlidir:

«Rəssam özü-özü ilə, sənəti ilə danışan adamdır. Bu portretlərin ikisinə də baxın. İkisi də fərqlidir. Biri ilə başqa söhbət edirəm, o biri ilə başqa. Necə görürəmsə, elə çəkirəm. Rəssama deyə bilməzsən ki, bunu belə çək. Burda təbii gülüşdür, bunda isə sanki hər şey mənimdir».

Rəssam əvvəllər siyasi karikaturalar çəkib. İndi isə çəkmir:

«Çünki baş ağrıyır. Onun üçün gərək adamın azadlığından başqa vicdanı olsun. Şəklə baxanın vicdanı olsun aaa.. Görsün ki, bu düzdür, mən niyə görə bu adamı asıb-kəsməliyəm...Xof var, xof həmişə olub. İndi elə bir dövrandır ki, bu suallara bir-bir cavab versəm, o birisi gələcək, sonra görəcəyəm quyunun dibindəyəm». (gülür).

Rəssam quyunun dibində olmaq istəmir. Bir də istəyir ki, sənətinə qiymət verən olsun. Nədə görür o qiyməti? «Hə, bu çətin şeydir. Qiymət istədiyin kimi işləməkdir, istədiyin kimi yaşamaqdır, istədiyin kimi çəkməkdir» - deyir.​

XS
SM
MD
LG