Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 08:36

Günəşi küləş başa düşənlər


Seymur Baycan
Seymur Baycan

-

Peşmansan, bir əhvalat danışasan, həmən bir neçə adam peyda olub tutuquşu kimi deyir:

Bunu Freud yazıb...

Seymur Baycan

SEÇİLMİŞLƏR

Ağıllı, mərifətli və müşahidə qabiliyyətikifayət qədər güclüolan bir gənc var. Kafedə ofisiant işləyir. İşlədiyi kafeyə daha çox bizim seçilmiş, daha doğrusu özünü seçilmiş hesab edən gənclər yığışırlar. Həmin gənc deyir:

Azərbaycanda Nitşeni, Bukovskini qadağan etmək lazımdı.

Fikrini belə əsaslandırır. Oxuduqlarını tərsinə başa düşürlər. Nitşe, Bukovski nə qədər adamı dəli edib.

Adam haqqlıdı. Günəşi küləş başa düşmək bizim ən ağrılı dərdlərimizdən biridir. Adamları dəli edən, Nitşe və Bukovski ilə başlayan siyahıyaFreydi də əlavə edərdim. Peşmansan, bir əhvalat danışasan, həmən bir neçə adam peyda olub tutuquşu kimi deyir:

Bunu Freyd yazıb. Bu haqda Freyd deyib. Bu Freydizmdir zad...

Bir nəfərə bir dəfə bir əhvalat danışdım. Dedi:

- Bu haqqda Freyd yazıb.

Mən də sözün həqiqi mənasında, Allaha and olsun, adamı yoxlamaq üçün yox, sırf Freydin bu barədə nə yazdığını öyrənmək məqsədi ilə sual verdim:

Bu barədə Freyd nə yazıb?

Adam suala cavab verə bilmədi. Nələrsə dedi, amma deməsəydi daha yaxşı olardı. Məlum oldu ki, danışdığım əhvalat barədə Freydin nə yazması haqqında adamın heç bir məlumatı yoxdur. Pərtlik yarandı.

Bizim oxucuların səviyyələrini nəzərə alıb özümü sığortalamaq məcburiyyətindəyəm. Zəruri bir haşiyə. Yuxarıda qeyd olunduğu kimi, günəşi küləş başa düşmək bizim ən ağrılı dərdlərimizdən biridir. Yekəxanalıq kimi çıxmasın (lap çıxsın) hərdən öz-özümə düşünürəm, bəlkə mən öz dilimizdə yox başqa dildə yazıram.

Bəlkə, nə demək istədiyimi aydın yazmıram. Adamların yazılardan səhv nəticələr çıxarması belə düşünməyə əsas verir. Elə bil, ölkədə yaşayırıq ki, bir yazıda nə demək istədiyini başqa bir yazıda izah etməli olursan.

Yazırsan ki, uşaqlarınızı güləşə, boksa, ağız partladan, burun, qulaq sındıran zallara göndərməyin. Deyirlər ki, sən niyə idmana qarşı çıxırsan. İdman sağlamlıqdı. Sağlam bədəndə sağlam ruh olar, zad.

Millət, heç kim idmana qarşı çıxmır. İdman gözəlşeydi. Lazımlıdı. Vacibdir. Amma baxır hansı idman növləri.

Əgər istəyirsənsə, uşağın idmanla məşğul olsun, apar üzgüçülüyə.Siz uşaqlarınızı aparırsınız boksa, güləşə. Orda burunları sınır. Qulaqları sınır. Boyları balaca qalır. Ayaqları əyilir. Ən pisi də odur ki, bizim valideynlərimiz əksər hallarda uşağın tipini müəyyən edə bilmirlər. Hər bir uşaq istedadlıdır. İstedadsız uşaq yoxdur. Sadəcə valideynin borcu uşağın istedadının istiqamətini müəyyən edib uşağı həmin istiqamətə yönləndirməkdir.

Baxırsan ki, uşaq həssasdır. Onda təxəyyül, hadisələrə yaradıcı yanaşma, bədii təfəkkür var . Belə uşaqlar rəsm, şahmat dərnəyinə getsə, daha yaxşı olar. Amma valideyn həssas uşağı aparır hansısa “kunq ki do” zalına. Verir bir qəssabın əlinə. Uşaqdan toyda adam döyən düzəltmək istəyir.

Nəticədə özü öz əliylə övladını şikəst edir.Hə, indi bir çox özünü ağıllı hesab edənlər deyəcəklər ki, kunq ki do döyüş növünün özünün fəlsəfəsi var. Ola bilər ki, hardasa var, amma biz kung fu döyüş növünün fəlsəfəsiylə toylardan, mitinqlərdən və piketlərdən yaxşı tanışıq. İndi də bu fəlsəfənin sədaları Suriyadan, İraqdan gəlir.

İndi isə qayıdaq mövzumuza. Heç kim demir Nitşeni, Bukovskini, Freydi oxumaq lazım deyil. Oxumaq lazımdır. Sadəcə əsərisitat gətirmək, forslanmaq, özünü göstərmək üçün alayarımçıq, tez-tələsik oxumaq əks reaksiya verir. Belə oxumaqdansa heç oxumamaq daha yaxşıdı.

Səmimiyyət burda çox vacib məsələdi. Konkret ədəbiyyatdan danışsaq, ədəbiyyat səmimiyyəti sevir. Kim əsərləri görüntü naminə tez-tələsik, alayarımçıq oxuyursa o, elə hesab etməsin ki, başqalarını aldadır. Xeyr, o, hər şeydən əvvəl özü-özünü aldatmaqdadı. Davam edək.

İndi bizim ölkədə xeyli gənclər peyda olublar. Geyimlərini dəyişiblər. Saqqal saxlayırlar. Saç uzadırlar, eynək taxırlar. Özləri-özlərini seçilmiş, kütlədən fərqli hesab edirlər. Bir tərəfdən yaxşıdı. Heç olmasa, adam metroda, avtobusda, küçədə fərqli qiyafəli adam görür.

Boz bir ölkədə bunun özü də az deyil. Bozluq adamlarda pessimizm yaradır. Yeknəsəqlik insanın arzularını boğur. Xoşməramlı xəyal gücünü azaldır. Lakin məsələ ondadır ki, özünü seçilmiş hesab edən gənclərin iddiaları ilə baqajları tərs mütənasibdir. Baqaj və iddia üst-üstə düşmür.

İnsan özünü olduğundan ağıllı göstərəndə gülməli vəziyyətə düşür. Karikatura yaranır. Onlar beş-altı kitabın tez-tələsik əvvəlini və axırını oxuyur, dahilərdən sitat gətirir və hər şeyin artıq həll olunduğunu, artıq həyati məsələləri anladıqlarını düşünürlər.

Alayarımçıq beş-altı kitab oxuyub əsrlərdir bəşəriyyətin ən dahi şəxsiyyətlerinin cavab tapa bilmədikləri suallara cavab tapmaq istəyirlər. Hətta bəziləri artıq bu suallara cavab tapdığına əmin də olub. Uzağa baxmaq yaxşı şeydi, amma hərdən yaxına da baxmaq lazımdı.

Eynşteyn kimi bir dahi deyirdi ki, mən cavabsız suallara cavab axtarmıram. Düzdü. Ölərik, görərik. Görərik ki, o dünyada həyat var, yoxsa yoxdu. Yoxsa işimizi-gücümüzü atıb cavabsız suallaracavab axtarsaq, özümüz öz ayağımızlabataqlığa girəcəyik.

Onlar, yəni özlərini artıq seçilmiş hesab edənlər cavabsız suallara cavab axtarmaqla bərabərbədənlərini və ruhlarınılazımsız və kökü olmayan süni kədərlə yükləyirlər. Guya onlar fərqlidirlər, ətrafdakılar isə onları başa düşmürlər. Ortada isə həqiqi bir kədər, həqiqi bir problem yoxdur.

Əlbəttə problemlər var, amma onlar bu problemlər haqqında danışmağı özlərinə təhqir hesab edirlər. Onlar öz həqiqi problemləri haqqında düşünməyi, bu haqqda danışmağı banal hesab edirlər. Əbəs yerə. Həqiqət kifayət qədər banaldı və bu banallıqdan əsla utanmaq lazım deyil.

Onların bəşəri suallara cavab tapmaq istəməsi gülməlidir. Onlar öz həqiqi problemlərindən utanmadan, çəkinmədən danışsalar, daha maraqlı olar. Məsələn, valideynləri onlara hər gün nə qədər pul verir.

Pul verəndə minnət qoyurlarmı? Bu pul onlara bəs edirmi? Nə yemək istəyirlər, amma yeyə bilmirlər? Nə geyinmək istəyirlər, amma geyinə bilmirlər? Öz seksual tələbatlarını ödəyə bilirlərmi? Bu qədər sadə.

Yuxarıda təsvir etdiyim gənclərə gülmürəm. Bu yazıda bir qram da kinayə yoxdur. Ağlı başında olan papağını qabağına qoyub, fikirləşər. Onların yalandan əziyyət çəkməsini, özləri özlərini məhv etmələrini qəbul edə bilmirəm. Çünki onlar gərəksiz gənclər deyillər, lazımlı gənclərdir.

Sadəcə aldanıblar. Onlar ayılsalar, saxta , süni, əsası, kökü olmayankədərləri öz üzərlərindən atsalar, çalışsalar, həm özlərinə xeyir olar, həm də ölkəyə, xalqa, ətrafdakılara fayda verərlər. Açığı, bu xəstəlik bizə Türkiyədən keçdi. Türkiyədə belə tiplər boğaza qədərdi.

Bu art kafedən o art kafeyə, bu dərnəkdən o dərnəyə gedirlər və elə hey tutuquşu kimi başqalarının fikirlərini təkrar edirlər. Sarı filtrli ağır siqaretlər çəkirlər.Az oxuyub, çox danışırlar.

Çinlilərin bir yaxşı atalar sözü var- Eyni yastığa baş qoymaq o demək deyil ki, eyni yuxunu görəcəksən. Yəni başqasının ayaqqabısını geyinmək olar, amma onun yerişini yerimək bir az çətin məsələdir. Əlbəttə bu sözlərdə bir hikmət vardır. Anlayanlar bilər və gözünün ucuyla görənlər ibrət dərsi götürər. Bu haqqda bir az sonra.

Bir ay əvvəl bizim seçilmiş gənclərin yığışdığı kafedə oturmuşdum. Ətrafdakıları müşahidə edirdim. Onları müşahidə etmək həm maraqlıdı, həm də bir az gülməlidir. Gördüm tanıdığım bir gənc qaş-qabaqlı gəzir. Dayanmadan siqaret çəkir. O gəncə hörmətim var. Başı yerində olan, mərifətli bir gəncdir. Lakin təəssüf ki, o da yuxarıda yazdığım xəstəliyə yoluxub. Bu xəstəlikdən əziyyət çəkir. Ona, nə olub, nə baş verib, niyə qaş-qabağın yerlə sürünür sualı vermədim.

Bu sualları gözləməyinə gözləyirdi, amma ona bu sualları versəydim oyunun qaydaları pozulacaqdı. Bilirdim ki, bir az o tərəfə, bir az bu tərəfə gəzib, özü yaxınlaşacaq. Özü danışmağa başlayacaq. Belə də oldu. Az keçmiş masama yaxınlaşdı. İcazə istəyib masama əyləşdi. Başladı boş-boş danışmağa. Özü də yəqin bu yazını oxuyacaq. Hörmətim olduğu üçün yəqin ki, söhbətimizi burda yazdığıma görəməndən inciməyəcək. Bəli, xeyli boş-boş danışdı. Mən onun gülməli söhbətlərinə səbrlə qulaq asdım. Sonra isə dedim:

Xəbərin var, sən klipə çəkilirsən? Özün-özünü klipə çəkirsən. Bu monoloqu hazırlamağanə qədər vaxt sərf etmisən.

Bu yalançı,bu kökü olmayan kədərlə yüklənməyin səni gülməli göstərir. Sən yaraşıqlı, enerjili, başı yerində olan bir gəncsən. Bu yalançı pessimizm nəyə lazımdı?

Ən böyük möcüzə yaşamaqdı. Sən bekarçılıqdan əziyyət çəkirsən. Çalışmaq, oxumaq, öyrənmək, gəzmək, dayanmadan intellektual baqajı artırmaq, təbiətlə həqiqi təmasa girmək lazımdır.

O zaman bu saxta kədərdən də qurtulacaqsan. Sən faciə axtarma, faciə lazım olanda özü gəlib səni tapacaq. O zaman həqiqi iztirabın və həqiqi kədərin nə olduğunu anlayacaqsan və bu gün səni sıxan kədərlər sənə həddindən ziyadə gülməli görünəcək. Vaxtını, həyatını boş-boş işlərə, yalançı kədərlərəsərf etmə. Özünə qiymət ver. Ağlını dəyərləndir. Oxu, çalış, həyatdan həzz al. Yaşa.

Dedim ki, bəlkə də mən bu sözlərlə sənin hisslərini təhqir edirəm. Ola bilsin, sən daxilindəbelə düşünürsən. Ola bilsin, düşünürsən ki, bu nə boş-boş danışır, amma mən sənin yalançı kədərinə şərik ola bilmərəm. Bu sözlər hər şeydən əvvəl sənin yaxşılığın, sənin xeyrinüçün deyilir.

Dedim ki, sən təkcə adamların qarşısında olanda artistlik etmirsən. İşin pis tərəfi odur ki, səntək olanda da artistlik edirsən. Tək olanda da özün-özünü klipə çəkirsən. İşin ən pis tərəfi də budur. Ayıl. Sənin ağlın var. Potensialın var. Sən vaxtını boş-boş işlərə sərf etməməlisən. Çalışmalısan. İş, çalışmaq insanın ən yaxın dostudur.

Sağ olsun, cığallıq etmədi. Sözlərimi səmimi qəbul etdi. Klipə çəkildiyini boynuna aldı. Üç gündən sonra onu gördüm. Soruşdum – necəsən? dedi: - çox yaxşıyam. Onun yaxşı olmağına həddsiz dərəcədə sevindim.

Yeri gəlib, bir az da görüntüdən informasiya almaq istəyənlər haqqında yazmaq istəyirəm. Bir çox insanlar tənbəllik edərək yalnız görüntüdən informasiya almaq istəyirlər. Bu asan yoldur. Bir əsəri oxumaq üçün bizə üç gün, bir həftə vaxt lazımdır. Baxır adamına. Bir filmə baxmaq isə iki saat, iki saat yarım, bəzən üç saat vaxt alır.Əsəri oxumaq əziyyət tələb edir.

Filmə isə divanda uzanaraq, çay içə-içə baxa bilərik. Burda heç də kino sənətinin dəyərini azaltmırıq. Kino çox vacib sənət növüdür. Leninkino barədə təxminən belə bir söz demişdi. Bünyad Sərdarov adına klubun girişinə yazmışdılar o sözü. Leninin rəsminin altına. Hər dəfə kluba gedəndə görürdüm o sözləri. Ordan yadımda qalıb. Söhbət başqadı.

Kamilliyə gedən yol sonsuzdur. Hər kəs bu yolu bacardığı qədər gedir. İnsankamilləşmək, müdrikləşmək üçün zəhmət çəkməlidir. Təkcə görüntüdən informasiya alanlar, yolu kəsə getmək istəyənlər səhvə yol verməkdədirlər. Bir az kobud çıxsa da bir paralel aparacam.

Açığı, yalnız görüntüdən informasiya alıb kamilləşəcəyini düşünənlər ekrana qonmuş ağcaqanadı xatırladırlar. Ağcaqanad ekrana qonur, orda isə nə göstərildiyini başa düşmür. Konkretmisal gətirək.

Tutaq ki, bir insan “Səfillər” əsərinin motivləri əsasında çəkilmiş filmə baxır. O, “Səfillər” əsəri ilə tanış olmur, o, bir rejissorun versiyası ilə tanış olur. Əvəzində isə filmə baxaraq səhv nəticələr çıxarır. Üstəlik, hələ bir mübahisə də edir. Bir az da uzağa gedərək çıxardığı səhv nəticələri başqalarına da ötürmək istəyir.
İndi gəl, bu adama başa sal ki, sən düz fikirləşmirsən.

Sən günəşi küləş başa düşmüsən. İnsanın hər hansı həyat məsələləri haqqında şəxsi fikrinin yaranması, hər hansı həyat məsələri haqqında şəxsi fikir yürütməsi üçün minimum, təxminən min beş yüz, iki min əsər oxunmalıdır. Üç min, dörd min əsər oxusa daha yaxşı olar.

Tutuquşu kimi başqalarının fikirlərini anlamadan, dərk etmədən təkrarlamaq iş deyil. Yaxşı oğlan heç vaxt belə hərəkət etməz. Həyat məsələri haqqında dediyin fikirlərə cavabdeh olmaq üçün insan yekəxanalıq eləmədən oxumalıdı.

Vəssalam. Ayrı yolu yoxdu.

Yox əgər ədabazlıq etmək istəyirsənsə, o başqa məsələ. Uğur olsun. Müdrikliyə gedən yol səmimi zəhmət, alın təri tələb edir. Həyat təcrübəsi də öz yerində. Məsələn, mən cəmisi beş il əvvəl Herman Hessenin “Siddhartha” əsərini oxusaydım çox şey başa düşməzdim. Elə indi də o əsərdə yazılanların hamısını anladığımı düşünmürəm.

Elə əsərlər var ki, orda mesajlar sonsuzdur. İnsan nə qədər kamilləşirsə, nə qədər müdrikləşirsə o cür əsərlərdəki mesajları da qəbul etmək diapazonu artır, amma yenə də mesajlar bitmir ki, bitmir. Kinodan misal gətirək . Çaplinin filmlərində mesajlar sonsuzdur . Elə özü də deyirdi ki, hər kəs öz səviyyəsinə uyğun məni başa düşür.

Qərəz, ciddiyyət ciddiyyət tələb edir. Yazını bəşəriyyətin ən müdrik şəxsiyyətlərindən biri olan Taqorun sözləri ilə bitirmək lazımdı: Həqiqəti sevməsən, dərk etmək olmaz. Həqiqətdən uzaqlaşsan, yenə də həqiqətə qayıtmaq mümkündür, lakin o kəs ki, həqiqəti kor-koranə və yaxud başqasının iradəsi ilə qəbul etmişdir, onun həqiqətə doğru geri qayıtmağa yolu kəsilmişdir.

MeydanTV

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG