-
“Mən indi tikinti işində işləyirəm. Daha müəllimlik etmirəm".
Bunu virtualaz.org saytına açıqlamasında adı Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəblinin iki gündür müzakirə olunan müsahibəsində çəkilən, Lənkəranın Veravul kənd orta məktəbinin müəllimi Balabəy Qurbanov deyib.
B.Qurbanov Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirdiyini və uzun müddət Veravul kənd orta məktəbində coğrafiya müəllimi işlədiyini dedi. Əlavə etdi ki, hazırda məktəbdə işləmir. Lakin o, müəllimlikdən nə vaxt uzaqlaşdığını açıqlamaq istəmədi.
B.Qurbanov yalnız onu dedi ki, hazırda tikintidə usta işləyir: “Hazırda Lənkəranda tikintidə işləyirəm. Bax, elə indicə - sizinlə danışdığım bu dəqiqələrdə əlimdə işim var, divar hörürəm. Bir neçə günlük işim qalıb”.
Deputat Hadı Rəcəblinin müsahibəsindən xəbərdar olduğunu deyən B.Qurbanov adının həmyerlisinin açıqlamasında çəkilməsinə belə münasibət bildirdi: “Elə Hadı müəllimin həngaməsidir ki, mənim başıma gəlib də. Bunlar məni biabır edəcəklər ki...” (gülür).
Hazırda Lənkəranda tikintidə işləyirəm. Bax, elə indicə - sizinlə danışdığım bu dəqiqələrdə əlimdə işim var, divar hörürəm. Bir neçə günlük işim qalıb”.
B.Qurbanov məktəbdən çıxmasının səbəbini belə izah edir: “Müəllim 250-300 manat maaş alır. İş yoldaşlarım var ki, 400 manat alır. Mənə izah edin görüm, bu məbləğlə ailə dolandırmaq olarmı? Kənd yerində vəziyyət çox çətindir. Bir qohum toyuna gedəndə bütün maaşın ora gedir”.
Balabəy müəllim bir neçə ixtisas sahibi olduğunu da söyləyir: “Mən həm də traktorçuyam, amma bənnalıq, hörgü işlərini də bacarıram. Aşpazlığı da necə lazımdır bacarıram. Bunları Lənkərandakı peşə məktəbində öyrənmişəm. Kiminsə əlinə baxıb öyrənməmişəm. Əlimdə sənədim var. Ustalıqla dolanmaq olur, amma müəllimliklə yox. Ustalıqla çörəkpulu qazanmaq olur. Həm də gecə rahat yata bilirsən”.
Balabəy müəllim deputat H.Rəcəbli ilə şəxsən tanış olub-olmaması barədəki sualı belə cavablandırdı: “Hadı müəllim kəndimizə gələndə görüşürük. Aramızda salaməleyk var”.
Xatırladaq ki, Hadı Rəcəbli müsahibəsində 150-200 manat maaşla dolana bilməyən müəllimlərin işdən sonra fəhləlik edə biləcəyi, hörgü işində işləyə biləcəyi haqda fikirlər səsləndirmişdi.
Hadı Rəcəblinin dediklərindən sitat: “Əgər vətəndaş yaxşı yaşamaq istəyirsə, çox işləməlidir. Əgər bu gün müəllim 150-200 manat maaş alır və dolana bilmirsə, o, işdən sonra da başqa nə iləsə məşğul olmalıdır.
Lənkəranın Veravul kəndində Balabəy müəllim adlı bir şəxs var. O, günün birinci yarısı müəllimlik edir, nahardan sonra isə gedib daş hörür, ustalıq edir. Qazandığı pulla da ailəsini saxlayır. O, bunu heç də ayıb hesab etmir. Bunun nəyi pisdir ki?”