“Dava manat davası deyil, bu, insanlıq, haqq davasıdır”
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı mitinqdə çıxışı zamanı belə deyib. Bildirib ki, manatın dəyərdən düşməsi, bahalaşma təbiət hadisəsi deyil:
“Bu, İlham Əliyev hakimiyyətinin Azərbaycan xalqının başına gətirdiyi fəlakətdir. Uzun illər boyu neftin pulunu talayıblar. Nəticədə ölkə neftdən tam asılı vəziyyətə salınıb. İndi gühahkar hakimiyyət çıxsın xalqa hesabat versin”.
Fuad Qəhrəmanlı hakimiyyət üçün nə qanunun, nə də əxlaqın olduğunu vurğulayıb.
AXCP sədr müavini onu da qeyd edib ki, xilası Qərbdən deyil, xalqın iradəsindən gözləyirlər.
Mitinq «quş uçuşu» məsafəsindən
"İnsanların mübarizə ruhunu oğurlamaq olmaz"
“Hakimiyyət xalqın bütün sərvətini oğurlasa da, insanların mübarizə ruhunu oğurlaya bilməz. İnsanlar manata görə yox, əzilən mənəviyyatına, onunla hesablaşılmadığına görə meydana çıxıb.”
Milli Şura üzvü Hacı Rövşən Əhmədov çıxışında belə deyib.
O, manatın bir gündə 33 faiz ucuzlaşması ilə xalqın güzəranının daha da pisləşdiyini vurğulayıb. Rövşən Hacıyev çıxışında deputat Hadı Rəcəblinin müəllimləri "işdən sonra fəhləliyə çağırmaqla təhqir etdiyini" deyib.
"Hətta Almaniya kimi ölkə də olimpiadadan imtina edib"
Mitinqdə çıxış edən AXCP sədri Əli Kərimli diqqəti daha çox ona çəkib ki, manatın devalvasiyası məhz ölkə başçısının manatla bağlı vədindən sayılı günlər sonraya təsadüf edib.
Əli Kərimli deyib ki, indiki şəraitdə hətta Almaniya kimi ölkə xərclərin çoxluğundan Olimpiadanın öz ölkəsində keçirilməsindən imtina edib. Amma ölkəsində yüzlərlə evsiz, ac vətəndaşı olan Azərbaycan nəinki Olimpiadanı. hətta idmançıların da bütün xərclərini öz üzərinə götürüb.
AXCP sədrinin müavini Gözəl Bayramlı da çıxışında daha çox Azərbaycan büdcəsinin neftdən asılılığından, qeyri-neft sektorunun inkişaf etməməsindən danışıb. O qeyd edib ki, bütün bunlara görədir ki, neftin dünya bazarında qiymətinin düşməsi Azərbaycan iqtisadiyyatının çökməsinə gətirib çıxarır.
Milli Şuranın mitinqininin keçirildiyi stadionuna polis nəzarət edir. hələ ki etirazçılarla polis arasında heç bir insident yaranmayıb.