-
Elələri də tapıldı ki, bəzi “qoluzorlu oğlanlar”ın adını çəkib dedilər ki, qadın olduğuna şükr elə, yoxsa sənin kimi düşünənlərin bütün nəslini başa salarlar...
Günel Mövlud
GÜCLÜ MİLLƏT NECƏ OLUR?
Bir müddət əvvəl Gürcüstanın milliyyətcə azərbaycanlı vətəndaşları barədə bir yazı yazmışdım.
Yazılma məqsədindən tutmuş, içindəki fikirlərə qədər heç bir pis niyyəti, qərəzi olmayan bir yazı idi.
Mənsub olduğum millətin bir çox nümayəndələrinin vətəndaşı olduqları ölkədə mədəniyyətdən uzaq, aqrar, göysatan, ibtidai toplum kimi tanınmasına doğrudan da, ürəyim yanır.
Onlara olan münasibəti və bu münasibətin heç də səbəbsiz olmadığını görmək biz azərbaycanlı kimi hisslərimi təhqir edir.
Mənsub olduğum millətin Gürcüstan parlamentindəki deputatının, ziyalısının öz icmasının problemlərini qabartmaq, təhsilinin qayğısına qalmaq əvəzinə 13-14 yaşlı qızların elçiliyinə getməsi, “nənələrimiz də elə bu yaşda ərə gediblər, tez evlənən peşman olmaz” kimi feodal təfəkkür nümayiş etdirməyi bir azərbaycanlı kimi məni təhqir edir.
Amma bəzi Gürcüstan azərbaycanlıları yazını olduqca aqressiv qarşıladılar. Təhqirlər, hədələr, aşağılamalar baş alıb getdi. Bəziləri şəxsən təhqirə keçdilər, bəziləri hədə-qorxu gəldilər.
Elələri də tapıldı ki, bəzi “qoluzorlu oğlanlar”ın adını çəkib dedilər ki, qadın olduğuna şükr elə, yoxsa sənin kimi düşünənlərin bütün nəslini başa salarlar.
Bu təhqir və hədələrdən belə başa düşdüm ki, onlar yazıdan heç nə başa düşməyiblər.
Başa düşənlər də, tamamilə başqa şey başa düşüblər. Ya da çox yaxşı başa düşüb, sadəcə özlərini hiyləgərliyə vurublar. Belələri heç. Onların niyə cırnadıqları, niyə etiraz eləməyi məlumdur. Heç nə başa düşməyənlər, yanlış başa düşənlər də sübut elədilər ki, yazıdan, sağlam tənqid anlayışından nə qədər uzaqdılar. Sübut elədilər ki, heç vaxt mətbuatla, yazı ilə, mətnlə ciddi təmasları olmadığından, belə şeylər onlara nə qədər yaddır.
Ona görə də, çox pis cırnadılar. Özlərini, eyiblərini mətbuatda görmək, güzgüdə özlərinə baxmaq onlara çox pis təsir elədi. Onlar belə şeyə heç hazır deyildilər. Buna görə də, yazını qəzəblə, aqressiya ilə qarşıladırlar.
Amma ortaya bəzi suallar çıxır. Məsələn, bu adamlar bir yazıya cırnayırlarsa, bir yazı bunları bu qədər əsəbiləşdirə, qəzəbləndirə bilirsə, onda, qat-qat daha ciddi şeylər onlara niyə təsir etmir?
Güvəndikləri, yazı, qələm adamlarının üstünə göndərdikləri o ciddi kişilər, qoluzorlu oğlanlar o ciddi şeylər baş verəndə, Gürcüstan azərbaycanlılarının hüquqları pozulanda harda olurlar?
Məsələn, Azərbaycan kəndlərinin adları dəyişəndə, az qala 100 faizi müsəlman olan kəndlərin girişinə kimlərsə qızışdırıcılıq üçün gətirib xaç qoyanda, o qoluzorlu oğlanlar, ciddi kişilər harda olur? Əlbəttə, şəxsən mənim üçün kəndin adının, girişində xaç, aypara, yoxsa gözmuncuğu asılmağının heç bir fərqi yoxdur.
Amma dini, milli ayrı-seçkilik görəndə, dovlət müəssisələrində sırf azərbaycanlı olduqları üçün sırada axırıncı yerlərə göndəriləndə, dövlət məmurları üstlərinə qışqıranda, üstdən aşağı baxanda, bu onları təhqir eləmədi, şəstlərinə toxunmadı?
Amma bir yazı onların hisslərini təhqir elədi, şəstlərinə toxundu, qəzəbləndirdi və ciddi kişiləri, ciddi oğlanları köməyə çağırmalı oldular?
Bu günlərdə gürcü yazıçısı Mixail Cavaxaşvilinin kitabına yazılmış ön söz diqqətimi çəkdi.
“Ədəbiyyatın ilkin məqsəd və öhdəliklərindən biri də təkcə cəmiyyətin hansısa hissə və ya təbəqəsinin bədii təsviri deyil, bəzən hətta millətin tarixən formalaşmış şübhəli və mənfi tərəflərini yazmaqdır. Çünki heç bir xalq öz kəm-kəsirini görmədən inkişaf edə bilməz. Millət nə qədər güclüdürsə, yazıçının şişirdilmiş tənqidini bir o qədər sakit və təmkinlə qəbul edir, əksinə, bir millət nə qədər zəif və özündən bədgümandırsa, yazıçının sadə həqiqətini bir o qədər ağrılı və əsəbi qarşılayır”.
(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)