-
Martın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsi Müsavat Partiyasının həbsdə olan fəalı Sirac Kərimliyə 6 il həbs cəzası verib. Sirac Kərimli ötən il iyulun 17-də saxlanıb, böyük məbləğdə narkotik maddə əldə etmə və ya saxlama maddəsi ilə ittiham olunur. Onun qardaşı, Müsavat Partiyası başqan müavini Fərəc Kərimli isə eyni ittihamla iyulun 23-də həbs edilib. Qardaşların atası Raqif Kərimli Müsavat Partiyası Laçın Rayon Təşkilatının sədri olub.
Məhkəmənin qərarından sonra Raqif Kərimli AzadlıqRadiosu ilə fikirlərini bölüşüb:
- Raqif bəy, məhkəmənin qərarını necə qarşıladız?
- Əvvəlcədən sifarişlə görülmüş məsələdir. Sirac özünün son sözündə də bildirdi ki, onun həbsi mənim və digər oğlum Fərəcin fəaliyyəti ilə bağlıdır. Fərəc “İstefa” qrupunun, “musavat.org” saytının admini, “Basta” qrupunun yaradıcısı və rəhbəri idi. Bu qruplarda hakimiyyət sərt tənqid olunurdu. Oğlanlarımın həbsi bunlarla bağlı idi. Sirac öz çıxışında da bildirdi ki, onu səhvən, qardaşının yerinə tutublar. Bunu ona Narkotiklərə Qarşı Mübarizə İdarəsində də deyiblər. Bundan bir həftə sonra isə Fərəci həbs etdilər. Sirac dedi ki, məni siyasi sifarişlə həbs edibsiz, adını da belə qoyun. Niyə narkotik ittihamı qoyurlar?
- Sözünüzdən belə çıxır ki, Fərəcdən fərqli olaraq Siracın həbsi əvvəlcədən planlaşdırılmayıb və səhvən saxlanıb. O zaman Fərəci tutandan sonra onu niyə buraxmadılar?
- Siracın tutulmasında 5-6 əməliyyatçı iştirak edib. Sənədləşdirib, ittiham irəli sürüblər. Bundan sonra buraxmaq istəməyiblər. Həm də ki, hakimiyyət o qədər qəddardır ki, fikirləşiblər ailəyə iki zərbə vursaq yaxşıdır. Bunların xisləti insanları məhv etməkdir. Bir nağıl var. Orada deyir ki, əjdaha şəhərə gələn suyun qabağını kəsirmiş. Hər gün bir cavan qız, igid oğlan atırmışlar ağzına əjdaha sudan biraz biraxırmış. İndi də bu hakimiyyət. Hər gün övladlarımızı, dostlarımızı bu əjdahanın ağzına ata-ata gedirik.
- Fərəcin işindən nə xəbər var?
- Martın 16-da məhkəməsi oldu, növbəti proses 18-də olacaq. Nə Fərəcin, nə də Siracın zərrə qədər də günahları yoxdur. Əslində onları həbs edənlər məsuliyyətə cəlb olunmalıdır. Qanun işləmir axı. Məhkəmə də Prezident Adminstrasiyasının göstərişlərini icra edir. Azərbaycanın hüquq-mühafizə orqanları sifarişlə işləyirlər.
- Bundan sonrakı addımlarınız nədən ibarət olacaq?
- Mən indiyə kimi yolumu necə getmişəm, o cür də davam edəcəm. Bu gün uşaqlarımı azadlığa buraxsalar da bu rejimlə barışası deyiləm. Sonadək mübarizəmi, müsavatçılıq yolumuzu davam etdirəcəyik. Oğlanlarım da bu cür düşünür. Hüquqi baxımdan da addımlarımız olacaq. Vəkillərlə məsləhətləşirik, Avropa Məhkəməsinə kimi davam edəcəyik.
Hələ o vaxt Daxili İşlər Nazirliyi Sirac və Fərəc Kərimli qardaşlarının siyasi fəaliyyətlərinə görə həbs olunmaları haqda deyilənləri təkzib etmişdi. Nazirliyin məlumatında bildirilirdi ki, qardaşlar konkret əmələ görə, narkotik ittihamı ilə həbs olunblar.