Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 02:05

Tacikistan qan qohumlarının evlənməsini qadağan etmək istəyir


Tacikistan - anadangəlmə qüsuru müalicə edilən uşaq
Tacikistan - anadangəlmə qüsuru müalicə edilən uşaq

-

Tacikistanda əmi, dayı, bibi, xala uşaqları arasında nikahların qadağan olunmasına çağırışlar getdikcə artır.

Qan qohumları arasında nikahlara qadağa qoyulmasına tərəfdar olanlar deyirlər ki, belə nikahlardan doğulan uşaqlarda irsi xəstəliklərin olması riski son dərəcə yüksəkdir və bu, ümumilikdə xalqın sağlamlığına mənfi təsir göstərir.

Qan qohumluğunda heç bir ziyan görməyənlər isə deyirlər ki, fəsadlar barədə məlumatlar şişirdilib və qan qohumluğu ilə irsi xəstəliklərin bağlılığı barədə daha dərin elmi araşdırmalara ehtiyac vardır. Onların fikrincə, bu məsələdə qadağayla heç nəyə nail olmaq mümkün deyil.

Son aylarda bu kimi debatlar elə bir untensivliyə çatıb ki, bu məsələnin yeni parlamentin ilk gündəliyində ilk maddə olacağı gözlənilir.

Fəsadın qeydiyyatı

Hələlik qardaş-bacı övladları arasında nikahları qadağan edən qanunun layihəsi belə hazır deyil, lakin bu potensial qadağaya dəstək hökumətin ən yuxarı eşalonundan verilib. Məhz buna görədir ki, səhiyyə rəsmiləri artıq indidən müəyyən tədbirlər görməyə başlayıblar.

Martın 17-də ölkənin cənubundakı Xatlon əyalətinin Səhiyyə Şöbəsi bildirib ki, əlil doğulmuş uşaqların qeydiyyatına başlayıb. Bu qeydiyyatın maraqlı cəhəti budur ki, belə uşaqların valideynləri arasında qohumluq münasibətləri də qeydə alınır.

Qeydiyyat rəqəmləri göstərir ki, əyalətdə 18 yaşınadək olan 9700 nəfər fiziki və ya əqli əlilliklə doğulub və bunlardan 1546-sının valideynləri bacı-qardaş övladlarıdırlar.

Əyalətin mərkəzi şəhəri Qurqontepada anadangəlmə qüsurlarla doğulanların 25 faizini valideynləri qardaş-bacı olanlar təşkil edirlər.

Qeydiyyat işindən başqa Xatlonun səhiyyə rəsmiləri həm də əhali arasında maarifləndirmə kampaniyası aparır, qan qohumluğunun gələcək nəsil üçün mümkün fəsadları barədə bilikləri əhali arasında yayırlar.

Kampaniyanın gücləndirilməsi üçün hakimiyyət bu işə yerli imamları da qoşub.

Hətta Rahmon-un özü…

Xatlonda görülən tədbirlərdən əvvəl, hələ yanvar ayında prezident Emomali Rahmon çıxış etmiş, ölkədə “qan qohumları arasında nikahların artmasından” narahatlığını dilə gətirmişdi.

Müddətini başa vuran keçmiş parlamentin qarşısında çıxış edən prezident məlumat vermişdi ki, “ölkədə dövlətin himayəsində olan 13 min əlil uşaq var” və onların əksəriyyəti qan qohumları arasında nikahlardan doğulub.

Ölkə başçısı elə həmin çıxışında Səhiyyə və Sosial Təminat nazirliklərinə belə nikahların qarşısının alınması üçün tədbirlər planı hazırlamaq göstərişi vermişdi.

Hələ prezidentin çıxışından əvvəl, 2013-cü ildə tanınmış millət vəkili və “qohum nikahlarının qatı əleyhdarı” Saodat Amirshoeva parlamenti belə nikahların qadağan olunması haqqında qanuna baxılmasının zərurliyinə inandıra bilmişdi.

Bu qanun parlamentdə müzakirə mərhələsinə çatmamış, layihəni hazırlamaq üçün təşkil edilmiş işçi qrup bir neçə müzakirədən sonra ləğv olunmuşdu.

Bu yaxınlarda Amirshoeva AzadlıqRadiosuna demişdi ki, o vaxt hökumət belə bir qadağanın icrası üçün mexanizm və təsisatlara malik olmadığını əsas gətirib.

İndi bu barədə Rahmon-un çıxış etməsi təşəbbüsün yenidən gündəmə gəlməsinə kömək edib.

O deyir ki, Tacikistanda kök salmış ənənəyə görə prezident göstəriş verməyənədək heç kəs heç nə etmək istəmir. Məhz buna görə də millət vəkili inanır ki, indi bu təşəbbüs gerçəkləşməyə həmişəkindən daha yaxındlır.

Din də dəstək verir və vermir

Rahmon-un çıxışından bir neçə gün sonra Tacikistan İslam Mərkəzinin başçısı Faizullo Barotzoda özünün təbirincə deyilsə, Rahmon-un “mənalı təşəbbüsünün millətin birliyinə, sağlamlığına, qabiliyyət və həyat tərzinə müsbət təsir göstərəcəyini” bildirib.

Lakin başqa din xadimləri bu məsələdə qadağayla nəyəsə nail olunacağına o qədər də inanmırlar.

Nüfuzlu din xadimi Nuriddin Turajonzoda deyir ki, burada sağlamlıq riskləri son dərəcə şişirdilib və əlil uşaqların yalnız 3-4 faizi qan qohumları arasında nikahdan doğulur.

Qadağanın əvəzində Turajonzoda gələcək cütləri vətəndaş qeydiyyatından keçməzdən əvvəl hökumət tərəfindən maliyyələşdirilən tibbi-genetik yoxlamadan keçməyə çağırır. Onun fikrincə, bu cür yoxlamanın nəticəsində riskin mövcudluğu ortaya çıxan təqdirdə belə evliliyin məsləhət görülmədiyini bildirmək olar.

Din xadimi əlavə edib ki, “İslam bacı-qardaş övladları arasında nikahları nə təqdir, nə də qadağan edir”. O deyir ki, onsuz da din xadimləri gəncləri həmişə yad ailələrin övladları ilə evlənməyə həvəsləndirirlər və deyirlər ki, belə nikahlardan daha sağlam uşaqlar doğulur.

“Lakin buna baxmayaraq, biz belə bir qadağanın əleyhinəyik” – deyib din xadimi.

Dünya boyunca 1 milyard insan bacı-qardaş övladları arasında izdivaclara rəğbət bəsləyən icmalarda yaşayır. Bunlara Tacikistan və Mərkəzi Asiya icmaları da aiddir.

Elmdə qohum evlənmələrinin riskli olması, belə nikahlardan anadangəlmə əlil uçaqların doğulma ehtimalının yüksək olması barədə mülahizə çoxdan mövcuddur.

Son vaxtların bu sayaq ən böyük araşdırması Britaniyada keçirilib. “Bredfordun balaları” (Born in Bradford) adlı araşdırma təsdiq edib ki, bacı-qardaş nikahlarından əlil uşaqların doğulması riski adi nikahlarda olduğundan iki dəfə yüksəkdir.

Ailə ənənəsi

Əsrlərin ənənəsinə son qoymaq o qədər də asan olmayacaq.

Bir çox hallarda belə nikahlara ailə sərvətinin yad əllərə düşməsini istəməyən varlı adamlar üstünlük verirlər. Üstəlik belə izdivaclar valideynlərdən, qohumlardan və icmadan dəstək gördüyü üçün daha davamlı olur.

Xatlonda yaşayan evdar qadın Zebo Karimova qardaş-bacı övladları arasında nikahların necə faciələrə səbəb olmasını şəxsi təcrübəsindən bilir.

Karimova hazırda özünün beş yaşlı oğlan nəvəsi Anisjon-a qulluq edir. Uşaq onu yeriməkdən məhrum etmiş nadir irsi xəstəlikdən əzab çəkir.

Anisjon-un valideynləri bacı-qardaş övladlarıdırlar.

Nəticədə Anisjon-un atası “dünyaya şikəst uşaq gətirdiyinə görə” arvadını boşayıb və Karimova hər şeydə özünü günahkar bilir.

“Qızımı bacımın oğluna özüm vermişəm ki, qohumluğumuz bir az da möhkəm olsun. Amma biz bilməmişik ki, bunun belə fəsadları ola bilər” – deyir nənə.

Keçmişlərdə səhra olmuş Qurqontepada adamları sovet hakimiyyəti 1930-cu illərdə məskunlaşdırıb və onların çoxu doğma ənənə və dillərini qoruyub saxlamaq üçün qohum nikahlarına üstünlük veriblər.

Üstəlik bu ənənə başqa nikahların üstünə hücuma da keçib.

“Mənim qaynata-qaynanam az qala ailəmi dağıdacaqdı, - deyir Malika (ad dəyişdirilib), - çünki onlar ailədə yad qızı istəmirdilər".

O deyir ki, qohum nikahlarını qadağan etməzdən əvvəl, hökumət adamların mentalitetini dəyişməyə cəhd göstərməlidir.

XS
SM
MD
LG