Bu iş üzrə ittiham edilən Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarış İdarəsinin keçmiş rəisi Zakir Nəsirovu müdafiə edən Adil İsmayılov ona qaranlıq görünən məsələlərin aydınlaşdırılması üçün bir qayda olaraq məhkəmədə təqsirləndirilən şəxslərə müxtəlif suallar verir. Bu dəstənin rəhbəri kimi təqdim edilən Hacı Məmmədov artıq bir neçə həftədir ki, bu sualların çoxuna cavab vermir. Cənab İsmayılov deyir ki, bəzən Hacı Məmmədov istintaqda bildirmədiyi məqamlardan danışır, yaxud vacib məqamların üstündən keçir.
Adil İsmayılov deyir ki, tək iş adamı Ülvan Bağırovun oğurlanması epizodu ilə bağlı deyil, bir çox məsələlərdə aydınlaşdırılmalı məqamlar var. Vəkilin sözlərinə görə, bu məsələlərdən biri də Hacı Məmmədovun ikinci bir dəstəsinin olub-olmamasıdır. Çünki əvvəlki məhkəmə prosesində Hacı Məmmədovun azadlıqda daha bir dəstəsinin də mövcudluğundan bəhs edilmişdi. Vəkil bildirir ki, prokurorlar öz vəzifələrini yerinə yetirməkdən çəkinirlər, Hacı Məmmədovun sonrakı ifadələrindən ehtiyatlanırlar.
İttiham tərəfi isə vəkillərin iradlarını qəbul etmir. Dövlət ittihamçısı Bəşir Cəfərov deyir ki, onlar vəkillərin istəyinə uyğun fəaliyyət göstərmirlər: «Biz öz işimizi yaxşı bilirik. Kim bizdən nə gözləyirsə, bu onun öz problemidir. Biz qanun çərçivəsində fəaliyyət göstəririk».
Vəkil Adil İsmayılov deyir ki, Rövşən Əliyevin ölümündən sonrakı bir neçə il ərzində adam oğurluğunda ittiham edilən şəxslərin həbs edilməməsinin səbəbləri ilə bağlı Baş prokuror mütləq açıqlama verməlidir.
Baş Prokurorluqdan isə İradə Quliyevanın ifadəsi ilə bağlı açıqlama vermək istəmirlər. Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Vuqar Əliyev deyir ki, onlar indilikdə məhkəmənin işinə müdaxilə etmək istəmirlər. Yalnız proses başa çatdıqdan sonra orada səslənən fikirlərə münasibət bildiriləcək: «Bilirsiniz ki, bu işin istintaqını elə birinci prokurorluq aparıb. Məhz bizim topladığımız materiallar nəticəsində adam oğurluğu ilə məşğul olan dəstə ifşa edildi».
Əvvəlki məhkəmə proseslərində vəkillər vəsatət verərək bir sıra vəzifəli şəxslərin məhkəməyə çağırılmasını təklif etmişdilər. Bəzi vəkillər hesab edirdilər ki, Hacı Məmmədov bu işdə icraçıdır, daha yuksək vəzifəli şəxslər də məsuliyyətə alınmalıdır. Çünki onlar hesab edirlər ki, 10 il ərzində himayə edilmədən ağır qətl və adam oğurluqları ilə məşğul olan dəstə məsuliyyətdən yayına bilməzdi. Hakim isə hələ ki, bu vəsatətlərin təmin edilməsinə ehtiyac görmür.