-
«Azərbaycanın mətbuat azadlığında yerini hələ az göstəriblər, vəziyyət təsvir edildiyindən daha pisdir».
Bunu AzadlıqRadiosuna jurnalist Aynur Elgünəş deyir. Onun fikrincə, «Freedom House»un yenicə açıqladığı «Mətbuat Azadlığı 2015» adlı hesabatında Azərbaycanla bağlı hissə obyektiv yazılıb: «Kifayət qədər əsaslı yazılıb. Orda göstərilib ki, Azərbaycanda jurnalistləri cəzalandırmaq üçün tutub saxlama, həbs, təzyiq üsullarından istifadə olunur. Birini də mən əlavə edim. Müstəqil jurnalistlərin bank hesablarına həbs qoyulub, maliyyə resurslarının qarşısı alınır».
Aynur Elgünəş deyir ki, məhdudiyyətlə üzləşənlər artıq təkcə müstəqil, müxalifyönlü mətbuatda çalışanlar yox, həm də iqtidaryönlü medianın əməkdaşlarıdır:
«Hakimiyyətyönlü mediada çalışan jurnalistlərin belə bu dəqiqə hər şeyi yazmaq imkanı yoxdur, onsuz da onlarda mövzu çevrəsi məhdud idi, Avropa Oyunları ilə bağlı məhdudiyyətlər lap çoxalıb. Məsələn, kriminal xəbərləri də elə verməlidirlər ki, adi xəbərlərdən seçilməsin. Jurnalistlər yalnız hava proqnozunu rahatca, məhdudiyyətsiz yaza bilərlər».
«AZƏRBAYCAN GEC-TEZ ŞİMALİ KOREYA, TÜRKMƏNİSTANLA BİR SİYAHIDA OLACAQ»
Müsahibimiz hesab edir ki, Azərbaycan mediasında baş verənlər ölkəni «qeyri-azad ölkə» kateqoriyasına salmalı idi. Onun fikrincə, müstəqil mediaya təzyiqlər, azad sözün sıxışdırılması Azərbaycanı gec-tez Şimali Koreya, Türkmənistan kimi media azadlığı ən pis olan ölkələr sırasına qoyacaq: «Bu gün Azərbaycan ona görə bu siyahıda deyil ki, ictimaiyyət həmişə fəal olub. Məsələn, Azərbaycan ictimaiyyəti Türkmənistan, ya Özbəkistan ictimaiyyəti kimi deyil, fəaldır, sözünü deyə bilir. Bəlkə də bunun sayəsindədir ki, hələ tam sıradan çıxmamışıq. Ancaq görünür, bu gedişlə biz də o sırada yer alacağıq».
«YALNIZ SOSİAL ŞƏBƏKƏLƏR VƏ BİR-İKİ SAYT AZAD PLATFORMADIR»
«Turan» İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev də Azərbaycanda medianın azad fəaliyyət göstərmədiyini düşünür: «TV-lər, radiolar azad deyil, çap mətbuatında azadlıq yox dərəcəsindədir, internet saytları da o cümlədən. Tək-tük onlayn sayt var ki, azadlığını qoruya bilib. Bir də sosial şəbəkələrdə nisbətən azad fikri eşitmək olur. Hərçənd burda da hakimiyyət nəzarəti var».
Mehman Əliyev deyir ki, İran və Türkmənistanla müqayisədə Azərbaycanda sosial şəbəkə platformaları azad fikrə açıqdır. Ancaq mətbuatın imkanlarının müqayisəsində İran mediası daha öndədir. Onun fikrincə, İranda mediada rəqabət, reklama çıxışda bərabərlik var, Azərbaycan mediası isə belə azad mühitdən məhrumdur.
ANCAQ ÜMİD NEFTƏDİR…
«Azərbaycan artıq qeyri-neft ölkəsinə çevrilir. Bu, bizim üçün müsbət amildir. Çünki Azərbaycan məcbur olub qeyri-neft sektorunu inkişaf etdirəcək. Qeyri-neft sektorunun inkişafı isə ancaq azad iqtisadiyyatdan keçir. Hakimiyyət ya bunu eləməlidir, ya da ölkəni uçuruma aparmalıdır», -Mehman Əliyev deyir. O əlavə edir ki, qeyri-neft sektorunun inkişafı məhkəmələrin azadlığını tələb edəcək və bu proseslər müstəqil medianın inkişafına təkan verəcək. O ümid edir ki, bunun nəticəsində Azərbaycan heç vaxt mətbuat azadlığı ən pis olan ölkələr siyahısına düşməyəcək, əksinə, «qeyri-azad» ölkə kateqoriyasından çıxacaq.
«KÖHNƏ ARAYIŞLARDIR, HƏR İL HESABATA SALIRLAR»
«İndiyə kimi «Freedom House» Azərbaycanla bağlı müsbət fikir söyləyibmi? İndiyə kimi «Freedom House» hesabatını hazırlamazdan öncə gəlib Azərbaycanda araşdırma aparıbmı, vəziyyəti yerində öyrənibmi?».
Bunu «Azərbaycan» qəzetinin baş redaktoru, deputat Bəxtiyar Sadıqov deyir. O hesab edir ki, «Mətbuat Azadlığı 2015» hesabatı qərəzli və qeyri-obyektiv hazırlanıb, böhtanla doludur. «Köhnə arayışlardır, hər il təzə adı ilə verirlər» deyən Bəxtiyar Sadıqov əlavə edir:
«Müstəqil mətbuat yaranıb, əhalinin 75 faizi internet istifadəçidir. Dövlət tərəfindən müstəqil mətbuata bu qədər yardım edilir, təmirli ev verilir, əvəzində heç bir qarşılıq gözləmir».
Bəxtiyar Sadıqov deyir ki, Azərbaycan dövlətinin mətbuata təsir etmək rıçaqı yoxdur. «Mətbuat və İnformasiya Nazirliyi ləğv edilib» deyə vurğulayan baş redaktor qeyd edir ki, mətbuat sahəsində baş verən müsbət halların heç birinin bu hesabatda əks olunmaması qərəzin sübutudur.
Aprelin 29-da ABŞ-da yerləşən «Freedom House» hüquq-müdafiə təşkilatı illik hesabatında Azərbaycanı mətbuat azadlığına görə «qeyri-azad» ölkələr sırasına daxil edib .
Hesabatda Azərbaycan 199 ölkə içində 188-ci yerdədir. Ermənistan da «qeyri-azad»dır, 136-cı yerdə qərarlaşıb. Gürcüstan isə mətbuat azadlığına görə «qismən azad»dır, 93-cü yeri tutub.