-
Məhkəmə Plenumu Mülki Məcəllənin maddələrinin Konstitusiya ilə ziddiyyət təşkil etmədiyi qənaətinə gəlib.
Mayın 15-də Konstitusiya Məhkəməsi manatın devalvasiyasından sonra kreditlərin hansı məzənnə ilə qaytarılması haqda qərarını açıqlayıb.
Bu haqda məlumatı AZƏRTAC yayıb.
Qərarda deyilir ki, Mülki Məcəllənin 439.1-ci maddəsinin «əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər» və həmin Məcəllənin 439.2-ci maddəsinin «əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləndirildiyi hallardan başqa, o, manatla ödənilir» müddəaları Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin III hissəsinin tələbləri ilə ziddiyyət təşkil etmir.
Konstitusiyanın 19-cu maddəsinin III hissəsinin «ödəniş vasitəsi» müddəası görülmüş iş, göstərilmiş xidmət, satılmış mal və s. müqabilində ödənişin həyata keçirilməsi, habelə icbari ödənişlərin (vergi, sosial sığorta və s.) aparılması hallarını nəzərdə tutur.
Mülki Məcəllənin 439.1-ci maddəsinin «pul öhdəliyi manatla ifadə edilməlidir» müddəası kredit (borc) müqavilələri üzrə pul öhdəliklərinin predmetini xarici valyuta da təşkil edə bildiyindən, həmin öhdəliklərdən irəli gələn münasibətlərə şamil olunmur.
Mülki Məcəllənin 439.2-ci maddəsinə uyğun olaraq, kredit (borc) müqaviləsi üzrə əsas borc və faizlər kredit müqaviləsində şərtləşdirildiyi hallarda müqavilədə nəzərdə tutulan valyutada ödənilir. Müqavilədə belə şərt olmadıqda, borclu kredit üzrə əsas borcu və faizləri ödəniş yerində tətbiq olunan məzənnə əsasında manatla ödəmək hüququna malikdir.
Bu məcəllənin 439.7-ci maddəsi manatla olan pul öhdəliklərinə şamil olunur və bu zaman həmin maddənin «ödəniş müddəti çatanadək» müddəası müqavilədə öhdəliyin müəyyən edildiyi icra müddətini, müqavilədən irəli gələn «öhdəliyin əmələ gəldiyi vaxt» müddəası isə müqavilənin bağlandığı vaxtı nəzərdə tutur.
Qərarda deyilir ki, əhalinin maraqlarını nəzərə alaraq, xarici valyutada verilmiş kreditlər üzrə kredit müddətinin uzadılması, faiz dərəcələrinin aşağı salınması və digər güzəştli şərtlərin tətbiqi üzrə tədbirlərin bankların maliyyə imkanlarından asılı olaraq həyata keçirilməsi məqsədəmüvafiq hesab edilsin.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə, yaxud rəsmi təfsir oluna bilməz.
Mayın 7-də Konstitusiya Məhkəməsinin Plenumu Mülki Məcəllənin 439.1-ci, 439.2-ci və 439.7-ci maddələrinin Konstitusiyaya uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair konstitusiya işinə baxıb.
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim R.Qvaladzenin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssislərin çıxışlarını, ekspertin rəyini dinləyib.
Bu il fevralın 21-də Mərkəzi Bankın qərarı ilə manat 33 faiz dəyərdən salınıb.
Bundan sonra ombudsman Elmira Süleymanova və Göyçay rayon Məhkəməsi Mülki Məcəllənin bəzi müddəalarının Konstitusiyaya uyğunluğunun yoxlanılması, habelə həmin Məcəllənin 439.1-ci, 439.2-ci və 439.7-ci maddələrinin şərh edilməsi üçün Konstitusiya Məhkəməsinə sorğu və müraciət göndərib.
Konstitusiya Məhkəməsi məhkəmələrə müraciət edərək kredit borclarının hansı məzənnə ilə qaytarması ilə bağlı şikayət və icraatda olan işlərə baxılmasını dayandırmağa çağırmışdı.
Az sonra iqtisadçıların rəyi ilə tanış ola bilərsiniz.