İlham Əliyev: Bu qədər özbaşınalıq olmaz!
“Tələb edirəm ki, gələcəkdə belə hadisələrin təkrarlanmaması üçün mənə konkret təkliflər paketi təqdim edilsin. Çünki mən görürəm ki, bu sahədə ciddi tənzimləmə sistemi yoxdur”.
APA-nın məlumatına görə, bunu mayın 20-də Azərbaycan prezidenti İlham Əliyev Bakıda baş verən yanğınla əlaqədar yaradılan Dövlət Komissiyasının ilk iclasında çıxışı zamanı söyləyib.
Dövlət başçısı deyib ki, tənzimləmə məsələləri, qaydaları qanunvericilikdə təsbit edilir, ancaq həyatda buna riayət olunmur: “Binalar təmir edilir, müqavilə bağlanmır. Bu, ümumiyyətlə, qəbuledilməzdir. Yaxud sertifikat bir maddəyə verilir, oda davamlılığın artması, materialın yüksək səviyyəli olması üçün hansısa maddələr əlavə edilməlidir, lakin istehsalat zamanı o qatqı əlavə edilmir, beləliklə, o keyfiyyət itirilir. Ona görə də hər bir mərhələdə istifadə edilən bütün tikinti materiallarına ciddi nəzarət olmalıdır. Müqaviləsiz iş görülən, ekspertizası olmayan bina olmamalıdır. Əgər ekspertiza varsa, ekspertiza həqiqətə uyğun deyilsə, o zaman o ekspertiza rəyini verən insanlar da məsuliyyətə cəlb edilməlidir. Ona görə də burada hüquq-mühafizə orqanlarının çox geniş iş fəaliyyəti nəzərdə tutulur ki, biz birdəfəlik bu hərc-mərcliyə son qoyaq. Çünki bu, bizə yaraşmaz. Azərbaycanda bu qədər abadlıq, quruculuq, təmir-bərpa işləri görülür. Bütün işlər yüksək keyfiyyətlə görülməlidir. Mənim birinci tələbim təhlükəsizlik və keyfiyyətdir, ancaq biz həyatda bu qaydaların pozulduğunu görürük”.
Prezident İlham Əliyev qanunsuz evlərin tikildiyini də bildirib: “İndi Bakıda, Azərbaycanda nə qədər qanunsuz evlər tikilir?! Mən soruşanda, sanki heç kimin xəbəri yoxdur. Yerli icra başçılarının, şəhər icra başçılarının, heç kimin xəbəri yoxdur. Bu yaxınlarda istifadəyə verilən yeni idman obyektləri ilə tanış olarkən vaxtilə Heydər Əliyevin şəxsi iştirakı ilə salınmış Dostluq parkının bir hissəsinin yenə də zəbt edildiyini gördüm. Mən 7-8 il əvvəl ora getmişdim. Görmüşəm ki, Dostluq parkında ağacları qırırlar, villalar tikilir. Hacıbala Abutalıbova göstəriş verdim ki, gedin aydınlaşdırın. Bütün tikilən villalar qanunsuzdur. Dedim ki, gedin, o villaları dağıdın, qoy onları tikənlər üçün dərs olsun. İndi o gün gəlirəm, görürəm ki, yenə də düz Dostluq parkının yanında, yamacda villalar tikilir. Dedim ki, gedin öyrənin ki, bu villaları kimlər tikir. Heç bir adam çıxmadı. Dedim ki, gedin bir villanı sökün, görək bunun arxasından kim çıxacaq, heç kim çıxmadı. Dedim ki, bu villalar heç kimə məxsus deyilsə, o villaları söküb dağıdın, başqalarına da dərs olsun. Gedib qanunsuz yollarla özəlləşdirirlər, zəbt edirlər, hasarlayırlar. Elə istinad divarları tikilib ki, bəlkə də bir neçə milyon manat təkcə o istinad divarlarının tikintisinə sərf olunub. Bu qədər özbaşınalıq olmaz! Dəfələrlə demişəm ki, qayda-qanun olmalıdır, ilk növbədə vəzifəli şəxslər nümunə göstərməlidirlər. Yerlər zəbt edilir, qanunsuz tikililər aparılır, sonra da bunu qanunsuz sənədləşdirirlər”.
Dövlət başçısı həmçinin qeyd edib ki, yüksək gərginlikli xətlərin altında çoxlu sayda evlər tikilib: “İndi bəlkə də insanlar bunun özləri üçün nə qədər böyük təhlükə olduğunu başa düşmürlər. Ancaq o icazəni verən necə? Elə bil ki, özbaşına tikiblər. Axı biz hamımız Azərbaycanda yaşayırıq, özbaşına kim nə edə bilər?”.
Ramzan Kadyrov:"Qadınlarınızı WhatsApp-dan yığışdırın"
Çeçenistan prezidenti Ramzan Kadyrov çeçen kişilərə müraciət edib ki, "Bəsdir! Özünüzü çeçen kimi aparın. Belə şeylər yazmayın. Kişilər, öz qadınlarınızı WhatsApp-dan yığışdırın."
Çeçen liderinin belə yazması bu günlərdə 57 yaşlı polis rəisi ilə 17 yaşlı qızın evlənməsinə sosial mediada çox kəskin reaksiyalarla bağlıdır.
Ramzan Kadyrov bundan əvvəl də WhatsApp-ın çeçenlərə mənfi təsirindən danışırdı və deyirdi ki, İslam Dövləti təşkilatı çeşenlər arasında özünə tərəfdarları bunun vasitəsilə yığır.
Qarabağ veteranı özünə niyə od vurdu?
Müharibə əlilləri İB-nin sədri Furudin Məmmədovun sözlərinə görə, müharibə veteranı döyülməsi və təhqir olunması ilə bağlı bir neçə dəfə polisə, prokurorluğa və rayon icra hakimiyyətinə müraciət etsə də etinasızlıqla qarşılanıb:
“ Mirtahir Mürsəlov Göytəpə şəhərində yaşayırdı. Bir müddət öncə bir neçə şəxs onu təhqir edərək, alçaldaraq döymüşdü. Bununla bağlı o, bir neçə dəfə rayon polisinə və prokurorluğa müraciət etmişdi. Həmin müraciətlər araşdırılmamıışdı. Mayın 18-də həmin şəxslər Mirtahiri yenə təhqir edib döyüblər. O, mayın 19-da bir daha prokurorluğa və polisə gedib. Hər iki orqan onun müraciətinə laqeyid yanaşıb. Polis şöbəsində rəhbərliklə görüşmək istəsə də onu qəbul etməyib, aşağılayıblar. O da müharibə veteranıdı, əsəbləri tab gətirməyib, təhqir olunmasına dözə bilməyib. Elə şöbənin qarşısında üzərinə benzin töküb və özünü yandırıb". "Ümid edirik ki, prezident bu məsələni diqqətdə saxlayacaq”. AzadlıqLive-da
Avropalı komissar: "Biz idiot (axmaq) deyilik"
Turan informasiya agentliyinin məlumatına görə, Riqada Avropa İttifaqının Şərq tərəfdaşlığı sammiti ərəfəsi Avropa Şurasının insan hüquqları üzrə komissarı Nils Muiznieks azərbaycanlı jurnalistlərlə söhbət edərkən hökumətyönlü telekanalın nümayəndəsi ona belə bir sual verib ki, "Avropa Şurası Azərbaycan hökumətinin fikrini nəzərə alırmı yoxsa onun üçün fərqi yoxdur?”
Avropalı komissar deyib ki, bu fikirlə razı deyil və bununla bağlı rəsmi Bakı ilə mübahisə edəcək.
“Baxın, burada iki variant mümkündür: ya Avropa Şurasında idiotlar oturur və separatçılar, narkomanlar, intihar edənlər və inqilabçılarla əməkdaşlıq edir, ya da Azərbaycanın hüquq sisteminin vəziyyəti çox pisdir. Mən sizi əmin edə bilərəm ki, biz idiot deyilik” - N.Muiznieks belə deyir.