-
"Ədəbi Azadlıq-2015" müsabiqəsinin şeir 20-liyindən
Günel Eyvazlı
İndidən keçmişə
Qoxladıqca (qoxular xatirələri yaşadır)
Üst-başında,
paltarlarının arasında
nə isə axtarırsan.
Elə bil dünən olub.
Əllərin onun saçlarında gəzişirdi,
Bir də yanaqlarında.
Xatırlamaq unutmaqdan gözəldir.
Ən azından keçmişində
Çox sevdiyin qadın olub.
Çox güləyən, çox ağlağan.
Bir də pıçıltısı ilişib qalıb
qulaqlarında.
“Məni heç vaxt unutmayacaqsan!”
Hər şey
keçəcək.
Bircə keçməyən keçmişdir.
Eyni skamyada səninlə əyləşib.
Nədənsə yenə kitab haqqında danışır.
(heç yeri deyilmiş, məsələn)
İndini unutdurur
Səni geriyə qaytarır...
Qayıt...
Hələ də oradadır.
Eyni ağac altında.
Yağış yağır...
Payızdır...
Üşüyür...
Qaçdıq
Mənim ağrılarım
dünyanın heç bir dilinə tərcümə edilə bilməz.
Bizi cərgə ilə düzdülər.
Sonra güllələdilər.
Bir-birinə top atırdı uşaqlar.
Susdular qaçdılar.
Sonra biz qaçdıq.
Saçımız ilişdi barmaqlıqlara,
Saçımızı qoyub qaçdıq.
Mənim sükutum
dünyanın heç bir dilinə tərcümə edilə bilməz.
Bizi cərgə ilə düzdülər
Sonra güllələdilər.
Hamımız bütümüzü ağuşumuza aldıq
Qaçdıq…
Başmağımız daşa ilişdi
Ayağımızı qoyub qaçdıq.
Mənim göz yaşlarım
dünyanın heç bir dilinə tərcümə edilə bilməz.
Bizi cərgə ilə düzdülər,
Sonra güllələdilər.
Qırmızı bayraqlara büründük
Qaçdıq...
Ağlımız orada ilişib qaldı.
Başımızı qoyub qaçdıq.
Mənim dediklərim,
dünyanın heç bir dilinə tərcümə edilə bilməz.
Bizi cərgə ilə düzdülər
Güllələdilər…
Öldürmədilər!
Özümüzdən aparmadıq.
Qaçdıq… Qaçdıq…