Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 16:38

Havada bahar


-

"Ədəbi Azadlıq-2015" müsabiqəsinin şeir 20-liyindən

Oğuz Ayvaz

HAVADA BAHAR

baharın ilk günü,

nə sevgilim var,

nə beş qəpiyim,

küçələr adamlarla dolu,

pişiklər dadanıb,

ət dükanına

qəssab əsəbidi

əlində balta

qənim kəsilib pişiklərə,

müştərilər səbrsizdir,

qəssab köməkçisi

başını itirib

hamı bir ağızdan bağırır,

qorxuram bir azdan polis gələcək bura.

havada bahar,

nə sevgilim var,

nə beş qəpiyim,

pişiklər özünü

ayaqlarıma sürtür, miyoldayır...

hara gedəcəyim naməlum

bu azmış kimi konturum da yox,

dostlar məni axtarmır,

bəlkə də onlar da

pişiklərin günündədirlər,

adamlar kurtkalarını çıxarıb

əllərində tutublar...

uşaqlar məhəllədə qurulmuş

çadırın ətrafında fırlanır,

hoppanıb-düşür, gülür.

Qadınlar çadırın içində

əllərini dizinə çırpır:

dil deyir, ağlayır, zarıyır...

havada güllərin qoxusu,

küçələr getmədiyim

şəhərlərə bənzədi...

nə sevgili var,

nə cibdə pul.

qarşıma çıxan adamlar da

ölüm xəbərlərindən danışır...

2015-ci il

XS
SM
MD
LG