-
"Ədəbi Azadlıq-2015" müsabiqəsinin şeir 20-liyindən
Könül Həsənqulu
AQNOSTİK MƏBƏDİ
Mənim rütubətli təkliyim
Məbədə çevirdi bu uçuq evi.
İndi dinsiz məbəddir evim...
Gecənin lal qaranlığında
Duyursanmı Şimalda kilsə zənglərini?
Odur mənim nəbzim...
Çırpınır boynumun şah damarında.
Mənim dinsiz məbədimdə siqaret kötükləri
Yarışır kilsə şamlarıyla;
Hər közərtisində yanır eyni dua,
Çəkilir ciyərlərimə
Üflənir pəncərədən küləyin arfasına –
Tel-budaq yanvar ağaclarına...
İbadəəət –
Mənim dodaqlarımda!
Gecənin kor qaranlığında
Bir alışar,
Bir sönər o vəhşi dua
Dodaqlarımın arasında.
Mənim közərən gecəmdə
Ulayır sübhəcən bir həzin sancı –
Bıçaqtək sancılıb sinəmə
Bu körpə çığırtıları...
Mənim dinsiz məbədimdə
Sonsuz səmadır indi qara külqabı –
Sonuncu siqaret kötüyü ilə
Sökürəm dan yerini ilmə-ilmə...
Yuxulayır dilimdə o vəhşi dua...
Yumub dodaqlarımı
Qıvrılıb yatıram ağrıların ağuşunda.
CİTY LİFE
İ.Brodskiyə
Düşündüklərimin,
Demək istədiklərimin
Və dediklərimin arasında
Bir şəhər salmaq olar, İosif ata!
İndi deyin görək,
Unudulmaqmı daha ağırdır,
Özündən parçalanmaqmı yoxsa?
Qorxum var
Paytaxt mərkəzində yürüməkdən;
Yürüdükcə
Zəncir səsləri eşidirəm...
Şizofreniya?!
Deyil!
Bakımız çox gözəldir,
Gəl ki hər bucağında
"Orta əsr oyuncaqları" gözümə girir.