-
«Azərbaycana qara yaxmaq, imicinə beynəlxalq aləmdə təsir göstərmək, bugünkü inkişafına mane olmaq üçün müxtəlif addımlar atırlar. Dünyanın bəzi yerlərində buna şərik çıxanlar da var. Bu baxımdan, Birinci Avropa Oyunları ərəfəsində gedən proseslər də bu xarakterdən, bu səciyyədəndir».
Bunu «Azernews» qəzetinə və Trend-ə müsahibəsində Prezident Administrasiyası xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.
«Hansı dövlət ki, güclüdür, o daha çox öz imkanlarından istifadə etmək istəyir, beynəlxalq hüquq norma və prinsiplərindən yox. Hansı dövlət ki, güclü inkişaf edir, ona qarşı bir qısqanclıq, paxıllıq yaranır, onun qarşısını almaq üçün sanki müəyyən addımlar atılır. Hansı dövlət nə qədər zəifdirsə, bacarıqsızdırsa, imkanı yoxdursa, ondan istifadə etmək asandır. Ona görə də bir sıra böyük dövlətlərin marağındadır ki, digər dövlətlər zəif, problemlər içərisində olsun, onlara kömək, yardım adı ilə istədiklərinə çatsınlar. Bu baxımdan əlbəttə ki, Azərbaycanın inkişafı bu gün müxtəlif dövlətlərin, müxtəlif dairələrin çox ciddi qısqanclığına səbəb olur» - N.Məmmədov bildirib.
PA rəsmisi deyib ki, Azərbaycana qarşı kampaniya «Eurovision» mahnı müsabiqəsi zamanı da edilib.