AXCP lideri Əli Kərimli və Milli Şuranın sədri Cəmil Həsənli aksiyaçılara qoşulur
Yanmış binanın şəklini cırıblar
Polislər aksiyada qaldırılacaq yanmış binanın şəklini cırıblar. Deyiblər ki, mitinqdə belə şəkillər qaldırmaq olmaz.
Bu haqda AzadlıqRadiosuna mitinqin təşkilatçılarından biri, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı məlumat verib.
«Qaldırılan şüarlara polisin müdaxilə etmək hüququ olmasa da, bunu edir», - Fuad Qəhrəmanlı bildirib.
Aksiya iştirakçıları maneəsiz meydana buraxılır. Aksiyaçılar «Hakimiyyət oddan təhlükəli», «Ucuz hakimiyyətin bahalı oyunları», «Siyasi məhbuslara azadlıq» şüarları qaldırıb.
Milli Şura «Xilas olaq» şüarı altında mitinqə başlayır
Milli Şura «Məhsul» stadionunda «Xilas olaq» şüarı altında mitinqə başlayır. Aksiyaya hazırlıq işləri artıq başa çatıb.
Təşkilatçıların verdiyi məlumata görə, Milli Şuranın bundan əvvəlki aksiyalarında tribunanın önündə asılan «Talana Son» şüarını polis cırıb. Ona görə də, bu dəfə tribunanın önündən «Siyasi Məhbuslara Azadlıq» şüarı asılacaq.