-
Amerikada təhsil almaq və iş təcrübəsi qazanmaq qərarına 2013-cü ildə gəldim.
Əslində mənim Avropa təhsilim vardı, amma yenə də Amerikada təhsil almaq istəyim qəti idi.
Durğunluq yaşayırdım, sanki yeni bir şeylər öyrənmək imkanları tükənmişdi.
Üstəlik ölkədəki siyasi-ictimai vəziyyət və Bakının gündəlik stresləri olduqca dözülməz həddə çatmışdı mənimçün.
Həm gedib təhsilimi artıracaqdım, həm də necə deyərlər, bir az “nəfəs” alacaqdım.
2014-cü ilin mart ayında Berkeley Universitetindən qəbul aldım. Sevinirdim. Amma həm də kədərlənirdim. Mən əslində sərhədlərə inanmıram.
Biz insanlar uydurmuşuq bütün sərhədləri. Amma yenə də insanın doğulub böyüdüyü vətənini arxasında qoyub getməsi asan deyil.. Beləcə duyğularım çox qarışıq olsa da qərarım qəti idi, gedəcəkdim!
Amma getmək üçün əngəllər təkcə mənəvi deyildi, həm də maddi idi. Bəli, pulum yox idi və qəbul olduğum məktəbin bir tək təhsil haqqı 53 min dollar idi və üstəlik yaşamaq xərcləri...
Nə az, nə çox, düz 73 min dollara ehtiyacım var idi. Bu pulla ən az üç qızı yerli standartlara görə ortabab cehizle gəlin koçürərmək olar...
Amma yenə də israrlı idim. Mən dünyanın ən yaxşı on məktəbindən birinə qəbul almışdım, bu şansı əldən verə bilməzdim.
Üstəlik Berkeley Universiteti Amerika Birləşmiş Ştatlarının ən liberal məktəbidir və Amerikada bir çox azadlıq hərəkatları məhz bu məktəbdə başlayıb. Təsəvvür edirsinizmi, insan hüquqlarına inanan bir insan üçün bu universitet nə deməkdir?!
Aynur Cəfər. Ədalət axtarışında- [video]
Hüquqşünas. Bakı Dövlət Universiteti və Oslo Universitetinin məzunudur. İnsan hüquqları üzrə ixtisaslaşıb. Bir sıra yerli universitetlərdə mühazirə oxuyub
Odur ki, pul tapmaq lazım idi. Bizim təhsil nazirliyinin təqaüd proqramına müraciət etmək qərarına gəldim.
Niyəsə bütün baş verənlərə, bizim hökumətin səmimiliyinə olan inamsızlığıma rəğmən içimdə sadəlöhv bir ümid var idi, mənə təqaüd verəcəklərinə inanırdım.
Niyəsə düşünürdüm ki, gənc bir Azərbaycan qadınının belə mötəbər bir məktəbdə oxuması ideyası bizim hökumətin siyasi ambisiyalarına güc gələcək. Elə bu inamla da yola çıxdım. Bütün sənədlərimi hazırlayıb Nazirliyə təqdim etdim.
Sənədlərimi qəbul etdilər və məni müsahibəyə dəvət etdilər. Müsahibə prosesini keçdim. Bu o demək idi ki, Nazirlik mənim təqaüd proqramına namizədliyimi qəbul etmişdi. Bu bilirsinizmi nə idi mənim üçün?! Bu sadəcə pul deyildi, bu həm də gələcəyə inam idi.
Ölkədə hələ də müsbət dəyişikliklərin olacağına balaca da olsa ümid idi... Yeni nazirin qətiyyətinə inam idi. Amma hələ aysberqin görünməyən tərəfi vardı... İyun ayında namizədliyimin təsdiq olunması üçün sənədlərimi prezident administrasiyasına göndərilməsi barədə Təhsil Nazirliyindən qeyd aldım.. İyun ayı bitdi amma administrasiyadan xəbər çıxmadı.
İyul da başa çatdı. Amma mənim namizədliyim hələ də havada asılı idi. Administrasiya mənə nə hə, nə də yox deyirdi. Nəhayət avqust gəldi. Dərslərin başlaması yaxınlaşırdı artıq, mənimsə nə təqaüddən cavabım var idi, nə də pulum...
Bir səhər yuxudan oyandım və düşündüm ki, heç kim və heç nə mənim qarşımı kəsə bilməz bu yolda.
Nə olursa olsun, mən Berkeleyə gedəcəm! Bütün sənədlərimi hazırlayıb viza üçün müraciət etdim. Bütün əlimdəki pulları nəğdləşdirdim. Balaca bir maşınım vardı, onu satdım. Biletimi aldım və San Fransiskoya yola düşdüm.
Berkeleyə gələr gəlməz ilk işim Universitetin administrasiyası ilə danışmaq oldu. Durumu izah etdim. Namizədliyimin havadan, daha doğrusu prezident administrasiyasından asılı olduğunu bildirdim.
Əslində hər tələbə 1 sentyabr tarixədək təhsil haqqının ən az 20% məbləğini ödəməlidir. Berkeley Universiteti vəziyyətimi anlayışla qarşılayıb mənə vaxt verdi və bildirdi ki, prezident administrasiyasından cavab gələnədək gözləyəcək. Noyabr ayının 15-dək nazirlikdən səs-soraq çıxmadı.
Düzü artıq elə də ümidli deyildim. Nə də olsa Azərbaycan hökumətinin siyasətini bəyənmədiyim ortada idi və keçmiş müdirim, çox əziz dostum İntiqam Əliyev də mən Amerikaya yola düşməzdən beş gün öncə həbs olunmuşdu.
Məhz o da baş verən siyasi hadisələri bəyənmədiyi üçün həbsdə idi. Artıq demək olar ki, əmin idim, məhz siyasi görüşümün fərqliliyinə görə öz halal haqqım olan bu təqaüdü mənə verməyəcəkdi hökumət.
Nəhayət 15 noyabr tarixdə yenidən nazirliyə zəng etməli oldum və məlum oldu ki, prezident administrasiyası mənə təqaüd verməkdən imtina edib. Nazirlik isə əziyyət çəkib bu məlumatı mənə verməyi belə özünə rəva bilməyib...
Görünür gənc bir Azərbaycanlı qızın dünyanın ən nüfuzlu məktəblərindən birində hüquq təhsili alması heç də maraqlı deyildi bizim hakimiyyət üçün...
Durum çox ciddi idi. Təhsil haqqının ən az yarısını ödəməli idim artıq. Universitetdən mənə təqaüd vermələrini xahiş etmək gəlirdi bəzən ağlıma, amma bilirdim ki, bunun alınması mümkün deyil.
Ən az ona görə ki, Berkeley Universiteti özəl universitet deyil və çox nadir hallarda təqaüd verir. Odur ki, bu məsələni heç açmamaq qərarına gəldim. Bircə əlacım qalmışdı.
ABŞ banklarının birindən borc götürmək.. Təkrar Universitetə baş vurdum, vəziyyəti təfarrüatı ilə izah etdim, mənə borc götürməkdə kömək etmələrini xahiş elədim.
Universitetdən mənə bildirdilər ki, borc elə də asan deyil və belə bir riski üzərimə götürməməyi və bir az gözləməyi tövsiyə etdilər. Bu hadisədən təxminən bir həftə keçmişdi, bir gün bir e-mail aldım. Berkeley Universiteti yazırdı:
"Əziz Aynur,
Sizin bütün təcrübənizi, təhsilinizi, eləcə də ölkənizdəki siyasi durumu detallı incələdik və belə qərara gəldik ki, Berkeley Universiteti olaraq, yaşamaq xərcləriniz xaric, sizin təhsil haqqınızı qarşılayaq.
Berkeley Universiteti bütün tarix boyu ifadə azadlığı uğrunda mübarizə aparıb! Və biz indi icazə verə bilmərik ki, bizim öz tələbəmiz məhz fərqli fikrinə görə ayrı-seçkiliyə məruz qalsın.
Bu təqaüd sizin üzərinizə heç bir öhdəlik qoymur. Sadəcə tutuğunuz yolla davam edin və bizi hər zaman qürurlandırın!”
Gözlərimə inanmırdım. Universitət mənə nə az, nə çox, düz 53 min dollar təqaüd vermişdi. Ən çətin anımda mənə əl uzatmışdı...
Gözlərimə inanmırdım. Universitət mənə nə az, nə çox, düz 53 min dollar təqaüd vermişdi.
Ən çətin anımda mənə əl uzatmışdı. Öz hökumətimdən fəqrli olaraq mənim təhsilimə dəstək olmuşdu.
O an yaşadığım hissləri sözlə ifadə edə bilmərəm. Bu mənimçün çox böyük hadisə idi! Çox böyük bir dəstək almışdım.
Universitetim məni darda qoymamışdı, öz hökumətim mənə arxa çevirdiyi halda o, arxamda olduğunu göstərmişdi! Amma təkcə bununla iş bitmirdi. Berkeley mənim bu günədək gəzdiyim, yaşadığım ən bahalı yerlərdən daha bahalıdır.
Universitetin təqaüdünə sadəcə təhsil haqqı daxil idi və bütün digər xərclərimi özüm ödəməli idim. Artıq ilk gündən başa düşürdüm ki, əlimdəki pulla çox uzun müddət idarə edə bilməyəcəm durumu.
Odur ki, işlərə baş vurdum və üç fərqli işdə işləməyə başladım.
Bir işim insan huquqları mərkəzində araşdırmaçı (researcher), biri Professorlarımdan birinin köməkçisi, digəri isə kitabxanada kitabların qeydiyyatını aparmaqdan ibarət idi.
Hamısı bir arada həftədə 20 saat işləməli idim. Üstəlik semestr ərzində beş dərs. ABŞ təhsil sistemi barədə məlumtlı olanlar bunun nə demək olduğunu əminəm ki, çox yaxşı anlayırlar...
Bu qətiyyən asan deyildi. Fiziki olaraq olduqca yorucu idi. Mənim hər günüm səhər saat 6-da başlayıb gecə saat 1-də bitirdi. Ən yaxşı halda sutka ərzində 5-6 saat yatmaq imkanım olurdu.
Bəzən gecə 12-də kitabxanadan çıxıb evə gəlirdim. O qədər yorğun olurdum ki, yorğunluqdan ağlamaq istəyirdim. Amma elə yorğunluqdan da gücüm olmurdu ağlamağa, başımı bir təhər yastığa atıb sızırdım.
Mən beləcə düz bir il yaşadım və sevimli məktəbimdən məzun oldum. Bu məzuniyyət həyatımın ən xoşbəxt günlərindən biri idi deyə bilərəm. Çünki arxasında möhtəşəm bir təhsil və bir illik bir mübarizə dururdu.
Bu bir il mənim həyatımın ən dəyərli təcrübəsi oldu. Sadəcə akademik deyil, tam bir həyat dərsi aldım. Özümü, mübarizə gücümü və iradəmi daha yaxından tanımaq şansım oldu. Və bütün çətinliklərə baxmayaraq bu təhsil yolunda təslim olmamaq duyğusuna sığınıb xoşbəxt olmağı təcrübə etdim
Bu bir il mənim həyatımın ən dəyərli təcrübəsi oldu. Sadəcə akademik deyil, tam bir həyat dərsi aldım.
Özümü, mübarizə gücümü və iradəmi daha yaxından tanımaq şansım oldu.
Və bütün çətinliklərə baxmayaraq bu təhsil yolunda təslim olmamaq duyğusuna sığınıb xoşbəxt olmağı təcrübə etdim.
Və iki gün öncə oxudum ki, parlamentimiz xaricdə təhsilin lazımsız olduğunu bildirib... Bəli, onlar üçün bu lazımsızdır. Hardan bilsinlər ki, lazımli olduğunu?!
Normal təhsili olmayan insanlar, bu yolu keçməmiş biriləri hardan bilə bilərlər ki, onun nə demək olduğunu?! Bu absurd fikirlərə nəsə şərh etmək belə gülünc gəlir mənə.
Mənim sözüm zatən onlara deyil. Mənim sözüm hələ də içində işıq olan, oxumaq arzusu olan gənclərədir. Qoyun sizə bu lazımsızdir desinlər! Qoyun sizi bu yoldan çəkindirmək üçün hər yola əl atsınlar, qarşınıza min bir maneə barikadaları çəksinlər!
Siz təslim olmayın! Gedin və özünüzə bu möhtəşəm təhsilin bir parçası olmaq şansı verin. Bu elə bir dəyərli bilikdir ki, sizi nəinki iş dünyasına, həm də həyata hazırlayacaq.
Berkeleydə oxuduğum müddətdə mən hər gün öz-özümə sual verirdim, mən doğrudanmı bu möhtəşəm məktəbdə oxuyuram, bu möhtəşəm professorlardan dərs alıram?! Bir gün həm Avropa, həm də Amerika təhsilində təcrübə etdiklərim haqqında daha ətraflı yazacam. Hələliksə əsas mesajım budur, qərb təhsilini mütləq və mütləq alın. Və çətinliklərdən zərrə qədər qorxmayın!
Sizin təqaüd pullarınızı qoyun öz aralarında bölüşdürsünlər, necə ki, mənimkini bölüşdürdülər... Amma siz yenə də təslim olmayın. Bütün mümkün mənbələrə baş vurun! Başqa təqaüd proqramlarına müraciət edin. Mənim kimi üç işdə, lap dörd işdə çalışın.
Tamam, yorulacaqsınız, çətin olacaq, bir gün yorulub pəs etmək haqqında belə düşünəcəksiniz, amma qətiyyən vaz keçməyin!
Bu təhsil daha yaxşı ölkə və daha yaxşı gələcək qurmaq üçün çox dadımıza çatacaq, inanın mənə! Məzuniyyət gününüzdə qəlbiniz sinənizə sığmayacaq qürurdan. Və düşünəcəksiniz, “DƏYƏRMİŞ! Bütün çətinliklərə, əziyyətlərə dəyərmiş!”
Aynur Cəfər
31.05.2015 Berkeley, ABŞ
HƏMÇİNİN OXUYUN: