Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 20:31

Tərtər sakini: "Məktəbin həyətində inək saxlayır deyə, küçələr susuz qalıb"


Arxiv fotosu
Arxiv fotosu

-

"Bir inək alıb verib qarovulçuya... Qarovulçu da inəyi elə məktəbin həyətində saxlayır. Məktəbin həyətində inək saxlayarlar?.. Suyu buraxırlar stadiona, otlar tez yekəlsin, inək otlasın deyə... Küçələr qalıb susuz".

Bunu AzadlıqRaqdiosunun "Qaynar xətt"inə Tərtər rayonu, Tofiq İsmayılov küçəsinin sakini Etibar Ələkbərov deyir. Onun sözlərinə görə, yaşadığı və ətraf küçələrə gedən suyun ana xətti yaxınlıqdakı məktəbin həyətinə düşür. Ancaq məktəbin qarovulçusu səhərdən axşamadək gah stadionu sulayır, gah da məktəb həyətinin digər yerlərini. Bu üzdən də küçələrə su gedib çıxmır.

"BİZİ SUSUZ QOYMAQLA CƏZALANDIRIR"

"Dəfələrlə məktəb direktoruna müraciət eləmişik ki, a kişi, get inəyi həyətində, bağında, bostanında saxla. məktəb inək yeri deyil. Biz dindikcə, danışdıqca, o da bizi susuz qoymaqla "cəzalandırır". Biz şikayət etdikcə, bunlar daha da üstünə qoyurlar. Yəni demək istəyirlər ki, biz heç kəsdən çəkinmirik. Görmüşük ki, adam şikayətdən nəticə çıxarar, bir özünə yığışar".

Şikayətçi deyir, küçə sakinləri yığışıb rayonun icra hakimiyyətinə, hətta Bakıya - Prezident Administrasiyasına da yazıblar. Ancaq nə hikmətdirsə, bir inəklə və bir məktəb direktoruyla heç kəs bacarmır:

"Nə təhsil şöbəsi, nə icra hakimiyyəti, heç kəs bu adama gözün üstə qaşın var demir. Keçmiş icra başçısının qohumudur, elə o vaxtdan bizə zülm edir".

Etibar Ələkbərovun deməsinə görə, küçələrdə susuzluq əslində azı 10 ildir ki, hökm sürür. Amma:

"Ancaq heç olmasa aradabir su görürdük. İndi günlərlə, həftələrlə su gəlmir. Qarşısını məktəbdən alırlar. Kimsə orda inək saxlayır, biz suyu maşınla almalı oluruq. Küçələrdə natəmizlik baş alıb gedir. Çünki suyu yalnız içməyə alırıq, məişətdə işlətməyə yox".

"CƏBHƏÇİDİR, ƏSASSIZ ŞİKAYƏTLƏR EDİR"

Tərtərin icra hakimiyyətindən bildiriblər ki, Etibar Ələkbərov cəbhəçi olduğuna görə tez-tez müxtəlif dövlət qurumlarına yersiz və əsassız şikayətlər yazır. Gəlib yoxlayanda təsdiqini tapmır.

"Ancaq bununla belə yenə də bu məsələni diqqətdə saxlayıb məktəbdəki vəziyyətlə də, həmin küçənin su problemi ilə də maraqlanarıq".

Etibar Ələkbərov isə deyir ki:

"İnanmırlarsa, məndə məktəbin həyətində inək otarıldığını təsdiqləyən video da var, istənilən yerə təqdim edə bilərəm".

Təörtərin təhsil şöbəsindən məsələni araşdırcaqlarını bildirdilər.

XS
SM
MD
LG